• cümə axşamı, 28 mart, 21:04
  • Baku Bakı 13°C

Azərbaycanın 100 illik hüquq bərabərliyi

13.12.18 13:30 1066
Azərbaycanın 100 illik hüquq bərabərliyi
"Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə, ən böyük məmləkət qədər güclü olar”. Bu cümlə hüququn, bir ölkənin tarixində nə qədər böyük əhəmiyyət kəsb etdiyinin göstəricisidir. Təsadüfi deyil ki, müasir dünyada dövlətin üstünlüyünü, ölkədə konstitusiya yolu ilə təsbit edilmiş hüquq və azadlıqlar sisteminin mövcudluğu müəyyən edir. Başqa sözlə, bütün demokratik prinsiplərin - siyasi plüralizm, söz azadlığı, sahibkarlıq azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquqi bərabərliyini təmin edən ölkələr ideal sayılır.
AXC və hüquq bərabərliyi
Azərbaycanda hüquq bərabərliyinin təmin olunmasının tarixi 100 ilə əvvələ gedir. Bu il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti (AXC) xalqımıza XX əsrdə hüquqi dövlətçiliyin və sivil demokratiyanın ənənələrini bəxş edib. 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan olundu və Milli Şura tərəfindən "İstiqlal Bəyannaməsi” qəbul edildi. Həmin Bəyannamədə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olması, ali hakimiyyətin xalqımıza məxsusluğu, bütün vətəndaşlara heç bir əlamətə görə ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqlar verildiyi təsbit olundu. Müsəlman Şərqində və türk dünyasında ilk Parlamentli Respublika olmaqla, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi Cümhuriyyətin yürütdüyü siyasətin məzmunudur. Bundan əlavə, "Azərbaycan Parlamentinin yaradılması haqqında” qanunda respublika ərazisində yaşayan bütün xalqların bərabər seçki hüququ təsbit edildi. Tarixi faktlar sübut edir ki, Birinci Dünya Müharibəsindən sonra qadınların səsvermə hüququnu tanıyan 21 ölkə sırasında Azərbaycan Xalq Cümhuriyyəti də yer alıb. Xalq Cümhuriyyətinin qanunverici orqanıolan Parlamentin keçirdiyi iclas və hazırlanan qanunlar, xüsusilə də 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, uşaq bağçalarının açılması, məktəblərin sayının artırılması və digər məsələlərlə bağlı aparılan müzakirələr həmin dövrdə qadınlar üçün yaradılan imkanların bariz nümunəsidir.
Yeri gəlmişkən vurğulayaq ki, qadınlar Avstriyada, Almaniyada, Niderlandda, Polşada, İsveçdə, Lüksemburqda, Çexoslovakiyada 1919-cu ildə, ABŞ-da 1920-ci ildə, İrlandiyada 1922-ci ildə, Böyük Britaniyada 1928-ci ildə, İspaniya və Portuqaliyada 1931-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə səsvermə hüququ qazanıb. Azərbaycan müsəlman Şərqində qadınlara seçki hüququnu verən ilk ölkə oldu.
Müasir Azərbaycan və hüquq bərabərliyi
23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti müstəqil, demokratik Azərbaycan dövlətinin əsas fəaliyyət prinsiplərini qurmaqla yanaşı, insanlarda müstəqillik arzularının toxumlarını səpdi. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu oldu.
1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, həmin ilin 18 oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Həmin Konstitusiya Aktının 2-ci maddəsində təsbit edildi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtması müstəqilliyimizin dayanıqlı inkişafı üçün real şərait yaratdı. Onun uğurlu siyasəti nəticəsində Azərbaycan həyatın bütün sferalarında - ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə, habelə insan hüquqlarının təmin olunmasında köklü islahatlar məkanına çevrildi. 1994-cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı Heydər Əliyev oldu. Onun sədrliyi ilə 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin əsas qanununun qəbul olunması, Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan oldu. Zaman gedişində 2002, 2009 və 2016-cı illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunması, demokratiyanın inkişafının təmin olunması yönündə yeni mərhələyə təkan verdi.
Əlilliyi olan şəxslərin hüquqları
Əlilliyi olan insanlar BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il 13 dekabr tarixli Konvensiyasında, Azərbaycan Respublikasının Konstitusiyasında və digər beynəlxalq və milli qanunvericilik aktlarında təsbit olunmuş hüquq və azadlıqlara malikdirlər, onlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.
Qeyd ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2016-cı ilin sonuna olan məlumatına əsasən, ölkəmizdə əlilliyi olan şəxslərin sayı 587170 nəfərdir ki, onlardan da 50 mindən çoxu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 67081 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır.
Ombudsman aparatının rəhbəri Aydın Səfixanlıbizimlə söhbətində bildirdi ki, sağlamlıq imkanları məhdud şəxslər (uşaqlar) Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün vətəndaş hüquq və azadlıqlarına malikdirlər: "Dövlət əlillik əlamətinə görə, hər hansı ayrı-seçkiliyə yol vermədən bu qəbildən olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyi doğuran risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Bununla yanaşı, onların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şərait yaradılması da təmin edilir. Həmçinin əlilliyi olan şəxslərin, işgəncələr və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalara məruz qalmamasını, onların yaşayış yerində və yaşayış yerindən kənarda istismarın, zorakılığın, təhqirin bütün formalarından müdafiəsini, şəxsi həyatının toxunulmazlığını təmin edir”.
Məhkumların hüquqları - 64 əfv sərəncamı imzalanıb
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyir ki, Azərbaycanda qısa müddət ərzində 64 əfv sərəncamı imzalanıb. 11 amnistiya aktı qəbul olunub, nəticədə isə minlərlə insan ailələrinə qovuşub: "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.7-ci maddəsinə əsasən, Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası prezidentinə təkliflər verə bilər. Fəaliyyəti dövründə Müvəkkil Konstitusiya Qanununda təsbit olunmuş bu hüquqlarından istifadə edərək, məhkumların özlərinin və ailə üzvlərinin müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciətlər ünvanlayıb, Müvəkkilin vəsatətləri əsasında ümumilikdə bu günədək 638 məhkum əfv olunub. 638 məhkum, o cümlədən qadınlar, ahıllar, ağır xəstələr, yeniyetmələr əfv edilərək azadlığa buraxılmış, ailələrinə və cəmiyyətə qovuşmuş, onların cəmiyyətə adaptasiyası üzrə tədbirlər görülmüşdür”.
Uşaq hüquqları, problemlər...
Aydın Səfixanlıaparatın Milli Məclisə təklif etdiyi "Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsindən danışdı. Həmsöhbətimizin sözlərinə görə, bu layihənin qəbulu uşaqların hüquqlarının pozulması ilə bağlı bir çox problemləri aradan qaldıra bilər: "Uşaq hüquqları haqqında ümumi normalar "Uşaq hüquqları haqqında” qanunda, İnzibati Xətalar Məcəlləsində və digər normativ hüquqi aktlarda təsbit olunub. Yəni bunu törədən hər hansı bir şəxs qanun qarşısında məsuliyyət daşıyır”.
Beynəlxalq ekspert Munir Məmmədzadə də bizimlə söhbətində Azərbaycan qanunvericiliyində uşaq hüquqlarının hüquqi təminatlarının öz əksini tapdığını vurğuladı. Lakin həmsöhbətimiz deyir ki, uşaq hüquqları haqqında qanun "çərçivə qanun” olduğu üçün müəyyən prinsipial məqamlar burada öz əksini tapmayıb: "Uşaqlara qarşı zorakılıqdan danışanda, qanunvericilikdə xüsusi məqamların da öz əksini tapması yaxşı olardı. Məsələn, Azərbaycanda uşaqlara qarşı cismani cəzanın qarşısının alınması haqqında qanuna ehtiyac var. Bundan əlavə, Yuvenal Ədliyyə Haqqında qanunu təbliğ edirik. İstənilən qanunvericilikdə inzibati, yaxud hüququ təminatları nəzərdən keçirəndə, dövlət, uşaqların ən ümdə maraqlarını baş prinsip kimi qeyd etməlidir. Əgər uşaqlarla böyüklər arasında hüquqların təminatı baxımından ziddiyyət yaranarsa, uşaqların üstün mənafeyi nəzərə alınmalıdır”.
Aygün ƏZİZ
Yazı Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
banner

Oxşar Xəbərlər