AZE | RUS | ENG |

Azərbaycanı investorlar üçün cəlbedici ölkəyə çevirən şərtlər

Azərbaycanı investorlar üçün cəlbedici ölkəyə çevirən şərtlər
Ekspertlər deyir ki, sərmayənin xarici ölkələrdən cəlb olunması həm də innovasiyanın, texnologiyanın inkişafına şərait yaradır

Azərbaycanda inflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı deyib: "Əgər biz 2017-ci ilə nəzər salsaq, görərik ki, inflyasiya 12 faizdən çox idi, indi isə 2,3 faizdir. Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı 4,6 faiz artıb. Hesab edirəm ki, bu da yaxşı göstəricidir. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yəni bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız, hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaqdır". 

Maraqlıdır, ölkəmizi investisiya qoyuluşu üçün etibarlı və cəlbedici edən daha hansı amillər var. Ümumiyyətlə, daha hansı addımlar atılmalıdır ki, sərmayə qoyuluşunu artırmaq mümkün olsun? İqtisadiyyatın hansı sahəsinə investisiya qoyuluşu daha məqsədəuyğun və uğurlu olar?  Bu suallar ətrafında ekspertlərin fikirlərini öyrəndik. 
 
 

İqtisadçı Pərviz Heydərov qeyd etdi ki, investisiya qoyuluşu üçün ölkəni cəlbedici və etibarlı edən bir neçə şərt var: "Ən mühüm şərtlərdən biri həmin ölkədə hökm sürən siyasi sabitlikdir. Yəni istər yerli, istərsə də xarici investor olsun, hər birinin ən əsas önəm verdiyi amil, pulunu yatırdığı ölkədə siyasi çaxnaşmaların, qeyri-stabil siyasi vəziyyətin olmamağıdır. Əksi olduğu halda, heç bir sahibkar risk edib sərmayə yatırmaz. Ona görə də, investisiya qoyuluşunda sahibkarları Azərbaycana cəlb edən əsas cəhət burada siyasi sabitliyin mövcud olmasıdır. İkinci şərt isə ölkənin maliyyə vəziyyətidir. Bu, xüsusən də xarici sahibkarlar üçün önəmli şərtdir. Belə ki, xarici investor bu və ya digər ölkəyə sərmayə qoyanda, onu ilk növbədə düşündürəm məqamlardan biri də zəmanət məsələsidir. Sahibkarlar pul yatırarkən həmin ölkədəki maliyyə vəziyyətini də nəzərdən keçirdir. Həmçinin pul qoyduğu sahədə zəmanətliliyin hansı səviyyədə olduğunu təhlil edir. Qeyd edilən bu şərtlər baxımından Azərbaycan üstün cəhətlərə malikdir. Çünki ölkəmizin valyuta ehtiyatları xarici borcundan bir neçə dəfə yüksəkdir. Yəni Azərbaycan hazırda o ölkələr sırasındadır ki, istəsə, çox qısa bir müddət ərzində bütün xarici borclarını bağlaya bilər. Dünya ölkələrinin siyahısına nəzər yetirsək, bu gücdə olan dövlətlər azıdır. Bizim xarici borcumuz ümumdaxili məhsulun 19%-ni təşkil edir. Qeyd edim ki, beynəlxalq meyarlara görə, xarici borc ümumdaxili məhsulun 30%-i həcmində olarsa, bu, artıq kritik vəziyyət hesab olunur. Amma bizdə bu rəqəm 19%-dir”. 
 
 

P. Heydərov ölkəmizdə əlverişli investisiya mühitinin yaradılması üçün dövlətin bəzi tədbirlər gördüyünü qeyd edir: "Ölkəmizi xarici investorlar üçün cəlbedici edən digər bir nüans isə ondan ibarətdir ki, son vaxtlar dövlət əlverişli investisiya mühiti yaratmaq üçün bəzi addımları atır. Vergilərin yumşaldılması, investorların stimullaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu saydıqlarımızın hamısı ölkəmizi xarici sahibkarlar üçün cəlbedici və etibarlı edir”.
 
Müsahibimiz deyir ki, daha çox investisiya cəlb etmək üçün dövlətimiz stimullaşdırıcı iqtisadi siyasət yeritməlidir: "Vergi, gömrük və digər sahələrdə daha əlverişli şərait yaradılmalıdır. Sərmayənin isə qeyri-neft sektoruna qoyulması daha məqsədəuyğundur. Belə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici investisiya ən çox neft sektoruna yatırılırdı. Əslində, indi də elədir. Bu da təbiidir. Çünki xarici sahibkarlarda belə bir xüsusiyyət var ki, ən tez gəliri haradan götürmək mümkündürsə, pulu ora qoyurlar. Bizə isə qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Yəni ölkənin neftdən asılılıq məsələsinə son qoyaq. Ona görə də, yerli investorlarla yanaşı, xariciləri də qeyri-neft sektoruna, turizmə, kənd təsərrüfatına, rabitəyə, xidmət sahəsinə istiqamətləndirməliyik”.  
 
 

İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, sərmayənin xarici ölkələrdən cəlb edilməsi həm də innovasiyanın, texnologiyanın inkişafına şərait yaradır: "Sərmayə qoyuluşunun artırılması ölkənin qarşıya qoyduğu hədəflərdən biridir: "2018-ci ildə bu hədəfə praktik olaraq nail olundu. Demək olar ki, iqtisadiyyata 10 milyard dollardan artıq investisiya qoyuldu. Bu sərmayənin də əhəmiyyətli hissəsi qeyri-neft sektoruna yönəldi. Hazırda əsas məqsəd xarici investisiyanın həcmini artırmaqdır. Sərmayənin xarici ölkələrdən cəlb edilməsi həm də innovasiyanın, texnologiyanın inkişafına şərait yaradır. Bu baxımdan post-neft dövründə əsas prioritet məsələ xarici investorların cəlb edilməsi istiqamətində fəaliyyətin genişləndirilməsinə nail olmaqdır. Azərbaycan 2018-ci ildə xarici sərmayə cəlbi ilə kifayətlənməyib, eyni zamanda beynəlxalq hesabatlarda mövqeyini daha da yaxşılaşdıra bildi. Dünya bankının "Doing Business” hesabatında ölkəmizin 32 pillə irəliləyərək ən yaxşı investisiya mühitinə malik 25 ölkədən biri seçilməsi xarici investisiyanın cəlb edilməsi baxımından çox vacib idi. Azərbaycan bununla 2019-cu ildə daha çox investisiya cəlb etmək imkanları əldə etdi. Bu baxımdan 2019-cu ili sərmayə qoyuluşu baxımdan uğurlu il hesab etmək olar. 

Ekspert investisiya qoyuluşunu vacib hesab etdiyi sektorlardan da danışdı: "Bu gün üçün sənaye prioritet sahədir. Sənayedə, xüsusən də innovasiya baxımından xarici investisiya qoyuluşuna daha çox ehtiyac var. Digər tərəfdən aqrar sektorda emaledici sahəyə xarici investisiyanın yatırılması məqsədəuyğun hesab edilir. Bu istiqamətdə də fəaliyyətin gücləndirilməsi çox vacibdir. Düşünürəm ki, bu sahənin perspektivləri də var. Xidmət və turizm sektoru da investisiyanın cəlb edilməsi baxımından əlverişlidir”.
 
Günel Azadə 
 
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219