• çərşənbə axşamı, 19 mart, 06:04
  • Baku Bakı 8°C

Azərbaycanı ləkələməyin növbəti seriyası

18.01.19 16:16 1092
Azərbaycanı ləkələməyin növbəti seriyası
Yanvarın 17-də Avropa Parlamentində (AP) Azərbaycanla bağlı aparılmış müzakirələr və bloger Mehman Hüseynovla bağlı qəbul olunmuş qətnamə Azərbaycana qarşı işləyən qüvvələrin növbəti qeyri-obyektiv münasibətinin əyani göstərcisidir. Bu gün Avropada yaşanan ciddi proseslərin fonunda AP-nin heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil etməsi cox ciddi mətləblərdən xəbər verir...
Qərb, xüsusilə AP kimi qurumlar demokratiyanın pirinsiplərində dürüstlük nümunəsi göstərə bilmirlər. Əvəzində (məsələn, son seşkilərdə Ermənisanda yaşanan siyasi proseslər fonunda) seçki məsələlərində rüşvətə bulaşmağın mümkünlüyünü öz funksionerləri timsalında isbat ediblər. Mötəbər hesab etdiyimiz qurumların üzvlərinin lazım gələndə pulun müqabilində demokratiyaya xəyanət etmələri danılmaz faktdır. Zaman-zaman müstəqil siyasət yürüdən ölkələrin daxili işlərinə qızışdırıcı metodlarla qarışmağın isə demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bu qurumlar üçün demokratiya və insan haqları kimi fundamental dəyərlər yalnız o zaman dövriyyəyə buraxılır ki, öz maraqları təmin olunmur. Ya hansısa anlaşmada mübahisəli məqamlar var, ya da hansısa müqavilələrinin vaxtı daralıb və s...
Nəticə odur ki, bir sıra beynəlxalq qurumların demokratiya dəyərləri sözün bütün mənalarında şübhəli xarakter alır. Məsələn, bu gün bütün dünyanın gözü qarşısında Fransa kimi Avropa ölkəsində kütləvi aksiyalara zorakı metodlarla cavab verilməsi nümunəsi arxa plana keçirilir və əvəzində Azərbaycanda hazırda aclıq aksiyası keçirməyən birisi ilə bağlı qətnamə müzakirə olunur. Müqayisə özü hər şeyi gün kimi ortaya çıxarmırmı? Və ya son illərdə ən qeyri-demokratik ölkə olan Ermənistan haqda bir dənə də təcili Qətnamə qəbul etməyən AP, niyə Azərbaycanla bağlı fərqli mövqe tutur?
Hansısa Avropa ölkəsində insanların öz hüquqları ilə bağlı (iş şəraitinin ağırlığı, əmək haqqının azlığı, iqtisadi böhranın yaratdığı problemlər və s.) aksiyalar lazım gələndə ən sərt formada dağıdılır. Bu, "sözə baxmayan” ölkələrdə olanda isə AP kimi qurumlar ən xırda məsələ olsa belə, onunla bağlı təcili müzakirələr təşkil edir.Mehman Hüseynovla bağlı qətnamə nümunəsində də eyni mənzərə göz önündədir-ikili standartlar.

Bunun məhz belə olduğunu görmək üçün öncə qətnamə ilə bağlı müzakirələrə toxunmaq yerinə düşər. Öncə qətnamənin həmmüəlliflərindən Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harmsın (Almaniya, Yaşıllar qrupu) kim olduğuna diqqət etmək yetər ki, bu sənədin Azərbaycana qarşı aparılan kampaniyanın bir elementi olduğunu görəsən.
Bu şəxs Sorosla bağlı olduğunu açıq şəkildə nümayiş etdirir və bunun isbatı kimi birgə şəkillərini sosial şəbəkələrdə yayır. Rebekka Harms M.Hüseynovla bağlı təcili qətnamənin müzakirələrində çıxışı zamanı iddia edib ki, məsələ istiqamətindəAzərbaycanlı həmkarları ilə təmaslar qurmaq istəyib. Ancaq reallıq ondan ibarətdir ki, AP-də təşkil olunan dinləmələrlə bağlı bu qurum tərəfindən Azərbaycanın müvafiq qurumlarına, eləcə də Azərbaycanın Brüsseldəki Səfirliyinə heç bir müraciət daxil olmayıb.


Müzakirələr zamanı Avropa İttifaqının komissarı Sesilia Malstrom təmsil etdiyi qurumun diplomatik nümayəndələrinin M.Hüseynova baş çəkdiklərini, onun aclıq aksiyasını dayandırdığını və səhhətində ciddi təhlükə yaradan vəziyyət olmadığını desə də, təbii ki, buna diqqət edilməyib. Avropada erməni diasporunun, ermənipərəst dairələrin əlində alətə çevrilənlər, AP-də ölkəmizə qarşı qərəzli münasibəti xroniki xarakter alanlar bu danlmaz faktı görməzdən gəliblər.
Başqa bir məqam isə, M.Hüseynovun qardaşı, hazırda Azərbaycana qarşı bütün tədbirlərin fəal iştirakçısı Emin Hüseynovun qətnamə üzrə səsvermədən az öncə AP üzvlərinə ünvanladığı elektron məktubdur. Məktubunda komissar Malstromun çıxışında M.Hüseynovun aclıq aksiyası keçirmədiyi bəyanatını E.Hüseynov tərəfindən şübhə altına almaq cəhdi açıq-aydın hiss olunur. Malstromun çıxışına E.Hüseynovun təcili reaksiyası "şok oldum” kimi ifadə olunub. Yəqin E.Hüseynov ya Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmirmiş, ya da Mehman Hüseynovun əldə olunmuş razılığa əməl etmədiyindən şoka düşübmüş.
Bu şəxsin son aylardakı davranışları, sərgilədiyi mövqe, həmçinin Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları oyuna inandırmağa çalışması, səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciəti bir daha onu göstərir ki, bu şəxs üçün qardaşının taleyi sonuncu məsələdir. Əsas olan verilən sifarişi layiqincə icra etmək və bu oyundan şəxsi maraqlarını təmin etməkdir.
Qətnamənin 9-cu maddəsi barədə deməyə söz tapmaq isə çətindir - APAzərbaycanda LGBT-nin durumu ilə bağlı narahatlığını bildirir və hakimiyyəti LGBT ilə çalışan hüquq müdafiəçilərinə əngəl törətməməyə və qorxutmamağa çağırır;
Görünür AP-nin Azərbaycan seksual azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı layihələri əlində qalıb və vəsaiti silməyə yeni məkan axtarırlar...
Bir sözlə, AP-nin son qətnaməsi zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə istifadə etdiyi növbəti alətlərdən biridir. Belə alətlərdən istifadə edərək M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa cəhd edirlər. Amma unudulur ki, qətnamənin heç bir qüvvəsi yoxdur.Nəzərə almaq lazımdır ki, Azərbaycanın digər beynəlxalq təşkilatlarla isti əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr ölkəmizin milli maraqlarına və qarşılıqlı maraq kəsb edən sənədlərin müzakirə olunmasına əsaslanır. Azərbaycan dəfələrlə öz milli maraqları çərçivəsində istənilən dövlət, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktivəməkdaşlıq etməyə hazır olduğunu bəyan edib və bunu gerçəkləşdirib. Azərbaycanla hansısa təzyiq metodları ilə danışmaq isə heç bir halda qəbul olunmayıb.Bu baxımdan son qətnamədə Mehman Hüseynov amilindən istifadə edərək, ölkəmizə qarşı planlaşdırılan ssenarinin uğursuz nəticəsi olmaqdan uzağa gedə bilməyəcək.
Qətnamənin, həm niyə qəbul olunduğu (inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin məkanı olan Azərbaycanı ləkələmək, Azərbaycan haqqında yanlış, tamamilə həqiqətə zidd bir rəy yaratmaq) bəlli, həm də arxasında hansı qüvvələrin (AP-dəki anti-Azərbaycan qruplaşması və onları dəstəkləyən erməni lobbisi) durduğu tam bəllidir. Belə bir şəraitdə bu qətnamə Azərbaycan üçün adi kağız parçasından başqa bir şey deyil və Azərbaycanı özünə tabe etmək istəyən qüvvələrin növbəti səyləri boşa çıxacaq. Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Azərbaycanın siyasəti müstəqil, milli maraqlar üzərində formalaşıb və siyasətə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz.Bunu AP-nin son qətnamsəinə cavab kimi də qəbul etmək olar...
Elman Babayev
banner

Oxşar Xəbərlər