• cümə axşamı, 25 aprel, 19:48
  • Baku Bakı 21°C

Azərbaycanı ordusu regionun ən güclüsüdür

02.08.14 08:52 1486
Azərbaycanı ordusu regionun ən güclüsüdür
Dünyada baş verən proseslər güc faktorunun önəmini artırır. Artıq sirr deyil ki, dünya beynəlxalq hüquq prinsipləri ilə deyil, güc vasitəsilə idarə olunur. Bu kontekstdə, problemləri olan dövlətlər müstəqilliklərinin qorunmasında, maraqlarının təmin edilməsində istəklərinə nail ola bilmirlər. Buna görə də müstəqilliyin möhkəmləndirilməsinə çalışan, maraqlarının təmin olunmasını prioritet elan edən dövlətlər ordularının daha da güclənməsi, komplektləşdirilməsi üçün iş aparırlar.
Azərbaycan dövləti də son illər öz Silahlı Qüvvələrinin gücləndirilməsini prioritetlərindən biri elan edib. Uzun illərdir ki, büdcədən ən böyük xərclər məhz təhlükəsizlik və müdafiə məsələlərinə ayrılır. Müxtəlif beynəlxalq təşkilatların etirazlarına baxmayaraq, Azərbaycan dövləti ordu quruculuğu istiqamətindəki işlərini davam etdirir. Regionda baş verən proseslər prizmasından yanaşsaq, Azərbaycan ordusunun gücünün kifayət qədər olduğu qeyd olunmalıdır.
Qəzetimizə açıqlama verən politoloq Mübariz Əhmədoğlu dedi ki, hazırda ordumuzda vəziyyət çox yaxşıdır və Azərbaycan ordusu regionun lider ordusudur: “Ölkəmiz öz hərbi-siyasi iradəsini ortaya qoyub. Dövlətimiz ordunun güclənməsi yolunda müxtəlif tapşırıqlar verir, hərbiçilərin ruh yüksəkliyi və döyüş əzmi getdikcə daha da artır. Hesab edirəm ki, görülən yaxşı işlərlə bərabər, mətbuatla əlaqələr də gücləndirilməlidir. Ordu KİV-lə işini güclü şəkildə qurmalıdır. Müdafiə Nazirliyi təkcə özünə lazım olan məlumatları mətbuata ötürməməlidir. Onlar gərək ətrafda gəzən söz-söhbətlərə qısa zamanda münasibət bildirsinlər, əslində necə olduğunu xalqa çatdırsınlar. Təəssüf ki, son günlər xoşagəlməz xəbərlər eşitmiş olduq. Hesab edirəm ki, bunların əsil səbəbi informasiyasızlıqdır”.
Politoloqun fikrincə, Azərbaycan ordusu istənilən təxribata cavab verməyə hər zaman hazırdır: “Təəssüf ki, Ermənistanın Azərbaycana təcavüzü hələ də bitmir. Amma unudurlar ki, ölkəmizin hərbi büdcəsi ildən-ilə artır. Bizim kifayət qədər gücümüz var. Azərbaycan ordusu ermənilərin istənilən planının qarşısını almağa hazırdır və bilsinlər ki, onlara qarşı əks plan həyata keçiriləcək. Ölkəmizin çox savadlı kadrları, proqramçıları var. Biz onların istənilən planından daha təkmilini qurmağa qadirik. Bizim xeyli sayda pilotsuz təyyarəmiz var ki, bunun da nəyə qadir olduğunu bilirsiniz. Savadlı kompyuter mütəxəssislərimiz onların qurğularını sıradan çıxara bilirlər. Onu da demək istəyirəm ki, əgər hansısa xoşagəlməz hal baş verirsə belə, bunu əsas gətirməklə ordumuz haqda mənfi fikir söyləmək olmaz. Azərbaycan ordusu çox güclüdür və cəsur hərbçilərdən ibarətdir”.
M.Əhmədoğlu bildirdi ki, orduda gedən islahatlar, quruculuq işləri haqda yalnız müsbət sözlər söyləmək mümkündür: “Azərbaycan ordusunun keçirdiyi təlimləri görən ermənilər bunun onlar üçün təhlükəli olduğunu etiraf ediblər. Onlar da bilirlər ki, Azərbaycan ordusu işğal olunmuş ərazilərini istədiyi an geri qaytarmaq gücündədir. Hazırda hərbi sahədə görülən işlərin nəticəsində ordumuz ən yüksək hazırlıq səviyyəsinə çatdırılıb. Ona görə də Ermənistan Azərbaycan ordusundan çəkinir, onu hərbi faktor kimi qəbul edir”.
Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli də Azərbaycan ordusunun regionda ən güclü olduğunu, buna görə düşmən ölkənin hərbçilərinin bizdən çəkindiyini söylədi: “Bütün dünya ordumuzun gücündən xəbərdardır. Bunu Ermənistan da bilir. Amma təəssüf ki, onlar heç zaman sözlərinin üstündə durmayıblar və atəşkəs rejiminə əməl etməyiblər. Məlum olduğu kimi, hər zaman cəbhə xəttində gərginlik yaradırlar. Düşünürəm ki, bu, Ermənistanın öz daxilində olan problemlərlə bağlıdır. Onlar xalqın diqqətini sosial problemlərdən yayındırmaq üçün cəbhədə gərginlik yaradırlar. Təəssüf ki, Ermənistan ordusu bizim ordu ilə mübarizə aparmır. Yəqin bilirlər ki, o gücdə deyillər. Amma ürək ağrıdan məqamdır ki, onlar bizim mülki əhaliyə atəş açırlar. Öz dədə-baba yurduna gedənlərlə nə cür davrandıqları göz qabağındadır. Ermənilər hər zaman yaşlılarımızla, uşaqlarımızla ən pis formada davranıblar. Təəssüf ki, beynəlxalq ictimaiyyət terrorçulara, separatçılara qarşı yumşaq davranır. Adam bilmir ki, onlar kordurlar yoxsa kar?”
E.Həsənli hesab edir ki, ATƏT-in həmsədr dövlətləri və digər beynəlxalq təşkilatlar son günlər yaşananlara reaksiya verməlidirlər: “Nə Kəlbəcərdə əsir düşənlərə reaksiya verilir, nə mülki şəxslərin vurulmasına, nə də şəhid olan əsgərlərimizə. Biz ermənilərdən fərqli olaraq, düşmənin mülki şəxslərinə deyil, ordusuna qarşı vuruşuruq. Beynəlxalq ictimaiyyət, birliklər Ermənistanı qınamalı, cəzalandırmalı, başına ağıl qoymalıdır. Əgər belə gedərsə, regionda müharibə təhlükəsi qaçılmazdır.
Azərbaycan işğal olunmuş ərazilərini qaytaracaq. Bunun üçün çox güclü hərbi təlimlər keçirilir, hərbi-texniki baza gücləndirilir. Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini ordu qoruyur. Ona görə də dövlətimiz ordunu ən müasir texnikalar, silahlarla təchiz edir. Həmçinin əsgərlərimizin döyüş və psixoloji hazırlığı da yüksək səviyyədədir.
Müharibə şəraitində yaşayan ölkə hər məqama hazır olmalıdır. Çünki döyüş davam edir. Döyüşdə itki də qaçılmazdır. Amma bilməlisiniz ki, düşmən həmişə bizdən artıq itki verib. Dünyanın ən müasir texnika ilə təchiz olunmuş ordularında da itkilər olur. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsi qədərdir. Hansı məsələni müqayisə etsəniz görərsiniz ki, onlar bizdən çox geridədirlər”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər