• cümə, 29 Mart, 05:21
  • Baku Bakı 7°C

Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar...

14.04.14 18:39 1509
Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar...
«Qərb Ukraynanı niyə acımadan tarixin alovları içinə atdı, burada on milyonlarla insanın taleyi üzərində niyə ağılsız tarixi eksperimentlər apardı? Ukraynada poliqon yox, Avropa modelli DÖVLƏT yaratmaq bəyəm elə çətin idimi? Axı ortada keçmiş Yuqoslaviya ölkələri təcrübəsi vardı. Bu ölkələr çox uğurla sivil və sabit dövlətlərə çevriliblər. Bunu bəs Ukraynada niyə etmədilər? İnqilabla nəticələnən siyasi ehtirasların qızışmasının qarşısını niyə almadılar? Niyə yanğın törədib qanuni prezident Yanukoviçi növbəti seçkilərə 9 ay qalmış devirdilər?
Araşdırmaçı-jurnalist Eynulla Fətullayev rəhbəri olduğu haqqın.az saytında «Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar...» sərlövhəli tədqiqat yazısında belə suallar qoyur.
Fətullayev yazır, biz hələ də sonu görünməyən Ukrayna faciəsini niyə belə diqqətlə, hər təfərrüatını nəzərə almaqla izləyirik?! Təkcə ona görə yox ki, Ukraynanın yeni tarixinin ardınca bütün postsovet məkanında tektonik titrəyişlər dövrü gələcək. Bu olayları həm də ona görə belə diqqətlə izləyirik ki, Qərb özünün bu siyasi laboratoriyasını son illər ərzində məqsədyönlü şəkildə və səylə Azərbaycanda da açmağa çalışıb. Qərb Ukraynadakı narıncı kataklizmlər tipindəki permanent qeyri-sabitlik, Gürcüstandakı rəngli çaxnaşmalar, Moldovadakı tvitter fırtınası, yaxud daha pisi odur ki, qırğız səhrası burulğanı sistemini Azərbaycanda da bərqərar etməyə cəhdlər göstərib.
Jurnalist araşdırmasında Qərbin təsir mexanizminin şərti olaraq «Ukrayna modeli» adlandırdığı hissəsində bildirir Yanukoviçlə Putin aprelin 21-də Rusiyanın Krımdakı Qara dəniz donanmasının icarə müddətinin əlavə 5 il də olmaq (yəni 2047-ci ilədək) şərtilə daha 25 illiyə uzadılmasına dair qalmaqallı Xarkov sazişini imzalayan kimi Azərbaycanda da yaxşı tanınan britaniyalı hüquq müdafiəçisi, “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatının proqram direktoru Maks Taker Kiyevə köçdü. O, burada aparıcı Qərb təşkilatının regional nümayəndəliyinə rəhbərlik edirdi.
Bu suala uzun müddət cavab tapa bilmədim: Kiyevdə belə çox qalmaq M.Takerin nəyinə lazım idi?
Mənim gəldiyim bu əqli və məntiqi nəticəni amerikalı ekspert Pol Kreyq Robertsin sensasion etirafı da təsdiqləyir. P.K.Roberts öz məqaləsində (“Washington Orchestrated Protests Are Destabilizing”) əminliklə yazır: “Qərbi Ukraynadakı etiraz aksiyalarını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Dövlət Departamenti, həmçinin Vaşinqton və Aİ-nin maliyyələşdirdiyi QHT-lər təşkil etmişdi. Həmin QHT-lər MKİ və Dövlət Departamenti ilə əlbir işləyirlər”.
Fətullayev araşdırıb ki, Ukraynada beynəlxalq statusu olan 400-dək fond, humanitar sferada çalışan 350-dən çox beynəlxalq təşkilat, xarici QHT-lərin 180 yerli bölməsi fəaliyyət göstərir. Yəni Yuşşenko ilə Yanukoviçin milli təhlükəsizliyi təmin etmək sahəsində nəsə bir iş görməyə macal tapmamasından istifadə edən Qərb bu ölkədə demokratiya uğrunda mübarizə üçün əla platsdarm yarada bilmişdi. Bu cəbhənin öncülləri arasında ABŞ və Qərbin kəşfiyyat orqanlarının yardımçı qurumları - Azərbaycan ictimaiyyətinə də yaxşı tanış olan, daxili siyasi vəziyyəti gərginləşdirmək məqsədi güddükləri üçün Azərbaycandan qovulan aşağıdakı təsisatlar vardı: Milli Demokratiya İnstitutu (MDİ/NDİ), Beynəlxalq Pespublikaçılar İnstitutu (İRİ), habelə ABŞ səfirliyi, Soros Fondu (Açıq Cəmiyyət İnstitutu), “Revenew Watch” kimi qurumların fəaliyyətini koordinasiya edən USAİD...
Qərbin təsir metodologiyasındada bir oxşarlıq var. Əgər Azərbaycan və Türkiyə kimi ölkələrdə üstünlük ABŞ-ın Pensilvaniya ştatından idarə olunan nurçuluğa (bu cərəyanı da Azərbaycana Türkiyənin əli ilə sırımağa cəhd edirdilər) verilirdisə, Ukraynada Pyastovsk və ya Yagellonsk ordeni doktrinası qüvvədədir. Bu dini (geosiyasi) məktəbin mərkəzi qərargahı Londonda yerləşir. Yeri gəlmişkən, polşanın indiki siyasi rəhbərliyi bu məktəbin ciddi təsiri altındadır. Həmin məktəb vasitəsilə Ukraynadakı ictimai əhval-ruhiyyəyə də ciddi təsir göstərilir. Nurçular bir vaxtlar Azərbaycan Prezident Administrasiyasındakı adamlarına təsir göstərdikləri kimi...
2013-cü il prezident seçkilərindən 9-10 ay əvvəl Azərbaycanda da Ukraynadakılara bənzər hadisələr olmuşdu. O vaxt Bakının mərkəzində qəfildən, elə hakimiyyət üçün də gözlənilməz şəkildə passionar və yaxşı idarə olunan, sıralarında gəncləri və ziyalıları birləşdirən radikal ovqatlı bir kütlə formalaşdı. Bu kütlə barrikadalar qurub hakimiyyətlə açıq qarşıdurmaya getməyə hazır idi. Azərbaycan hakimiyyəti bu kütlənin yaranıb formalaşması prosesini nəzərdən qaçırmışdı. Bu proses heç kimin diqqətini çəkməyən QHT-lərin iştirakı ilə və sanki tamamilə nəzərə çaprmayan şəkildə baş vermişdi. Eynən Ukraynada olduğu kimi...
Faciəvi Ukrayna dramından sonra məni bu vacib sualın əsas cavabı düşündürür: Qərb 2013-cü il “Bakı baharı”nın ssenarisini yenə təkrarlaya biləcəkmi? Ukraynalı texnoloqlar Azərbaycan reallıqlarına uyğunlaşmağa nə dəcədə nail oldular?
Birmənalı olmayan bu suallara birmənalı cavab vermək üçün gəl Azərbaycanın QHT sektoruna maliyyə axınını və Azərbaycan sxemini nəzərdən keçirək.
Azərbaycan QHT sektorunun aldığı qrantların və maliyyə dəstəyinin miqyasını araşdıranda bu sualı verməmək olmur: Azərbaycanda indiyə qədər niyə inqilablar baş verməyib?
Cavab sadədir: Azərbaycan hakimiyyətinə təkcə effektiv güc və polis aparatı yox, həm də bizim QHT sektorunun korrupsiyalaşması amili kömək edib. Ayrılan vəsaitin həcmi, sonra isə o pulların bizim qrantyeyənlər dəstəsi tərəfindən öz qərbli kuratorları ilə əlbir şəkildə oğurlanmasının və mənimsənilməsinin miqyası adamı sadəcə heyrətə gətirir. Bizim “kapitan Qrantın uşaqları” qrant kimi verilmiş maliyyə vəsaitinin oğurlanmasında yalnız öz belaruslu həmkarları ilə yarışa girə bilərlər.
2002-ci ildən 2014-cü ilədək təkcə üç fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb. Təsəvvür edirsinizmi?! Yəni müxalifətə yaxın vətəndaş fəalları 10 il ərzində üç mənbədən ukraynalı müxalifətçilərdən az qala iki dəfə çox, yaxud da rusiyalı vətəndaş fəalları qədər pul alıblar. Qərbin yüzlərlə fondu tərəfindən ayrılan qrantları da bunun üstünə gəlsək, hansı şişman məbləğin yarandığını təsəvvür edirsinizmi?!
Bütün postsovet ölkələri inqilablarının əsas pul mənbəyindən - cənab Corc Sorosdan başlayaq. Yeri gəlmişkən, C.Soros Azərbaycan ictimaiyyətini etiraza qaldırmaq cəhdlərinin əbəs olduğunu anlayınca daha çox pul itirməmək qərarı verdi və özünün Açıq Cəmiyyət İnstitutunun Azərbaycan nümayəndəiyini sadəcə olaraq bağladı. Niyə də olmasın?! C.Soros göstərilən müddət ərzində Azərbaycanda etirazlar baş qaldırsın deyə 20 milyon dollardan çox, lap dəqiqini desək, 25 milyon 505 min dollar pul xərcləmişdi (verilən qrantların bütün hesabatları şəffaf idi və mətbuatda dərc olunub). Bəs nəticə? Nəticə sıfırdır!
Bakının bir vaxtlar ən nüfuzlu “qrant salonu” olan Açıq Cəmiyyət İnstitutunun Lixtenşteyn filialı tərəfindən açılmış Azərbaycan nümayəndəliyinin binasında indi qəbiristanlıq sükutu hökm sürür: bütün əməkdaşlar işdən gedib, bütün kabinetlər boşalıb, bir vaxtlar şöhrət qazanan təşkilatın şərəfini isə iki yaşlı qadın qoruyur. O yazıqlar da qorxu içindədir. Hər dəqiqə Vergilər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının gəlib yoxlama paracağını gözləyirlər.
Bu qorxunun səbəbini anlamaq olar. Açıq Cəmiyyət İnstitutunun rəhbərliyi qurumun Azərbaycan nümayəndəliyini bağlamaq ərəfəsində bəzi izləri nəyə görəsə itirməyə başlamışdı. Bakı ofisinin saytı qəfildən yoxa çıxdı. Azərbaycan QHT-lərinə verilən qrantlar haqdakı bütün hesabat və informasiyalar bu saytda işıqlandırılırdı.
Yeri gəlmişkən, burada haqlı bir sual yaranır: Sorosun London, Nyu-York və İsveçrədə məşhur ofisləri ola-ola onun təşkilatının Bakıdakı nümayəndəliyi Açıq Cəmiyyət İnstitutunun niyə məhz Lixtenşteyn filialı tərəfindən açılmışdı?
Böyük və ağır sualdır. Açıq Cəmiyyət İnstitutu nümayəndəliyinin direktoru Fərda Əsədovun rəhbərliyi dövründə burada korrupsiyanın və “otkat”ların çiçəklənməsi barədə də Bakının az qala hər tin-bucağını belə böyük şayiələr bürümüşdü. Bu şayiələr gedib Nyu-Yorka da çatdı. Nəticədə F.Əsədov direktorluqdan çıxarıldı.
Amma Sorosun Bakıdakı işləri arasında aydınlaşdırılası xeyli məqam var. İnstitutun mühasibatlıq sənədlərinin yoxlanılması məsələsini müvafiq orqanların öhdəsinə buraxaq. Bizi medalın o biri üzü daha çox maraqlandırır.
Soros Fondundan ən çox qrant alan fəallardan biri Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlu idi. Q.İbadoğlu qardaşı Vüqar Bayramovla birgə Azərbaycan qrant mafiyasının “xaç ata”larından biri sayılır. İlkin hesablamalara görə, Q.İbadoğlu və ona yaxınlığı ilə seçilən QHT-lər 10 il ərzində (2004-2014) 14 milyon dollar məbləğində qrant alıblar. Bu isə təxminən Yanukoviçi devirməyə göstərilən birinci cəhd üçün ayrılan məbləğ qədər vəsait deməkdir.
Allah onların da, Sorosun da köməyi olsun. Sorosun missiyası onsuz da Amerika xarici siyasətinin məqsəd və arzularını dollarla dəstəkləməkdən ibarətdir. Bəs onda Oxfam kimi təşkilatın ölkənin siyasi həyatına cəlb olunmasını necə izah etmək olar? Hamıya məlumdur ki, Britaniyanın bu təşkilatı Aclıq Çəkənlərə Yardım Komitəsi kimi (ingiliscədə adı belədir: Oxford Committee for Famine Relief) yaradılıb. Bu təşkilat dünyanın 90 ölkəsində yoxsulluq və onunla bağlı yaranan sosial ədalətsizlik probleminin həlli üzərində işləyir. Amma öz fəaliyyətlərini mövcud hökumətləri devirməyə yönəltmiş müxalifətçiləri (lap elə kasıb, yoxsul müxalifətçiləri də!) aclıq çəkənlərin siyahısına daxil etmək dünyanın heç bir ölkəsində Oxfam nümayəndələrinin ağlına belə gəlməyib. Dünyanın heç bir ölkəsində!
Uzağa getməyək. Oxfamın sevimliləri arasında həmin bu Qubad İbadoğlu və ona bağlı QHT-lər öndə gəlir. Vergilər Nazirliyi lap elə bu yaxınlarda Oxfamın maliyyə sənədlərini yoxlamışdı. Nazirlikdəki məlumatlı mənbələrin verdiyi xəbərə görə, bu yoxlama zamanı aclıq çəkənləri xilas etmək üçün ayrılan pulların yuyulmasını həyata keçirən korrupsiya mexanizminin mövcudluğu üzə çıxıb. Oxfamın Azərbaycan nümayəndəliyinin başçısı Şövkət Əlizadənin üzündən xeyirxahlıq yağmasına baxmayaraq burada sən demə, kasıblar və qaçqınlar ümün nəzərdə tutulan pulların oğurlanması üçün çox “xeyirxah” bir sxem düşünülübmüş.
Söz yox, öz «yaroşları»mız da kifayət qədərdir. Onlara da MKİ-nin fondu olan NED-in prototipi EED (European Endowment for Democracy), yəni Avropa Demokratiyaya Yardım Fondu kömək edir. Avropa Komissiyası və Aİ üzvü olan bir sıra ölkələr təfəindən təsis olunmuş EED faktiki olaraq Avropa İttifaqının hökumət fondudur. EED də zahirən demokratik dəyərlərin müdafiəsi və demokratiyanın inkişafı kimi nəcib məqsədlər naminə fəaliyyət göstərir. Amma gəl baxaq görək bu fond Azərbaycanda hansı layihələri dəstəkləyir.
Müxalifətin xaricdəki qanadının açıq-açığına ekstremist ruhlu mətbu orqanı olan “Meydan” TV-ni məhz EED maliyyələşdirir. “Meydan” TV Azərbaycan cəmiyyətində sinfi düşmənçiliyi və sosial seqreqasiyanı təbliğ edir, hakimiyyət uğrunda qeyri-konstituson yollarla mübarizəyə - legitim hökuməti devirməyə çağırışlar edir.
EED ekstremist “Meydan” TV-nin hesabına 300 min avro pul köçürüb. Bu fakt isə TV rəhbərliyi tərəfindən uzun müddət gizlədilib.
Yaxşı, bu fond sabah da Bakıda Avromaydan təşkil etməyə 6 milyon 500 min avro köçürsə, özü də bunu eyni məqsədlər altında - demokratiyaya yardım adı ilə etsə, onda necə?! Axı mitinqlər keçirmək də bir qəzeti bank borclarından xilas etmək qədər nəcib və xeyirxah məqsədlərdən doğan əməl sayılır, elə deyilmi?!
Aİ-nin fondu bununla da kifayətlənmir. EED 2014-cü ildə “Azərbaycan gəncliyinin sosial fəallığının artırılması treyninqləri”nə 13 min manat ayırır. Bunlar “Azərbaycan gəncliyinin sosial fəallığı” deyəndə nəyi nəzərdə tuturlar? Yaxud başqa bir layihə haqda. Açıq-aşkar müxalifətçi mövqeyində dayanan bir təşkilat “Gənclərin vətəndaş fəallığının gücləndirilməsi” adlı layihəyə görə EED-dən 50 min avro alıb.
Dövlət Neft Şirkətinin əsas tənqidçisi Mirvari Qəhrəmanlı da 50 minə yaxın pul alır. Bu qəribə qadın həyatda özünə çox maraqlı bir məşğuliyyət tapıb - Rövnəq Abdullayev və ARDNŞ. Siz hələ məsələnin mahiyyətinə baxın. Barrozu özünün açıq çıxışlarında alternativ qaz məsələsində Azərbaycana sonuncu ümid yeri kimi baxdıqlarını və TANAP layihəsinin mümkün qədər tez başa çatmasını arzuladıqlarını dediyi bir vaxtda Avropa Komissiyasının təsis etdiyi fond özünün bütün fəaliyyətini həmin Barrozunun bel bağladığı ARDNŞ-i tənqid etməyə yönəltmiş bir fəala kifayət qədər ciddi məbləğdə yardım ayırır. Oyunbazlıqdırmı?! Özü də əsl Qərb üslubunda...
E.Fətullayev daha sonra bildirir Qərb təşkilat və fondlarının demokratiyanın və maydanların inkişafı üçün Azərbaycana fantastik məbləğdə pullar göndərməkdə davam etməsini isbatlayan minlərlə digər nümunələr də gətirmək olar. Ukrayna anarxiyasının tarixçəsi də elə bu cür başlamamışdımı? Orada hər şey müxalifətçi QHT-yə etirazçı Maydanın təşkili üçün göndərilən hansısa 18 milyondan başlamışdı...
Mövzuya qayıdacağıq.
banner

Oxşar Xəbərlər