AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanı siyasi poliqona çevirmək niyyətindən daşınmalıdırlar

Azərbaycanı siyasi poliqona çevirmək niyyətindən daşınmalıdırlar

Müsahibə
25 Aprel 2013, 10:04 1774
ABŞ Dövlət Departamentinin 2012-ci ildə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatı, bu sənəddə Azərbaycana aid şişirdilmiş məlumatların əks olunması, ölkədə QHT-lərin fəaliyyətinin şəffaflığı, siyasi məhbus məsələsi və sairlə bağlı “Kaspi”nin suallarını “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri, hüquq müdafiəçisi Eynulla Fətullayev cavablandırıb.

- Eynulla bəy, Dövlət Departamentinin son hesabatını necə qiymətləndirirsiniz?

- ABŞ Dövlət Departamenti hər il hesabatlarla çıxış edir. Dünya ölkələrində insan haqlarının vəziyyətini təhlil etməyə çalışır. Ənənəvi olaraq, hər dəfə eyni konsepsiyadan çıxış edilir. Hər bir ölkədə, cəmiyyətdə gedən proseslərə münasibətdə ABŞ-ın öz yanaşma tərzi, siyasi mövqeyi var. Bu siyasi mövqeyə uyğun olaraq da hesabatlar hazırlanır. Sabah (bu gün- R.İ.) BMT-in İnsan Haqları Komitəsində Almaniyada insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçiriləcək. Şəxsən mən BMT-nin Almaniya ilə bağlı hesabatı ilə tanışam. Orada tükürpədici faktlar öz əksini tapıb. BMT-nin məlum Komitəsində səslənən fikirlərlə, orada hazırlanan hesabatın məzmunu ilə ABŞ Dövlət Departamentinin hesabatında Almaniya ilə bağlı hissəni müqayisə etsək, görərik ki, bu sənədlər arasında nə qədər fərq var, nə qədər ədalətsiz yanaşma var. Fikrimcə, bu gün ABŞ və digər fövqəl dövlətlər özlərinə hakim rolunu götürüb, digər ölkələrə yuxarıdan aşağı baxacaq mövqe tutublar. Bu supergüclər hansısa ölkələr barədə əvvəlcədən hazırlanmış, sxematik mənzərəni ortaya qoyurlar. Təbii ki, bu, ədalətsizlikdir, hadisələrə qərəzli yanaşmadır. Əgər onlar doğrudan da həqiqəti müdafiə edirlərsə, o zaman Almaniyada mətbuat azadlığından, insan haqlarının tapdanmasından, polisin zorakılığından, işgəncələrindən, insan alverindən və sairdən də yazsınlar. Bəzi böyük dövlətlər Azərbaycanı insan alveri ilə mübarizədə günahkar bilirlər. Halbuki mən Avstriyada olanda öyrəndim ki, Vyanada insan alveri, xüsusi ilə də açıq fəaliyyət göstərən fahişəxanalar ölkə üçün çox ciddi sosial problemə çevrilib. Bu fahişəxanalarda istismar olunan qadınlar, qızlar qanunsuz olaraq Şərqi Avropa ölkələrindən gətirilir. Aralarında yetkinlik yaşına çatmayanların da çoxluq təşkil etdiyi belə insan alveri qurbanları Avstriyaya pasportsuz gətirilir. Bütün bunlar Avstriya polisinin gözü qarşısında baş verir. Bunun kimi yüzlərlə faktlar sadalamaq olar. Lakin təəssüf ki, ABŞ Dövlət Departamenti öz hesabatında bu barədə hər hansı fakt göstərmir. Sanki, bəzi dövlətlər hər zaman tənqid oluna bilər, digərlərinin isə toxunulmazlıq statusu var. Bu, ikili yanaşmanı, qərəzi, ədalətsizliyi özündə ehtiva edir.

- ABŞ Milli Demokratiya İnstitutunun fəaliyyəti də geniş müzakirə olunan məsələlərdəndir. Xüsusən də bu qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri tərəfindən müəyyən maliyyə sənədləşməsi aparılmadan külli miqdarda vəsaitin xərclənməsi rəsmi Bakının Amerika səfirliyinə müraciət etməsi ilə nəticələndi. Bu məsləni gündəmə gətirən siz idiniz. Görülən işlərdən razısınızmı?

- Dövlət Departamentinin hesabatında, ABŞ hökumətinin demokratiya ilə bağlı mütəmadi səsləndirdiyi bəyanatlarda şəffaflıq, eyni zamanda korrupsiyaya qarşı mübarizə tezisləri üstünlük təşkil edir. Başqa ölkələrdən bu şərtləri tələb edən dövlət ilk öncə bunu öz nümunəsində göstərməlidir. Bu siyasəti öz təşkilatlarının timsalında da nümayiş etdirməlidir. Azərbaycan tərəfi MDİ-nun ölkəmizdə fəaliyyət göstərməsinə qarşı deyil. Bu beynəlxalq təşkilatın nümayəndəliyi artıq 20 ilə yaxındır ki, Azərbaycanda işləyir. Sadəcə, MDİ beynəlxalq təşkilatlar, eləcə də yerli QHT-lərin fəaliyyət göstərməsi üçün müəyyən olunan kriteriyaları, ölkə qanunvericiliyini pozmaqdadır. Bu qurumun Bakı nümayəndəliyinin rəhbərliyi Maliyyə Nazirliyinə hesabatlar təqdim etmir, naməlum şəxslərə nağd şəkildə 1 milyon dollardan artıq ödəmələr edir, qeyri-şəffaf fəaliyyət göstərir və sair. Ona görə də baş prokurorluq səviyyəsində bu məsələ qaldırıldı. ABŞ-ın QHT-lərə yanaşmasına nəzər salsaq görərik ki, bu dövlət bütün ölkələrin üçüncü sektor təmsilçilərinə maliyyə məsələlərində şəffaflığın təmin edilməsini tövsiyə edir. MDİ Bakı ofisi rəhbərinin inqilabi, destruktiv fəaliyyəti ona gətirib çıxardı ki, ictimaiyyət bu barədə geniş müzakirələr apardı, hökumət münasibətini bildirdi. Fikrimcə, MDİ-nin baş ofisi də bu məsələ barədə konkret qərar qəbul etməlidir. Aleks cəzalandırılmalı, onun barəsində daxili təhqiqat aparılmalıdır. Əfsuslar olsun ki, MDİ Azərbaycan kimi ölkələri üçüncü dərəcəli dövlət sayır, ona poliqon kimi yanaşır. Bu da qəbulolunmazıdır. Azərbaycan 10 il bundan əvvəlki ölkə deyil. Biz həm regionda, həm də dünyada öz sözümüzü deməyi bacarırıq. Azərbaycan laboratoriya deyil ki, burada siyasi eksperimentlər həyata keçirilsin. Ona görə də bəzi beynəlxalq təşkilatlar Azərbaycanı siyasi poliqona çevirmək niyyətindən daşınmalıdırlar. Hər bir qurum ölkəmizə münasibətini də, fəaliyyətini də sivil formada ortaya qoymalıdır.

- Azərbaycanda “QHT-lər haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi də bəzi beynəlxalq təşkilatlar tərəfindən birmənalı qarşılanmadı. Dövlət Departamentinin son hesabatında isə həmin hadisə daha da qabardılaraq, ölkədə QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması kimi qələmə verilib. Sizcə, bu yanaşma ədalətlidirmi?

- MDİ ətrafında baş verən olay bir daha onu göstərdi ki, “QHT-lər haqqında” qanuna dəyişikliklərin edilməsi zəruri idi. Bizə bir çox informasiyalar daxil olur ki, bəzi QHT-lər Ədliyyə Nazirliyində qrantları qeydiyyatdan keçirmir, birbaşa səfirliklərdən nağd şəkildə pul alırlar. Dünyanın heç bir ölkəsində heç bir səfirlik hər hansı QHT-yə nağd şəkildə, özü də səfirliyin içində vəsait vermir. Belə olan halda bu vəsaitlərin hansı məqsədlərlə ayrıldığı şübhə doğurur. Bu, birbaşa dövlətin milli və informasiya təhlükəsizliyinə qarşı yönələn problemdir. Ona görə də belə məsələlərdə istənilən dövlət strukturu öz ölkəsinin mənafeyini, təhlükəsizliyini qorumağa borcludur. Fransa hüquqşünaslarının tez-tez təkrarladığı belə bir deyim var: “İnsan haqları və vətəndaş cəmiyyəti o yerdə qurtarır ki, orada dövlətin maraqları başlayır”. Biz bu aforizmdən irəli gələn praktikanı Fransa ilə yanaşı, Almaniyada və digər Qərb dövlətlərində də müşahidə edirik. Burada söhbət hökumətin mənafeyindən getmir. Bizdə bəzən hökumətlə dövlətin mənafeyini qarışdırırlar. Hansısa QHT-lər qeyri-şəffaf, eyni zamanda sifarişli şəkildə fəaliyyət göstərməklə bu və ya digər dövlətin maraqlarının həyata keçirilməsində bir alətə çevrilirlər. Rusiyada belələrini birmənalı olaraq təsir agenti adlandırırlar. Onlara hansısa səfirlikdən pul verirlər, qarşılarına müəyyən proqram qoyurlar və həyata keçirilməsini tələb edirlər. Dövlət də bundan xəbərsizdir. Əgər həmin QHT-lərin fəaliyyəti şəffafdırsa, vətəndaş cəmiyyətinin, Azərbaycan dövlətinin maraqlarının inkişafına yönəlibsə, niyə bu qapalı şəkildə həyata keçirilir? Deməli, qapalılıq varsa, burada müəyyən siyasi maraqlar var. Hətta bizdə bəzi qeydiyyatdan keçməyən təşkilatlar da qrant alırlar. Halbuki heç bir ölkədə belə bir praktika yoxdur. Kim istəsə bununla bağlı gedib Belçikada, ABŞ-da, Türkiyədə və sair ölkələrdə araşdırma apara bilər. Onlarda belə bir təcrübə yoxdur. Təəssüf ki, bizdə, müstəqillik qazandığımız illərdə dövlətin oturuşmamasından, qanunvericilikdəki boşluqlardan istifadə edən bəzi qüvvələr müəyyən QHT-ləri təsir agenti formasında proseslərə cəlb ediblər. QHT-lərlə bağlı qanuna edilən əlavə və dəyişikliklərlə bu kimi proseslərin qarşısı alınıb.

- Bəs, Azərbaycanda “siyasi məhbuslar”ın olması və onların sayının 10 nəfərdən 100 nəfərədək artması iddiaları nə dərəcədə düzgündür?

- 2012-ci ilin sentyabr ayında Avropa Şurası Parlament Assambleyası tərəfindən siyasi məhbusları müəyyən edəcək meyarlar qəbul edilib. Bu meyarların özü də nisbidir, mübahisəlidir. Bunlar ətrafında uzun-uzadı müzakirələr aparmaq olar. Amma, hər halda ortada nisbi, şərti meyarlar var. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, AŞPA-da Avropa qitəsində, siyasi məkanında təmsil olunan bütün ölkələrin millət vəkilləri Kristofer Ştrasserin təqdim etdiyi layihəni rədd etdi. Bu, Azərbaycan hökumətinin deyil, AŞPA-nın qərarı idi. Yəni, bununla AŞPA səviyyəsində tanınıb ki, Azərbaycanda siyasi məhbus yoxdur. Əgər Azərbaycanda siyasi məhbus olsaydı ingiltərəli, fransalı, norveçli deputatlar onu qəbul etməzdilər. Söylədiklərimə şübhə edənlər səsvermənin nəticələrinə nəzər sala bilərlər. Almaniya istisna olmaqla, Avropa Şurasının aparıcı Qərb dövlətlərindən olan millət vəkillərinin böyük əksəriyyəti Ştrasserin layihəsinin əleyhinə səs verib. Məgər bu millət vəkilləri Azərbaycan reallığını görmədən, dərk etmədən belə qərar qəbul ediblər? Yaxud, öz ölkələrinin xarici işlər nazirliyi, Azərbaycana akkreditə olunmuş diplomatları vasitəsilə buradakı vəziyyət barədə hesabat, arayış, monitorinq nəticələri əldə etmirlərmi? Həmin deputatlar AŞPA-da səsvermədə iştirak etməzdən əvvəl müəyyən tədqiqatların nəticələrini gözdən keçirirlər. Ona görə də mən hesab edirəm ki, Azərbaycanda siyasi məhbusların olması barədə kimin nə deməsindən asılı olmayaraq, ortada AŞPA-nın qərarı, mühüm sənəd var. Bu yaxınlarda Türkiyədə məşhur bir pianoçu həbs olunub. Lakin, Azərbaycanla bağlı fəaliyyət göstərən həmin o beynəlxalq QHT-lər bu hadisəyə münasibət bildirmir. Eləcə də başqa ölkələrdə onlarla belə faktlar sadalaya bilərəm. Necə ola bilər ki, Azərbaycanda belə hadisələr baş verən kimi bunu insan haqlarının tapdanması, söz, fikir, ifadə azadlığının pozulması kimi qələmə verilir, ancaq Türkiyədə, Rusiyada bu səpkili hadisələrə hər hansı münasibət bildirilmir? Deməli, burada, bayaq qeyd etdiyim kimi siyasi maraqlar, həmin təşkilatları yönləndirən qüvvələr var. Fikir verin, görün bu beynəlxalq təşkilatların 5 il öncəki fəallığı ilə indiki fəallığı arasında necə böyük fərq var. Onlar görürlər ki, Azərbaycan hökuməti bu kimi məsələlərdə çox sərt, eyni zamanda əsaslandırılmış arqumentlər ortaya qoyur. Bu səbəbdən də həmin təşkilatların fəaliyyətində bir azalma, geri çəkilmə müşahidə olunur. Onların əvvəlki aqressivliyindən, aktivliyindən əsər-əlamət qalmayıb. Dövlətdən, hökumətdən müqavimət gördükcə addım-addım geri çəkilməyə məcburdurlar. Vaxtilə Türkiyənin, Rusiyanın, Şərqi Avropa ölkələrinin yaşadığı prosesi təkrar olaraq biz yaşayırıq.

Rufik İSMAYILOV