• cümə, 29 Mart, 09:15
  • Baku Bakı 5°C

Azərbaycanı kompromisə çağırmaq siyasi reallıqdan kənar addımdır Müsahibə

20.06.13 09:43 1982
Azərbaycanı kompromisə çağırmaq siyasi reallıqdan kənar addımdır Müsahibə
“Böyük səkkizlik”in (G 8) sammiti, dünya liderlərinin görüşündən gözləntilər, Suriya ətrafında cərəyan edən hadisələr, sammitdə Dağlıq Qarabağ probleminə yanaşma, Türkiyədəki “Gəzi parkı” aksiyaları, İranda prezident seçkilərinin nəticələri və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını politoloq Fikrət Sadıxov cavablandırır.
- Şimali İrlandiyanın paytaxtı Belfastda “Böyük səkkizlik”in (G 8) sammiti keçirildi. Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Rusiya, Böyük Britaniya və ABŞ rəhbərlərinin iştirak etdiyi bu sammit əvvəlkilərdən nə ilə fərqləndi?
- “Böyük səkkizlik”in samiti ənənəvi olaraq hər il keçirilir və hər dəfə də bu toplantının gündəmini müxtəlif məsələlər təşkil edir. Bu dəfə liderlərin əsas mövzusu Suriya problemi idi. Məlumdur ki, Suriyada vətəndaş müharibəsi hazırda da davam edir. Orada olduqca mürəkkəb vəziyyət yaranıb. Aparıcı dövlətlər də öz maraqları naminə bu məsələni həll etməyə çalışdılar. Lakin əmin deyiləm ki, liderlər Suriya məsələsində konkret razılığa gəliblər. Rusiya və ABŞ qan tökülməsinə tərəfdar olmadıqlarını nümayiş etdirmək üçün bəyanat səsləndirsələr də sonradan Barak Obama Suriyadakı müxalifətə, Vladimir Putin isə Bəşər Əsəd rejiminə dəstək verəcəyini bəyan etdi. Belə bir halda liderlərin görüşünün müsbət nəticəsini görmürəm. Hesab edirəm ki, Suriyada bundan sonra da qan töküləcək və hər bir aparıcı dövlət öz maraqları naminə bundan faydalanacaq.
- Suriya məsələsində liderlərin ortaq fikrə gələ bilməməsi problemin həllinə nə dərəcədə təsir edir?
- “Böyük səkkizlik”dəki əksəriyyət liderlər Suriya prezidenti Bəşər Əsədə qarşı çıxırlar. ABŞ, Fransa, Almaniya, İngiltərə və sair hesab edir ki, Əsəd istefa verməli, qan tökmədən hakimiyyətdən getməlidir. Bunun ardınca yeni seçkilər keçirilməli, demokratik yolla xalq Suriyaya yeni prezident seçməlidir. Buna əks mövqedə dayanan qütb Rusiyadır. Rəsmi Kreml dəfələrlə bu barədə mövqeyini bəyan edib və sammitdə də Vladimir Putin bir daha qeyd etdi ki, ölkəsi Suriyada qanuni seçilmiş hazırkı prezidentə dəstək verəcək, Əsəd rejimini silah-sursatla təmin edəcək və sair. Belə bir yanaşma ilə Rusiya tək olsa da, dünyanın aparıcı ölkələrdən biri olduğu üçün onun mövqeyi ilə hesablaşırlar. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Hətta 7 dövlət ona qarşı çıxış etsə də, rəsmi Moskvanın əks mövqedə dayanması vəziyyəti daha da gərginləşdirir, heç bir razılığa gəlməyə imkan vermir. Bu səbəbdən Rusiya və ABŞ liderlərinin Suriya münaqişəsinin həlli üçün birgə fəaliyyət və sairlə bağlı sammitdəki bəyanatlarını diplomatik ritorika hesab edirəm.
- Rusiya ilə yanaşı Çin də Suriya münaqişəsində Qərb dövlətlərinə əks mövqe tutur. Buna səbəb nədir
- Soyuq müharibənin başa çatmasından, SSRİ-nin dağılmasından sonra dünyada geosiyasi kontekstdə müəyyən proseslər baş verib. Hazırda ABŞ dünyanın super dövlətidir. Rəsmi Vaşinqton gücünə arxalanaraq çalışır ki, bir sıra regionlara öz nəzarətini saxlasın. SSRİ-nin varisi Rusiya isə hesab edir ki, əksər regionlara, o cümlədən Yaxın Şərqdəki proseslərə nəzarəti o etməlidir. Onun bu regionlarda müəyyən maraqları var. Bu səbəbdən də Çinlə bərabər Qərb dövlətlərinə qarşı çıxış edir. Bu da Rusiya-Çin və ABŞ-Qərb dövlətlərindən ibarət iki qütbün yaranmasına səbəb olur. Suriya da bu qütblərin qarşıdurma mərkəzinə, böyük dövlətlərin maraq dairəsinə çevrilib. Bundan əvvəl Rusiya seyrçi mövqedə dayanmışdı. Belə mövqe ilə o, Misiri, Liviyanı, Əfqanıstanı, İraqı itirdi. İndi isə Suriyanı itirmək təhlükəsi yaranıb. Orada Rusiyanın hərbi bazası olduğundan rəsmi Moskva Suriyadakı geostrateji maraqlarını qorumağa köklənib. ABŞ-ın da Suriya ilə bağlı öz planları var. Bu il İraqdan, 2014-cü ildə Əfqanıstandan öz qoşunlarını çıxardan Amerika istəyir ki, Yaxın Şərqdə onun maraq dairəsi daha da genişlənsin.
- “Böyük səkkizlik”in görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yekun bəyanat imzalayıblar. Sizin bu bəyanata münasibətiniz necədir
- Belə bəyanatlar, ifadələr keçmişdə çox səsləndirilib. Artıq biz belə bəyanatlara vərdiş etmişik. Amma məsələ burasındadır ki, bir çox bəyanatlar çox zaman reallığı əks etdirmir. Onlar adətləri üzrə bizi yenə də hansısa sülhə, kompromisə, vahid mövqedən çıxış etməyə çağırırlar. Mən düşünmürəm ki, həmin bəyanat müəlliflərinin Dağlıq Qarabağ problemindən xəbərləri yoxdur. Onlar çox gözəl bilirlər ki, əsas məsələ Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Ermənistan silahlı birləşmələri tərəfindən işğalıdır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsini tələb edən 4 qətnaməsi var. Bu qətnamələr qəbul edilərkən ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr də buna səs veriblər. Yəni, həmin ölkələr Azərbaycanın ərazi bütövlüyünün tərəfdarı kimi çıxış ediblər. İndi belə bir vəziyyətdə Azərbaycanı kompromisə, sülhə çağırmaq, siyasi reallıqdan kənar addımdır. Faktiki olaraq, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bu məsələdə seyrçi mövqedə dayanırlar. Hesab edirəm ki, artıq Azərbaycanın kompromis limiti tükənib. 20 ildir ki, heç bir nəticə verməyən danışıqlarda səbir və təmkinlə iştirak edirik. Ancaq bu səbrin də bir sonu olmalıdır. Yaxşı başa düşürük ki, böyük dövlətlər şəxsi maraqları naminə əksər hallarda bir çox regionda özlərini tamamilə fərqli aparırlar. Lakin mən istərdim ki, böyük dövlətlərin bəyanatlarında tam reallıq əks olunsun, beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistana təzyiq göstərilsin. Əgər bu baş versə, Dağlıq Qarabağ problemi həll olunacaq. Sadəcə danışıqlara, bəyanatlara qalsa, münaqişə heç zaman həllini tapmayacaq.
- Ümumiyyətlə, belə görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunması problemin həllinə yardımçı ola bilərmi?
- Azərbaycan tərəfi bəyan edib ki, beynəlxalq hüquq normalarına uyğun olaraq, dincliyin və əmin-amanlığın tərəfdarı kimi diplomatik və siyasi yolla sülh danışıqlarının aparılmasına tərəfdardır. Hətta bu yolda müxtəlif təklifləri də gözdən keçirməyə hazırdır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Praqa, Madrid, Yenilənmiş Madrid prinsipləri mövcuddur. Bu yaxınlarda 6 prinsip məsələsi yenidən gündəmə gətirilmişdi. Biz bunu da bünövrə kimi qəbul etməyə hazırıq. Amma heç bir fayda yoxdur. Ona görə də bundan sonrakı danışıqlarda bizim mövqeyimiz hücumedici olmalıdır. Nə olursa-olsun münaqişəni dondurmağa imkan verməməliyik. Fikrimcə, Azərbaycan əvvəllər olduğu kimi bundan sonra da vəziyyətlə barışmayacaq, Ermənistanı işğalçı dövlət kimi tanıyacaq, böyük dövlətlərdən də tələb edəcək ki, rəsmi İrəvana təzyiq etsin.
- Regionumuz üçün əlamətdar hadisələrdən biri qonşu İranda prezident seçkilərinin keçirilməsi və islahatçı Həsən Ruhaninin bu posta seçilməsidir. Sizcə, bundan sonra rəsmi Tehranın daxili və xarici siyasətində hər hansı dəyişiklik müşahidə olunacaqmı?
- İran dini liderlər tərəfindən idarə olunan bir ölkədir. Onların prezidenti əsl reallıqda baş nazir funksiyasını icra edən adamdır. İrana qarşı hazırda beynəlxalq aləmin sanksiyaları mövcuddur. Bu ölkədə iqtisadi problemlər, sosial çətinliklər, dünyadan təcrid olunma, digər aparıcı dövlətlərlə diplomatik münasibətlərin gərginliyi müşahidə olunmaqdadır. Dini liderlər yaxşı dərk edirdilər ki, İranın belə vəziyyətə düşməsinin fonunda çevik addımların atılması zəruridir. Ona görə də Həsən Ruhani kimi adamların seçkilərdə iştirakına şərait yaratmaq fikrindəydilər və yaratdılar da. Digər tərəfdən, onu da yaddan çıxarmayaq ki, artıq İranda yeni nəsil formalaşıb. Onlar bu günə kimi mövcud olan mühafizəkar dünyagörüşündən uzaq adamlardır. Yeni nəsil müasirləşir, Avropa dəyərlərini qəbul etmək istəyir, mühafizəkarlara qarşı çıxış edir. Belə olan halda İranda prezident postuna mülayim, islahatçı kimi tanınan bir adamın gətirilməsi zəruri idi. Belə də oldu. Lakin mən düşünmürəm ki, Həsən Ruhaninin prezident seçilməsi ilə İranın daxili və xarici siyasətində hər hansı radikal dəyişiklik olacaq. Sadəcə Mahmud Əhmədinejatın dövründə olduğu kimi sərt bəyanatlar səsləndirilməyəcək, müəyyən mülayimlik nümayiş olunacaq, Qərb ölkələri, xüsusən də ABŞ-la danışıqlar davam etdiriləcək, nüvə proqramı ətrafında digər ölkələrlə müzakirələr də aparılacaq. Bununla yanaşı, islahatçı dövlət başçısı kimi Ruhaninin qonşu Azərbaycana qarşı sərt siyasət yürütməyəcəyinə də ümid edirəm. Belə siyasi kursun həyata keçirilməsi yaxşı nəticələrə gətirib çıxara bilər. Bütövlükdə bir çox məsələlər İranın xarici siyasət aparmağından asılı olacaq.
- Son vaxtlar dünya mətbuatının gündəmində olan hadisələrdən biri də Türkiyədəki “Gəzi parkı” aksiyalarıdır. Siz bu hadisələri necə qiymətləndirirsiniz?
- Bir çoxları Türkiyədə baş verənləri “ərəb baharı” ilə müqayisə edir, hətta “Gəzi parkı” aksiyalarını da həmin hadisələrin davamı kimi qələmə verirlər. Bu fikir tamamilə yanlışdır. Ona görə ki, ərəb ölkələrində faktiki olaraq hakimiyyətə iddialı olanlar radikal islamçılardır. Nümunə kimi Misiri göstərə bilərik. Türkiyədə isə Avropa dəyərlərini qəbul edən qüvvələr islamçılara qarşı mübarizə aparırlar. Amma bu da unudulmamalıdır ki, Türkiyə ərəb ölkələrindən fərqli olaraq, demokratik parlamenti olan bir dövlətdir. Mustafa Kamal Atatürkün miras qoyub getdiyi demokratik prinsiplər Türkiyədə çox güclüdür. Sadəcə, orada cəmiyyətin müəyyən hissəsi hazırda həyata keçirilən daxili və xarici siyasətlə razı deyil. Buna rəğmən, indiki hakimiyyəti Türkiyə cəmiyyətinin böyük bir qismi tam dəstəkləyir. Deməli, hadisələrin sakitləşməsi üçün müəyyən razılığa gəlinməlidir. Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan da çox böyük məharətlə, incəliklə bu vəziyyəti aradan qaldırmaq üçün real addımlar atır. İnsanlarla ünsiyyətdə olur, onları dinləyir, öz fikirlərini xalqa çatdırır, müxtəlif kompromislər əldə olunur və sair. Ümumiyyətlə, Türkiyədə vəziyyətin yaxşılaşması üçün radikal ünsürlər aradan qaldırılmalı, siyasi rejim insanların bir sıra tələblərini yerinə yetirməlidir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər