“Azərbaycanı layiqincə tərənnüm edirəm” - Fotolar
O gecə Truskavets şəhərinin "Karpatı”
sanatoriyasının konsert salonuna yığışanlar sözün həqiqi mənasında zövq
aldılar. Ukraynanın müxtəlif şəhərlərindən, ayrı-ayrı xarici ölkələrdən, o
cümlədən Azərbaycandan istirahətə və müalicəyə gələn insanlar kurort-otelin
salonundan dalğa-dalğa yayılan bu ecazkar səsin sehrinə düşdülər.Ukraynanın xalq
artisti Qurban Abbasov Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının
təşkilatçılığı ilə keçirilən "Novruz konserti”ndə salonda olanlara klassik
vokal nümunələri, Ukrayna mahnıları, ən əsası isə, ecazkar Azərbaycan musiqisi
bəxş etdi. Azərbaycanın milli libasında və sənət dostu Natalya Kudryaşova ilə səhnəyə
çıxan müğənninin dilindən Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Müslüm Maqomayevin
musiqiləri süzüldükcə, tamaşaçılar həm Azərbaycan, həm də Ukrayna dillərində bu
mahnıları dinləyərək heyran oldular.
"Novruz bayramı şərq xalqlarının ən geniş yayılmış
və məşhur bayramıdır. Bizim Truskavetsə qastrol konsertimizin də "Novruz”
adlanması məhz bu bayramla əlaqədardır” - deyə müğənni "Kaspi”yə müsahibəsində
söylədi:
- Novruz
bayramının Ukraynada qeyd olunması burada yaşayan insanları xalqımızın ən qədim
bayramı ilə tanış edir. Bu bayramın tanıdılması isə bizim üzərimizə düşür. "Novruz
konserti” proqramı ilə Ukraynanın şəhər və vilayətlərində çıxış edirik. Bu
silsilədən sonuncu konsert proqramı Taras Şevçenko adına Kiyev Milli Universitetinin
türk dilləri fakültəsində keçiriləcək. Həmin fakültədə Ukrayna və başqa
xalqların tələbələri türk mədəniyyətini və dilini öyrənirlər. Biz də onların
qarşısında "Novruz konserti” ilə çıxış edib öz adət-ənənələrimiz haqqında
məlumat verəcəyik.
Azərbaycan
bəstəkarlarının mahnıları
- Heç şübhəsiz, Ukraynanın xalq artisti adına layiq
görülənə qədər uzun və çətin yaradıcılıq yolu keçmisiniz...
-
Mən Naxçıvanda doğulmuşam. Musiqini isə uşaqlıqdan sevmişəm. Orta məktəbdə təhsil ala-ala o vaxtlar çox dəbdə olan
pionerlər evinə gedirdim, uşaq xorunda oxuyurdum. Valideynlərim tərəfindən
bəzən buna qadağa da qoyulurdu, onlar daha çox dərslərimlə məşğul olmağımı
istəyirdilər. Mən isə inadımdan dönmədim. İfaçılıq sənətinə o qədər böyük
marağım var idi ki, özümü bu sənətdən kənarda təsəvvür edə bilmirdim. Bir də
onda ayıldım ki, bu maraq məni böyük səhnələrə gətirib çıxarıb. Orta təhsilimi
başa vurduqdan sonra Ukraynada Çaykovski adına Kiyev Dövlət Konservatoriyasına
qəbul olmaq istədim. Düzdür, çoxları bu istəyimə şübhə ilə yanaşdı. İmtahan və
müsabiqələrdə tanınmış və təcrübəli musiqiçilərin səs imkanlarım haqqında
səsləndirdikləri yüksək fikirlər mənə təkcə stimul vermədi, həm də gələcək
həyatımı müəyyən etdi.Bu nüfuzlu təhsil ocağını bitirdikdən sonra Almaniyada işə dəvət
olundum. 1986-1993-cü illərdə Almaniyanın opera səhnələrinə çıxdım. Həmçinin bu
ölkədəki keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin hərbi ansamblında çalışdım. İstər
Almaniyada, istərsə də digər Avropa ölkələrinə qastrollarım zamanı
repertuarımda Azərbaycan mahnılarına yer ayırdım. O zaman çox da tanınmayan
Azərbaycanı musiqisini tanıtmağa çalışdım.Almaniyada səkkiz il fəaliyyət göstərəndən sonra yenidən Ukraynaya qayıtdım.
Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin azsaylı xalqların mədəniyyəti
şöbəsinə işə qəbul olundum. Həmçinin Ukrayna Dövlət Sərhəd Xidmətinin mahnı və
rəqs ansamblında işlədim. Bununla yanaşı Kiyev, şəhərindəki Müslüm Maqomayev
adına Mədəniyyət Mərkəzinə rəhbərlik etdim. Bu illər ərzində demək
olar ki, Ukraynanın mədəni həyatında çox fəal iştirak etmişəm. Yaradıcılığım da heç vaxt diqqətdən kənarda qalmayıb.
Beynəlxalq festivalların, dövlət qurumlarının, ictimai təşkilatların fəxri
fərmanlarına, diplomlarına layiq görülmüşəm. Ukrayna prezidentinin fərmanları
ilə 1999-cu ildə əməkdar artist, 2009-cu ildə xalq artisti adını almışam.
- Ukraynadakı Müslüm Maqomayevin adını
daşıyan Mədəniyyət Mərkəzi böyük müğənninin xatirəsinin yaşadılması üçün hansı
işləri həyata keçirir?
- Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi 2009-cu
ildə yaradılıb. Mərkəzin fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini,
dilimizi, tariximizi bu xalqa göstərmək, həm də Ukraynada yaşayan 124 xalqın
qarşısında müxtəlif tədbirlərlə çıxış etmək, öz mədəniyyətimizi, tariximizi
onlara aşılamaqdır. Azərbaycan Mədəniyyət Mərkəzi 1999-cu ildə Ukraynada
yaranan Azərbaycan Konqresinin bir qolu kimi fəaliyyət göstərir. Mən, həmçinin konqresin nəzdində fəaliyyət göstərən
"Azərbaycan” ansamblına rəhbərlik edirəm. 25 vilayətdə bu konqresin
regional şöbələri var. Həmin bölmələr yerləşdiyi ərazidə Azərbaycanın
mədəniyyətini, tarixini, diasporunu təbliğ edirlər. Burada yaşayan
azərbaycanlılar çalışırlar ki, dövlətimizi bu ölkədə layiqincə təmsil etsinlər.
- Siz
Ukraynada yaşadığınız və fəaliyyət göstərdiyiniz üçün təbii ki, repertuarınızı
müxtəlif xalqların, həm də daha çox Ukraynanın mahnıları bəzəyir. Bəs
Azərbaycan musiqisinə nə qədər yer ayırırsınız?
-
Azərbaycan musiqisi demək olar ki, o torpaqda doğulan və müğənni kimi yetişən
hər bir insanın qanındadır. Mən dünyanın hansı bir ölkəsində olmuşamsa, mütləq
Azərbaycan mahnısı da ifa etmişəm. Bizim mahnılarımız auditoriya tərəfindən
məhəbbətlə qarşılanır. Çünki mahnılarımız çox şirindir, ürəyə yaxındır. Bizim
bəstəkarlarımızın mahnılarını ifa etməmək, tanıtmamaq böyük qəbahət olar. Necə
ola bilər ki, səhnəyə çıxasan, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət
Əmirovun, Əşrəf Abbasovun, Müslüm Maqomayevin, Tofiq Quliyevin mahnılarını
oxumayasan? Repertuarımda Müslüm Maqomayevin böyük
şövqlə oxuduğu "Azərbaycan” mahnısı xüsusi yer tutur. Bu gün hər bir
azərbaycanlının zəngin mədəniyyətimiz, incəsənətimiz ilə qürur hissi keçirməyə
haqqı var. Azərbaycan dünyaya çox böyük bəstəkarlar bəxş edib. Mən də bu ölməz
sənətkarların əsərlərini ifa edib Azərbaycanı layiqincə tərənnüm edirəm. Onu da
qeyd edim ki, Azərbaycan mədəniyyətini təbliğ etdiyimə görə, dünya azərbaycanlılarının Bakıda keçirilən ikinci
qurultayında Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə "Tərəqqi”
medalına layiq görülmüşəm.
Böyük müğənninin adına layiq
- Azərbaycanda
tez-tez musiqi aləmində şou sənətinin daha çox yayılması ilə bağlı fikirlər
səslənilir. Hətta bayağı musiqilərin ciddi sənəti sıxışdırdığı deyilir. Bu
baxımdan Ukraynada vəziyyət necədir?
- Mən peşəkar musiqiçi kimi deyə bilərəm ki, bu
çatışmazlıqlar elə Ukraynanın incəsənətində də mövcuddur. Hətta öz
müşahidələrimə əsasən qeyd edə bilərəm ki, bu gün bütün dünyada vəziyyət eynidir.
Hansısa bir qüvvə sanki gözəl bəstəkar mahnılarına, xalq mahnılarına,
ümumiyyətlə səviyyəli sənətə zərbə vurur. Nəticədə dəyərsiz, bayağı musiqini
insanların beyninə yeridirlər. Gənclər korifey sənətkarları tanımırlar. Xalq
musiqisinin köklərini bilməyən bir insanın ölkəsinin musiqi mədəniyyətindən,
incəsənətindən xəbəri ola bilməz. Biz peşəkar musiqinin, milli-mənəvi
dəyərlərimizin təbliğatını daha da gücləndirməliyik.
- Azərbaycanda
konsert proqramı ilə çıxış etməyi düşünürsünüzmü?
- Təəssüf ki, belə bir dəvət almıram. Hətta,
deyərdim ki, bizim təşkilatın fəaliyyəti ilə bağlı da laqeydlik görürəm.
Məsələn, biz ukraynalı sənət adamları ilə birgə Azərbaycan musiqilərindən
ibarət ifalar təqdim edirik. Ancaq biz həmin ifalarla indiyə qədər Azərbaycanda
səhnəyə çıxmamışıq. Hətta repertuarımız üçün seçəcəyimiz əsərlərin notlarını
Azərbaycandan ala bilmirik.
- Truskavetsdə noyabr ayında Müslüm
Maqomayevin xatirəsinə həsr olunan ilk beynəlxalq vokal festivalı keçirməyi
planlaşdırırsınız. Təşkilatçılıq işləri hansı səviyyədədir?
- Müslüm Maqomayev həmişə mənim kumirim olub. Artıq
bir neçə ildir ki, onun adına festival təşkil edirəm. Truskavetsdə isə belə bir
festival ilk dəfə keçiriləcək. Bu festivalların təşkil olunmasında Ukraynada
yaşayan azərbaycanlıların, xüsusən konqresin rəhbəri Rövşən Tağıyevin böyük
əməyi var. Ukrayna dövləti də tədbirlərimizə həmişə dəstək olub. Vokal
festivalına gəlincə, bütün dünya Maqomayevi tanıyır. Nə üçün biz onun adına
vokalistlərin beynəlxalq müsabiqəsini
keçirməyək? Nə üçün Yurmalada hər il festival keçirilir və dünyada məşhurlaşır,
biz isə Truskavetsdə belə festivalı keçirib məşhurlaşdırmayaq? Bunun üçün
şəhərdə hər cür imkan var. Vaxtilə vokalçıların müsabiqəsi Yaltada keçirilib.
Əgər indi məqsəd Truskavetsi bütün festivalların mərkəzinə çevirməkdirsə, nə
çün Müslüm Maqomayevin adına festival keçirməyək? Artıq konsertin konsepsiyası
hazırdır. Elə təkcə Ukrayna ərazisində çox istedadlı vokalistlər var. Biz
Donetsk, Xarkov, Kiyev konservatoriyalarının müəllimləri ilə münsiflər
heyətinin seçilməsi ilə bağlı məsləhətləşmələr aparacağıq. Münsiflər heyəti
Ukrayna ali məktəblərinin musiqi kafedralarının ən yaxşı müəllimlərindən və
opera solistlərindən seçiləcək. Bu, həvəskar müsabiqə olmayacaq. Hər bir
istedadlı və peşəkar vokalist bu müsabiqəyə qatıla bilər. Biz bu festivalı yüksək
səviyyədə həyata keçirmək niyyətindəyik. Təbii ki, Truskavets meriyası da
təşkilatçılıq işlərində bizə kömək etməyə hazırdır. Hesab edirik ki, Azərbaycan
musiqiçiləri də bu festivala laqeyd qalmayacaq. Ümumiyyətlə, Truskavetsdə
istirahət etməyə çoxlu azərbaycanlılar gəlir. İnanırıq ki, onlar da bu
festivalın yekun tədbirində fəal iştirak edəcəklər.
Təranə
Məhərrəmova
Truskavets