• cümə axşamı, 28 mart, 18:58
  • Baku Bakı 13°C

“Azərbaycanın Avrasiyanın tranzit-nəqliyyat habına çevrilmək üçün bütün şansları var”

01.02.17 10:00 942
“Azərbaycanın Avrasiyanın tranzit-nəqliyyat habına çevrilmək üçün bütün şansları var”
Tək regionun deyil, dünyanın ən iri nəqliyyat sistemlərindən biri kimi qəbul olunan Bakı-Tbilisi- Qars dəmir yolu xətti dünya mediasının diqqət mərkəzindədir. Cənubi Qafqazın dəmir yolu xəttini tək Türkiyə deyil, Avropa nəqliyyat sistemi ilə birləşdirəcək bu şəbəkəyə perspektivdə Asiya ölkələrinin də qoşulması nəzərdə tutulub. Rusiyanın "Nezavisimaya qazeta” nəşri yazır ki, Azərbaycan, Gürcüstan və Türkiyə, Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində baxılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi ilə bağlı işləri sürətləndiriblər.
Çinin bu yaxınlarda Rusiya ərazisindən Böyük Britaniyaya dəmir yolu yüklərini daşımağa başlaması layihə iştirakçılarını inşa işlərini sürətləndirməyə vadar edib. Bu, Çindən Londona gedib çıxacaq ilk ticarət qatarı olub. 12 min km. məsafəni qət edən qatar 18 gündən sonra bütün Avrasiya məkanından keçərək Böyük Britaniya paytaxtına gedib çatıb. "Şərq küləyi” qatarı Qazaxıstan, Rusiya, Belarus, Polşa, Almaniya, Belçika və Fransadan və nəhayət, La-Manş boğazından keçməklə Londonda son dayanacağını edib. 34 vaqondan ibarət qatar Böyük Britaniyaya bütövlükdə 68 yük konteyneri çatdırıb. Nəşrin yazdığına görə, ilk aylarda həftədə bir dəfə reys həyata keçiriləcək. Avropadan isə Çinə qatar ət, şərab və digər məhsullar çatdıracaq.
Rusiya nəşri yazır ki, bu hadisə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin iştirakçıları olan Bakı,Tbilisi və Ankaranı yolunun reallaşdırılması işlərini sürətləndirməyə məcbur edib. Qəzetə açıqlamasında "Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər ki, Gürcüstan praktiki olaraq dəmir yolu xəttinin öz ərazisindən keçib gedəcək hissəsində işləri başa çatdırıb. Burada hələ ötən ilin sonlarında dəmir yolu xəttində test-sınaq işləri aparılıb. "Gürcüstanda dizel yanacağı ilə işləyən bir neçə lokomativ türk sərhədinə kimi işə salınıb. Ahalkalaki stansiyasında isə yük qatarlarının təkərləri dəyişdirilib. Məlumata görə, bu göstərici 1520-dən 1435 mm-ə kimi aşağı salınıb. Bundan əlavə, iritonnajlı konteynerlərlə bağlı test işləri bir vaqondan digər vaqona 40 tonluq qaldırıcı kranların köməyi ilə uğurla başa çatdırılıb”, - deyə Azərbaycanın Dəmir Yolu idarəsindəki mənbə Rusiya nəşrinə açıqlamasında bildirib. Həmin mənbənin sözlərinə görə, əlverişsiz hava şəraitinə baxmayaraq, dəmir yolu xəttinin Türkiyə hissəsində də işlər sürətlə gedir. Məlumata görə, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin 95 faizi başa çatıb. O da qeyd edilib ki, dəmir yolunun tikintisi Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslanın nəzarətində davam edir. Tikinti işləri 30 dərəcə şaxtada iki növbəli olmaqla, magistralın müxtəlif hissələrində aparılır.
Qeyd edək ki, bir müddət əvvəl türkiyəli nazir dəmir yolunun tikintisinin iki-üç ay ərzində başa çatacağını demişdi. Türkiyənin baş naziri Binəli Yıldırım isə bu günlərdə bəyan edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu bu ilin birinci rübünün sonunda istifadəyə veriləcək. Baş nazir əlavə edib ki, dəmir yolu xətti ilə bağlı hazırda son tamamlama işləri aparılır.
O ki qaldı Bakıya - Rusiya nəşri xüsusi vurğulayır ki, Asiyadan Avropaya keçib gedəcək yüklərin qəbuluna və tranzitinə hazır olan Azərbaycan tərəfi Çindən Böyük Britaniyaya Rusiya ərazisi ilə keçib gedəcək dəmir yolu dəhlizini ciddi maneə kimi nəzərdən keçirir. Müəllif hesab edir ki, bu layihə rəsmi Bakının onun ərazisindən iri həcmdə beynəlxalq yüklərin keçib gedəcəyi planlarına uyğun deyil. Lakin ekspertlər hesab edir ki, Çinin bu layihəsi rentabelli deyil və çox uzun məsafə qət edir. Daha çox məsrəf sərf edilən və baha başa gələn bu layihənin iqtisadi rentabelliyi çox aşağıdır. Bir də ki, Azərbaycan yüklərin tək Çindən deyil, Qazaxıstan, Hindistan və s. ölkələrdən də nəqlinə hazırlaşır. Qeyd olunur ki, Azərbaycan həm də Asiya bazarlarına, eləcə də Avropanın cənubuna yüklərin sürətli daşınmasını həyata keçirə bilər.
Rusiya nəşrinə açıqlamasında İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, Çinin təşəbbüsü ilə ortaya atılan və Azərbaycanın da fəal iştirak etmək istədiyi "Yeni İpək yolu” layihəsi tək Qərbi Avropanı deyil, Şərqi və Cənubi Avropanı da Asiya ilə birləşdirməyi nəzərdə tutur. "Digər tərəfdən Türkiyə kimi bir ölkə üçün öz məhsullarını Asiyaya ixrac etmək çox əhəmiyyətlidir. Belə yükdaşımaları isə Azərbaycan vasitəsilə reallaşdırmaq mümkündür. Bundan əlavə, bir sıra ölkələr bizim ölkəmiz vasitəsilə yüklərinin daşınmasında maraqlıdırlar. Bu, iqtisadi cəhətdən çox mənfəətlidir”, - deyə ekspert vurğulayıb. Onun qənaətincə, Azərbaycanın coğrafi mövqeyi ölkənin Şərq və Qərb arasında körpü rolunu oynamasına imkan verir. "Bundan əlavə, region kifayət qədər yüksək idxal-ixrac imkanlarına malikdir. Bundan çıxış edərək deyə bilərik ki, "Yeni İpək yolu” yeni iş yerlərinin açılması və Azərbaycanın əlavə gəlirlər əldə etməsi üçün geniş imkanlar yaratmaq imkanına malikdir”, - deyə ekspert vurğulayıb.
"Nezavisimaya qazeta” yazır ki, bu mövqedə olanlar arasında "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov da var. "Yeni İpək yolu” layihəsini şərh edən C.Qurbanov vurğulayıb ki, Rusiya, Azərbaycan və Qazaxıstan sərhədlərini keçən bu layihə vasitəsilə Avropaya çıxış əldə olunur. "Avropa və Çin arasında yük dövriyyəsi 100 mln. tondur. Lakin bu göstərici artmaqda davam edəcək. Onun inkişafı ilə nəqliyyatda da tələbat artacaq”, - deyə idarə rəhbəri vurğulayıb. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bu marşrutun problemsiz, yüksək səviyyədə fəaliyyət göstərməsinə öz töhfəsini verəcək. Bununla belə, ekspertlər proqnoz edirlər ki, nəqliyyat dəhlizi ilə yüklərin daşınmasının pik həddi il ərzində 17 mln. ton olacaq. Özü də birinci mərhələdə bu yükdaşımaların həcmi il ərzində 5 mln. tonu keçməyəcək. Lakin perspektivdə bu göstərici 20 mln. tona kimi yüksələ bilər.
Nəşrdə daha sonra qeyd edilir ki, Bakı-Tbilisi-Qars dəmir yolu və "Şimal-Cənub” nəqliyyat layihələri rəsmi Bakının yeni iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, qeyri-neft sektorunun inkişafına yönəlib və perspektivdə Azərbaycanın Avrasiyanın tranzit-nəqliyyat habına çevrilmək üçün bütün şansları var. Bu istiqamət üzrə yüklərin nəqlində bir sıra variantlar nəzərdən keçirilir. Bunlardan biri də Xəzər dənizinin şimal hissəsi ilə Rusiya ərazisindən keçir, digər variant isə Xəzər dənizi ilə bərələrlə, oradan isə Azərbaycan, Gürcüstan ərazisi ilə Türkiyə və oradan da Avropa ölkələrinə nəqli nəzərdə tutur.
Azər
banner

Oxşar Xəbərlər