AZE | RUS | ENG |

“Azərbaycanı layiqincə tərənnüm edirəm” - Fotolar

“Azərbaycanı layiqincə tərənnüm edirəm” - Fotolar
Ukraynanın xalq artisti Qurban Abbasov: Xalq musiqisinin köklərini bilməyən insanın ölkəsinin musiqi mədəniyyətindən, incəsənətindən xəbəri ola bilməz

O gecə Truskavets şəhərinin "Karpatı” sanatoriyasının konsert salonuna yığışanlar sözün həqiqi mənasında zövq aldılar. Ukraynanın müxtəlif şəhərlərindən, ayrı-ayrı xarici ölkələrdən, o cümlədən Azərbaycandan istirahətə və müalicəyə gələn insanlar kurort-otelin salonundan dalğa-dalğa yayılan bu ecazkar səsin sehrinə düşdülər.  Ukraynanın xalq artisti Qurban Abbasov Ukrayna-Azərbaycan Beynəlxalq Alyansının təşkilatçılığı ilə keçirilən "Novruz konserti”ndə salonda olanlara klassik vokal nümunələri, Ukrayna mahnıları, ən əsası isə, ecazkar Azərbaycan musiqisi bəxş etdi. Azərbaycanın milli libasında və sənət dostu Natalya Kudryaşova ilə səhnəyə çıxan müğənninin dilindən Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Müslüm Maqomayevin musiqiləri süzüldükcə, tamaşaçılar həm Azərbaycan, həm də Ukrayna dillərində bu mahnıları dinləyərək heyran oldular.  

"Novruz bayramı şərq xalqlarının ən geniş yayılmış və məşhur bayramıdır. Bizim Truskavetsə qastrol konsertimizin də "Novruz” adlanması məhz bu bayramla əlaqədardır” - deyə müğənni "Kaspi”yə müsahibəsində söylədi:
 
-  Novruz bayramının Ukraynada qeyd olunması burada yaşayan insanları xalqımızın ən qədim bayramı ilə tanış edir. Bu bayramın tanıdılması isə bizim üzərimizə düşür. "Novruz konserti” proqramı ilə Ukraynanın şəhər və vilayətlərində çıxış edirik. Bu silsilədən sonuncu konsert proqramı Taras Şevçenko adına Kiyev Milli Universitetinin türk dilləri fakültəsində keçiriləcək. Həmin fakültədə Ukrayna və başqa xalqların tələbələri türk mədəniyyətini və dilini öyrənirlər. Biz də onların qarşısında "Novruz konserti” ilə çıxış edib öz adət-ənənələrimiz haqqında məlumat verəcəyik. 
 
Azərbaycan bəstəkarlarının mahnıları
 
- Heç şübhəsiz, Ukraynanın xalq artisti adına layiq görülənə qədər uzun və çətin yaradıcılıq yolu keçmisiniz...
- Mən Naxçıvanda doğulmuşam. Musiqini isə uşaqlıqdan sevmişəm. Orta məktəbdə təhsil ala-ala o vaxtlar çox dəbdə olan pionerlər evinə gedirdim, uşaq xorunda oxuyurdum. Valideynlərim tərəfindən bəzən buna qadağa da qoyulurdu, onlar daha çox dərslərimlə məşğul olmağımı istəyirdilər. Mən isə inadımdan dönmədim. İfaçılıq sənətinə o qədər böyük marağım var idi ki, özümü bu sənətdən kənarda təsəvvür edə bilmirdim. Bir də onda ayıldım ki, bu maraq məni böyük səhnələrə gətirib çıxarıb. Orta təhsilimi başa vurduqdan sonra Ukraynada Çaykovski adına Kiyev Dövlət Konservatoriyasına qəbul olmaq istədim. Düzdür, çoxları bu istəyimə şübhə ilə yanaşdı. İmtahan və müsabiqələrdə tanınmış və təcrübəli musiqiçilərin səs imkanlarım haqqında səsləndirdikləri yüksək fikirlər mənə təkcə stimul vermədi, həm də gələcək həyatımı müəyyən etdi. Bu nüfuzlu təhsil ocağını bitirdikdən sonra Almaniyada işə dəvət olundum. 1986-1993-cü illərdə Almaniyanın opera səhnələrinə çıxdım. Həmçinin bu ölkədəki keçmiş SSRİ-nin Silahlı Qüvvələrinin hərbi ansamblında çalışdım. İstər Almaniyada, istərsə də digər Avropa ölkələrinə qastrollarım zamanı repertuarımda Azərbaycan mahnılarına yer ayırdım. O zaman çox da tanınmayan Azərbaycanı musiqisini tanıtmağa çalışdım. Almaniyada səkkiz il fəaliyyət göstərəndən sonra yenidən Ukraynaya qayıtdım. Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin azsaylı xalqların mədəniyyəti şöbəsinə işə qəbul olundum. Həmçinin Ukrayna Dövlət Sərhəd Xidmətinin mahnı və rəqs ansamblında işlədim. Bununla yanaşı Kiyev, şəhərindəki Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinə rəhbərlik etdim. Bu illər ərzində demək olar ki, Ukraynanın mədəni həyatında çox fəal iştirak etmişəm. Yaradıcılığım da heç vaxt diqqətdən kənarda qalmayıb. Beynəlxalq festivalların, dövlət qurumlarının, ictimai təşkilatların fəxri fərmanlarına, diplomlarına layiq görülmüşəm. Ukrayna prezidentinin fərmanları ilə 1999-cu ildə əməkdar artist, 2009-cu ildə xalq artisti adını almışam. 

- Ukraynadakı Müslüm Maqomayevin adını daşıyan Mədəniyyət Mərkəzi böyük müğənninin xatirəsinin yaşadılması üçün hansı işləri həyata keçirir?
- Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzi 2009-cu ildə yaradılıb. Mərkəzin fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini, dilimizi, tariximizi bu xalqa göstərmək, həm də Ukraynada yaşayan 124 xalqın qarşısında müxtəlif tədbirlərlə çıxış etmək, öz mədəniyyətimizi, tariximizi onlara aşılamaqdır. Azərbaycan Mədəniyyət Mərkəzi 1999-cu ildə Ukraynada yaranan Azərbaycan Konqresinin bir qolu kimi fəaliyyət göstərir. Mən, həmçinin konqresin nəzdində fəaliyyət göstərən "Azərbaycan” ansamblına rəhbərlik edirəm. 25 vilayətdə bu konqresin regional şöbələri var. Həmin bölmələr yerləşdiyi ərazidə Azərbaycanın mədəniyyətini, tarixini, diasporunu təbliğ edirlər. Burada yaşayan azərbaycanlılar çalışırlar ki, dövlətimizi bu ölkədə layiqincə təmsil etsinlər. 
 
- Siz Ukraynada yaşadığınız və fəaliyyət göstərdiyiniz üçün təbii ki, repertuarınızı müxtəlif xalqların, həm də daha çox Ukraynanın mahnıları bəzəyir. Bəs Azərbaycan musiqisinə nə qədər yer ayırırsınız?
- Azərbaycan musiqisi demək olar ki, o torpaqda doğulan və müğənni kimi yetişən hər bir insanın qanındadır. Mən dünyanın hansı bir ölkəsində olmuşamsa, mütləq Azərbaycan mahnısı da ifa etmişəm. Bizim mahnılarımız auditoriya tərəfindən məhəbbətlə qarşılanır. Çünki mahnılarımız çox şirindir, ürəyə yaxındır. Bizim bəstəkarlarımızın mahnılarını ifa etməmək, tanıtmamaq böyük qəbahət olar. Necə ola bilər ki, səhnəyə çıxasan, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Əşrəf Abbasovun, Müslüm Maqomayevin, Tofiq Quliyevin mahnılarını oxumayasan? Repertuarımda Müslüm Maqomayevin böyük şövqlə oxuduğu "Azərbaycan” mahnısı xüsusi yer tutur. Bu gün hər bir azərbaycanlının zəngin mədəniyyətimiz, incəsənətimiz ilə qürur hissi keçirməyə haqqı var. Azərbaycan dünyaya çox böyük bəstəkarlar bəxş edib. Mən də bu ölməz sənətkarların əsərlərini ifa edib Azərbaycanı layiqincə tərənnüm edirəm. Onu da qeyd edim ki, Azərbaycan mədəniyyətini təbliğ etdiyimə görə, dünya azərbaycanlılarının Bakıda keçirilən ikinci qurultayında Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə "Tərəqqi” medalına layiq görülmüşəm. 

Böyük müğənninin adına layiq
 
- Azərbaycanda tez-tez musiqi aləmində şou sənətinin daha çox yayılması ilə bağlı fikirlər səslənilir. Hətta bayağı musiqilərin ciddi sənəti sıxışdırdığı deyilir. Bu baxımdan Ukraynada vəziyyət necədir?
- Mən peşəkar musiqiçi kimi deyə bilərəm ki, bu çatışmazlıqlar elə Ukraynanın incəsənətində də mövcuddur. Hətta öz müşahidələrimə əsasən qeyd edə bilərəm ki, bu gün bütün dünyada vəziyyət eynidir. Hansısa bir qüvvə sanki gözəl bəstəkar mahnılarına, xalq mahnılarına, ümumiyyətlə səviyyəli sənətə zərbə vurur. Nəticədə dəyərsiz, bayağı musiqini insanların beyninə yeridirlər. Gənclər korifey sənətkarları tanımırlar. Xalq musiqisinin köklərini bilməyən bir insanın ölkəsinin musiqi mədəniyyətindən, incəsənətindən xəbəri ola bilməz. Biz peşəkar musiqinin, milli-mənəvi dəyərlərimizin təbliğatını daha da gücləndirməliyik.
 
- Azərbaycanda konsert proqramı ilə çıxış etməyi düşünürsünüzmü?
- Təəssüf ki, belə bir dəvət almıram. Hətta, deyərdim ki, bizim təşkilatın fəaliyyəti ilə bağlı da laqeydlik görürəm. Məsələn, biz ukraynalı sənət adamları ilə birgə Azərbaycan musiqilərindən ibarət ifalar təqdim edirik. Ancaq biz həmin ifalarla indiyə qədər Azərbaycanda səhnəyə çıxmamışıq. Hətta repertuarımız üçün seçəcəyimiz əsərlərin notlarını Azərbaycandan ala bilmirik. 
 
- Truskavetsdə noyabr ayında Müslüm Maqomayevin xatirəsinə həsr olunan ilk beynəlxalq vokal festivalı keçirməyi planlaşdırırsınız. Təşkilatçılıq işləri hansı səviyyədədir?
- Müslüm Maqomayev həmişə mənim kumirim olub. Artıq bir neçə ildir ki, onun adına festival təşkil edirəm. Truskavetsdə isə belə bir festival ilk dəfə keçiriləcək. Bu festivalların təşkil olunmasında Ukraynada yaşayan azərbaycanlıların, xüsusən konqresin rəhbəri Rövşən Tağıyevin böyük əməyi var. Ukrayna dövləti də tədbirlərimizə həmişə dəstək olub. Vokal festivalına gəlincə, bütün dünya Maqomayevi tanıyır. Nə üçün biz onun adına vokalistlərin beynəlxalq  müsabiqəsini keçirməyək? Nə üçün Yurmalada hər il festival keçirilir və dünyada məşhurlaşır, biz isə Truskavetsdə belə festivalı keçirib məşhurlaşdırmayaq? Bunun üçün şəhərdə hər cür imkan var. Vaxtilə vokalçıların müsabiqəsi Yaltada keçirilib. Əgər indi məqsəd Truskavetsi bütün festivalların mərkəzinə çevirməkdirsə, nə çün Müslüm Maqomayevin adına festival keçirməyək? Artıq konsertin konsepsiyası hazırdır. Elə təkcə Ukrayna ərazisində çox istedadlı vokalistlər var. Biz Donetsk, Xarkov, Kiyev konservatoriyalarının müəllimləri ilə münsiflər heyətinin seçilməsi ilə bağlı məsləhətləşmələr aparacağıq. Münsiflər heyəti Ukrayna ali məktəblərinin musiqi kafedralarının ən yaxşı müəllimlərindən və opera solistlərindən seçiləcək. Bu, həvəskar müsabiqə olmayacaq. Hər bir istedadlı və peşəkar vokalist bu müsabiqəyə qatıla bilər. Biz bu festivalı yüksək səviyyədə həyata keçirmək niyyətindəyik. Təbii ki, Truskavets meriyası da təşkilatçılıq işlərində bizə kömək etməyə hazırdır. Hesab edirik ki, Azərbaycan musiqiçiləri də bu festivala laqeyd qalmayacaq. Ümumiyyətlə, Truskavetsdə istirahət etməyə çoxlu azərbaycanlılar gəlir. İnanırıq ki, onlar da bu festivalın yekun tədbirində fəal iştirak edəcəklər. 
 
Təranə Məhərrəmova
Truskavets
 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176