• cümə, 19 Aprel, 13:38
  • Baku Bakı 25°C

“Azərbaycanı tanımayan qalmayacaq” – Həmyerli

01.08.16 09:52 3748
“Azərbaycanı tanımayan qalmayacaq” – Həmyerli
"Polşada Azərbaycanı tanımayan qalmayacaq” şüarı ilə Azərbaycanı yaşadığı ölkədə tanıtmaq üçün əlindən gələni edir. Deyir ki, xarici ölkədə yaşayan hər bir gənc ölkəmizi layiqincə təmsil etməlidir. Onun fikrincə, xarici ölkədə vətənini təqdim etmək, sevdirmək üçün diplomat olmağa ehtiyac yoxdur. Hər kəs içindəki vətən sevgisi ilə bu vəzifənin öhdəsindən gələ bilər.
Müsahibimiz Dünya Azərbaycanlıları Konqresinin Polşa nümayəndəliyinin rəhbəri, Polşa Azərbaycanlı Gənclər Şurasının sədri Nail Əhməddir. Nail 1994-cü ildə Bakıda anadan olub. Varşava Sosiologiya Akademiyasının tələbəsidir. Həmsöhbətimiz artıq 4 ildir ki, Polşada yaşayır. Tələbəlik illərində ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edib. "Polşa-Azərbaycan diplomatik əlaqələri”, "Polşadakı Azərbaycan izləri” yazılarının müəllifidir.

"Ölkəyə səs saldıq”


Həmsöhbətimiz deyir ki, onlar fəaliyyətə başlamazdan öncə Polşada diasporumuzun olub-olmadığı hiss olunmayıb. Onun sözlərinə görə, bundan 4 il öncəyə qədər Polşada yaşayan azərbaycanlıların bir-birləri ilə əlaqəsi çox zəif olub: "Polşada yaşayan azərbaycanlılarla danışsanız, sorğu aparsanız, əminəm ki bizim fəaliyyətimizi vurğulayacaqlar. Çünki 4 il müddətində etdiyimiz yürüşlər, aksiyalar, dövlət rəsmiləri ilə görüşlər müsbət nəticəsini verib. Bu vaxta qədər gördüyümüz işlər arasında ən çox səs salan və ölkə gündəminə düşən Polşa ordusunda vuruşmuş iki azərbaycanlı haqqında araşdırmamız oldu. Məlumat topladıq və onlar haqqında Polşa mediasında silsilə yazılar dərc etdirməyə başladıq. Bundan əlavə, iki dildə- polyak və ingilis dillərində Polşadakı Azərbaycan qəhrəmanları haqqında kitabçalar çap etdirdik, var gücümüzlə Polşa ictimaiyyətinə paylamağa başladıq. Həqiqətən çox yaxşı qarşılandı və cəmiyyət arasında əks-səda doğurdu”.
Müsahibimiz yaşadığı ölkədə mədəniyyətimizi, musiqimizi də təbliğ edir: "Fəaliyyətimizin mərkəzində Azərbaycan musiqisi, mədəniyyəti durur. Bununla bağlı Varşavada Azərbaycan gecələri, Vaqif Mustafazadənin tanıtım gecəsini keçirmişik. Oradakı azərbaycanlı gənclər də ətrafımıza toplaşır. Birlik nümayiş etdirib Polşada Azərbaycanı tanımayan insanın qalmaması üçün əlimizdən gələni edirik”.

"Polşada Azərbaycanı tanımayan qalmayacaq”

Nail deyir ki, Polşaya getdiyi ilk günlər Azərbaycan haqqında məlumatların az olması onu diaspor fəaliyyətinə başlamağa vadar edib: "Polşada kifayət qədər azərbaycanlılar var idi, amma onları birləşdirən bir təşkilat, orqan yox idi. Biz də ortaya birlik ideyası qoyub həmyerlilərimizi birləşməyə dəvət etdik. Onlar da bizim bu ideyanı dəstəklədilər və bizimlə sıx birləşdilər. Təsəvvür edin, bir ölkədə iki mindən çox azərbaycanlı yaşaya və onların bir-birləri ilə əlaqəsi olmaya. Biz bu nüansdan qaynaqlanıb diaspor fəaliyyətinə başladıq”.
Müsahibimizin sözlərinə görə, 4 ildir ki, hədəflərini bir şüar üzərində birləşdiriblər: "Bizim bir şüarımız var. "Polşada Azərbaycanı tanımayan qalmayacaq” . Bütün hədəfləri bu şüar üzərində birləşdirmişik. Bu şüar elə özü özlüyündə birlik, həmrəylik nümayiş etdirir. Baxmayaraq ki, Polşada Azərbaycan haqqında geniş məlumata malik olan adam azdır, ama biz bu sayı qarşıdakı illərdə də qaldıracağıq. Çünki bunun üçün dövlətimiz də bizi dəstəkləyir”.
"Qanunpərəst xalq”

Polşalıların xüsusiyyətləri haqqında məlumat verən həmsöhbətimiz deyir ki, polyaklar mədəni və qanunpərəst xalqdır: "Polşalılar da bizim kimi qonaqpərvərdirlər. Bu səbəbdən buraya adaptasiya olmaqda çətinlik çəkmədim. Bir dəfə Polşaya yenicə gəldiyim vaxtlar idi. Hansısa dövlət idarəsinə məktub verməli idim. Amma həmin binanın dəqiq yerini bilmirdim. Bir polyakdan həmin idarənin ünvanını soruşdum və bildirdim ki, bu ölkədə yeniyəm. Həmin adam məni şəhər haqqında məlumat verə-verə lazım olan idarənin qarşısına gətirib çıxardı. Elə bilirdim ki, məndən nə isə istəyəcək. Sonra gördüm ki, sırf insanlıq xətrinə edilən bir hərəkətdir. Bu cür hadisələr dəfələrlə olub. Bu baxımdan polyakların insansevər millət olduğunu deyə bilərik. Həm də kifayət qədər qanunpərəst xalqdır”.

Polyakların toy adəti

Müsahibimiz deyir ki, Polşada toy adət-ənənələrinin bizim ölkədə də olmasını istəyərdi. Onun sözlərinə görə, polyaklar kimi toy etsək, israfçılığa yol vermərik: "Polyakların toyunda bir neçə dəfə iştirak etmişəm. Hər dəfə xüsusi zövq alırdım. Onlar toyu kiçik yığıncaq kimi edirlər. Toyda ən yaxşı halda 40 nəfər qonaq olur. Qonaqlar da ailəyə ən yaxın olan adamlardır. Onların bu adətlərinin bizim ölkədə olmağını istəyərdim. Çünki belə olduğu halda israfçılığa da yol verilmir və toylar daha səmimi, rahat keçir. Bununla yanaşı, bir toya 400 nəfər çağırdıqda, toy sahibi bütün qonaqlara diqqət ayırmadığına görə, qonaqların böyük əksəriyyəti toydan narazı gedir”.
Nail gələcək planlarından da danışdı. Deyir ki, gələcəkdə polyak dilində yeni sayt və radio açacaqlar: "Gələcək fəaliyyətimiz ondan ibarətdir ki, Prezidentin Dünya Azərbaycanlılarının 4-cü qurultayında çıxışına uyğun olaraq polyak dilində yeni sayt və radio açaq. Radioda daimi Azərbaycan musiqiləri ifa olunacaq və saytda da Azərbaycan haqqında geniş məlumatlar yerləşdiriləcək. Bu da öz növbəsində Azərbaycan haqqında geniş məlumat almaq istəyən Polşa vətəndaşına köməklik edəcək”.

"Hara getsək, azərbaycanlı olduğumuzu bilməliyik”

Müsahibimiz sonda xaricə gedən gənclərə məsləhətlər verdi: "Amma hamımızın qəlbində vətənə sevgi, qayğı olmalıdır. Bizim borcumuz vətənimizi təmsil etməkdir. Gənclər bilməlidirlər ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşıdır. Hara getsək, azərbaycanlı olduğumuzu bilməli, ölkəmizi təmsil etməli, vətənimizi düzgün təqdim etməliyik. Xaricdə müəyyən çətinliklər ola bilər. Amma insan özünə inanmalıdır. Hər şey yolunda getməyə bilər, əsas odur ki, qarşına qoyduğun məqsəddən geri dönməyəsən. İnsan əziyyətlə nəyəsə nail olduqdan, onun bəhrəsini gördükdən sonra sözün əsl mənasında bu ləzzəti alır. Hamımız vətənimizi sevməliyik. Biz bu vətənin əsgərləriyik. Vətənə borcumuz nədirsə, hamısını ödəməliyik. Ən əsası, bütün Azərbaycan gəncliyi bir yumruq kimi olsa, bizi heç nə yıxa bilməz. Hər şey gənclikdən asılıdır. Xaricə gedən həmyerlilərimizi həmişə bir olmağa və Azərbaycanın daxilində milli maraqları qorumağa çağırıram”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər