• çərşənbə, 24 Aprel, 05:18
  • Baku Bakı 14°C

Azərbaycanı ikiyə bölən müqavilə

10.02.18 11:30 1564
Azərbaycanı ikiyə bölən müqavilə
1826-1828-ci il Rusiya-İran müharibəsi 1828-ci il fevralın 10-da Təbrizdən bir qədər cənubda yerləşən Türkmənçay kəndində imzalanmış 16 maddədən ibarət Türkmənçay müqaviləsi ilə başa çatmışdır. Türkmənçay danışıqlarında rus yazıçısı, müqavilənin Rusiya tərəfindən ideoloqu A.S.Qriboyedov da iştirak etmişdir. Müqavilənin III maddəsinə əsasən, Gülüstan müqaviləsinin (1813-cü il, 12 oktyabr) şərtləri təkrarlanıb təsdiqlənməklə Naxçıvan və İrəvan xanlıqları da İrandan alınıb Rusiyaya birləşdirilmiş və bu iki ölkənin sərhədi həmin tarixdən bəri Araz çayı boyunca keçmişdir.
Azərbaycanı iki hissəyə bölən (Şimali və Cənubi Azərbaycan) Türkmənçay müqaviləsindən sonra rus diplomatı, "Ağıldan bəla” əsərinin müəllifi, A.S.Puşkinin və dekabristlərin yaxın dostu A.S.Qriboyedovun qəzarat (dini cihad) nəticəsində Tehranda öldürülməsi (30 yanvar 1929-ci il) bu müqaviləni poza, yeni qırğına səbəb ola və sərhədləri dəyişə bilərdi.
Türkmənçay müqaviləsi Azərbaycanın taleyi üçün böyük tarixi əhəmiyyət kəsb etdiyindən, A.S.Qriboyedovun İranda qətlə yetirilməsinin əsas səbəblərini araşdırarkən, çoxlu rəvayətlərə və mənbələrə rast gəlinməklə bərabər, milli tariximizə görkəmli publisist, tərcüməçi və filosof kimi daxil olmuş Əli bəy Hüseynzadənin də bu hadisə ilə əlaqədar verdiyi şərhlər məsələnin daha da aydınlaşdırılmasına yaxından kömək edir.
Bəzi rəvayət və mənbələrdən maraqlı məqamları nəzərdən keçirək:
I. XIX əsrin birinci yarısının istedadlı Azərbaycan sərkərdəsi, İrəvan və Naxçıvan xanlıqları daxil olmaqla Azərbaycanın hakimi, Fətəli şah Qacarın vəliəhdi Abbas Mirzənin iqamətgahı və Rusiyanın səfarətxanası Təbrizdə idi. Müharibə başa çatmış və Abbas Mirzə ilə A.S.Qriboyedov arasında dostluq və qarşılıqlı hörmət mövcud idi. İran Rusiyaya qızıl pulla on milyon manat təzminat verməli və Türkmənçay müqaviləsinin başqa şərtlərini yerinə yetirmək məcburiyyətində idi. Bu işləri Təbrizdə görmək olardı. Şah ümumiyyətcə, dövlət işlərinin hamısını Abbas Mirzənin üstünə yıxmış özü eyş-işrətlə məşğul idi. Abbas Mirzə Qriboyedova Tehrana getməyi məsləhət görmür. Lakin ingilislərin təhriki ilə Vəzir-muxtar Tehrana yollanır və İranın mərkəzinə qara at üstündə daxil olur. Bu, səhv idi. Dost ölkənin mərkəzinə, müsəlman aləmində ancaq ağ at üzərində daxil olurlar. Deməli, Tehran əhalisinin mülahizəsinə görə, Vəzir-muxtar İranı özünə dost ölkə saymır.
II. Bir ölkənin səlahiyyətli səfiri başqa, ələlxüsus Şərq ölkəsinə gəldikdə, öz hakiminin (danışdığımız halda rus çarının) hədiyyələrini şaha təqdim etmək üçün onun hüzuruna getməli idi. İranda şahın qəbuluna gələn şəxs tutduğu vəzifədən asılı olmayaraq, başmaqlarını çıxarmalı, şaha təzim etməli və onun qarşısında olan səndəlin (kürsünün) üstündə üç dəqiqədən artıq oturmamalı idi. Belə ki, həmin müddət ərzində çəkisi iki puddan artıq olan qızıl və qaş-daşla bəzənmiş libaslı şah ayaq üstündə dururdu. A.S.Qriboyedov çəkmələrini qəbulda çıxarmır və deyir: "Mən fateh ölkənin səfiriyəm və çəkmələrimi çıxarmasam da olar. Şahın qəbuluna çəkməli girmiş səfir, lazım olan üç dəqiqə əvəzinə Fətəli şahı - 100-dən artıq övladı, onlarla arvadı, əynində 40 kiloluq libası olan qoca kişini 20 dəqiqə ayaq üstündə saxlayır. Şah tərləyir, əyanlara və ruhanilərə bu iş xoş gəlmir və onlarda Vəzir-muxtara qarşı kin hissinin əsası qoyulur. Handan-hana bunu başa düşən A.S.Qriboyedov şahın qəbulundan kənar olur. Şaha əziyyət vermək, onu əyanlar və ruhanilər arasında belə hörmətdən salmaq A.S.Qriboyedovun ikinci səhvi idi.
III. Fətəli şah Qacarın iqtisadi, pul-para işlərinə baxan vəziri Yaqub xan, Qriboyedov Tehranda olanda saraydan varidatını götürərək qaçır və Vəzir-muxtardan Rusiyaya qayıtmaq üçün himayə istəyir. A.S.Qriboyedov onu qəbul edir. Yaqub Mirzə Hakop Markaryan adlı erməni idi, sərbazlar tərəfindən tutulub axtalandıqdan sonra Fətəli şaha verilmiş və elə böyük rütbəyə gəlib çatmışdı. Şərq aləmində başqa dinin nümayəndəsinin müsəlmançılığı qəbul etməsi çox təqdir olunur. Lakin ən böyük günah həmin adamın yenidən dinini dəyişməsidir. Tehran qaragüruhu Yaqub xanın dinini dəyişməsini, hədsiz sərvətlə rus səfarətxanasına qaçmasını pis qəbul edir. A.S.Qriboyedov onu öz şahından-I Nikolaydan icazəsiz, himayəyə götürə bilməzdi. Özünə qürrələnən səfir üçüncü səhvi də belə buraxır.
IV. Ruslara qarşı nifrət bəsləyən İran xanlarına, ingilislərə çox yaxın olan şahın bacısı oğlu Allahyar xan başçılıq edirdi. Allahyar xanın biri alman, ikincisi erməni olan iki arvadı Yaqub xanla birlikdə rus səfarətxanasına qaçmışdılar. Allahyar xan arvadlarını geriyə tələb edir. Vəzir-muxtar razı olmur. Bu səfirin dördüncü səhvi idi.
V. 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra İran şahlarının şəxsi qvardiyası, qaçmış rus əsgərləri və zabitlərindən ibarət olan "Bəhaduranlar”dan ibarət idi. Fətəli şahın ətrafında Samson xanın (keçmiş rus kazak vaxmistiri) rəhbərliyi ilə 3000 bahaduran var idi. A.S.Qriboyedov tələb edirdi ki, onlar Rusiyaya qaytarılsın və cəzalandırılsın. Ona görə də faciə gecəsi yaxınlıqda olan bahaduranlar lazımi kömək göstərməmiş və rus səfarətxanasının A.S.Qriboyedov başda olmaqla bütün əməkdaşları şəhid olmuşdu. Ölülərin arasında səfiri barmağındakı üzüyünə görə tanıya bilmişdilər. Rus səfarətxanasının işçiləri ilə birlikdə Hakop Markaryan (Yaqub xan) və Allahyar xanın arvadları da əcəllərinə çatmışdı.
Bütün bunlara və bəzi mənbələrə istinadən, A.S.Qriboyedovun İranda öldürülməsinin nəticə etibarı ilə daha çox hansı səbəblər üzündən baş verdiyini araşdırmaq üçün tarixi faktlara müraciət etmək məsələnin mahiyyətini az da olsa dəyişdirsə də, ancaq Əli bəy Hüseynzadənin "İran Qriboyedovu qətl etdi” məqaləsindəki fikirləri daha qabarıq səslənir.
Belə ki, "İran Qriboyedovu qətl etdi” məsələsindən danışarkən Ə.Hüseynzadə göstərir ki, İran, Qriboyedovu "Türkmənçay əhdnaməsinin müvəccidi” olduğu üçün qətl etdirmədi. Yəni İran Qriboyedovu həmin müqavilənaməyə əsasən Qafqaz torpaqlarını itirdiyinə görə öldürmədi, çünki iranlılarda "cahilanə də olsa, o qədər həmiyyət, vətənpərvərlik yox idi”.
Ə.Hüseynzadəyə görə, Qriboyedovu İran yox, İranın bir taqım müstəbidləri öldürmüşdü. "Əsarətin düşməni” və "hüquqşünas bir zat” kimi Qriboyedov Türkmənçay müqavilənaməsinin 13-cü maddəsinə əsasən, rus-İran müharibələrində əsir düşmüş rus təbəələrinin geri qaytarılmasını tələb edirdi. Bu isə o zaman Tehranın saray adamları tərəfindən narazılıqla qarşılanmışdı. Xüsusilə, həmin əsirlərdən iki erməni qadının şah hərəmxanasından qaçıb rus səfarətxanasında gizlənməsi, şahın Qriboyedov haqqında "bu ipə-sapa yatmayan adama həddini bildirmək” təhriki və Tehran məscidində müctəhid Mirzə Məsihin fitvası kimi hadisələr Qriboyedovun faciəli ölümünə səbəb olmuşdur.
Qriboyedovun faciəsində həm "rus höküməti-istibdadiyyəsi zimədxəldir” sözlərilə yanaşı Ə.Hüseynzadənin dekabristlərdən Rıleyevin edamı, Odoyevskinin, Marlinskinin Sibirə sürgünü, yaxud Puşkinlərin, Lermontovların, Dostoyevskilərin, Çernişevskilərin başlarına gətirilən müsibətləri yadına salması, diqqəti çar istibdadına yönəltmişdir. Qriboyedovun dekabrist hərəkatı ilə əlaqədar Peterburqda istintaq olunduğuna və onun "Sibirə deyil, məhz cənuba” göndərilməsinə işarə Qriboyedov faciəsinin çar Rusiyası tərəfindən əvvəlcədən təşkil edilməsi fikrini dəqiqləşdirmişdir.
Məlumdur ki, o zaman Qriboyedov dekabrist hərəkatı ilə əlaqədar məsuliyyətə cəlb edilmişdi. Lakin İ.F.Paskeviçlə (Qafqazda rus qoşunlarının Baş komandanı) qohum olduğundan, həbsdən azad edilmiş və Paskeviçin komandanlıq etdiyi ordu ilə İrana müharibəyə (1826) göndərilmişdi. 1828-ci il İran-rus müharibəsinin sülhlə nəticələnməsinə baxmayaraq, çar hökuməti İranda Rusiyanın mənafeyini müdafiə etmək və İranın müharibə xərclərini ödəmək məsələlərilə əlaqədar Qriboyedovu yenidən İrana səfir göndərir. Lakin ədib bu təyinatını o zaman "mənə iki rütbə də versəniz Tehrana getmərəm” deyərək, rədd etmişdir. Çünki Qriboyedov yaxşı bilirdi ki, dəfələrlə rus-İran müharibələrində səfalətə, aclığa düçar olan xalq heç vaxt bu işğalçı müharibəni törədən dövlətin rəsmi nümayəndəsini rəğbətlə qarşılamayacaq. İkinci tərəfdən, Qriboyedov onu da yaxşı bilirdi ki, o, Türkmənçay müqavilənaməsi ərəfəsində Tehranda danışıqlar zamanı saray əyanları arasında böyük narazılıqlar yaratmışdı və iranlılar ona kin və ədavət bəsləyirdilər. Qriboyedov hələ Peterburqda ikən kapitan Kempbel ona bu barədə xəbərdarlıqla demişdi: "Özünüzü qoruyun, İran Türkmənçay müqavilənaməsinə görə sizi bağışlamayacaq”. Şübhəsiz ki, bu vəziyyətdən çar hökuməti də xəbərdar idi. Məhz buna görə də çarizm Qriboyedovu Sibirə deyil, cənuba, İrana göndərmişdi.
Ə.Hüseynzadənin, Qriboyedovun İranda qətli ilə əlaqədar Şərq istibdadının ifşasına çar istibdadının ifşasını əlavə etməsi və bu iki mövzunu məharətlə bir-birinə bağlaması xüsusi məzmun kəsb etmişdir. Lakin Ə.Hüseynzadə Qriboyedovun ölümündə əsas günahı bu saydıqlarında, izah etdiklərində görmürdü. Ədibə görə, bu səbəblər ancaq həmin hadisənin şəraitidir, təfsilatıdır.
Deməliyik ki, Ə.Hüseynzadənin Qriboyedovun qətli məsələsini ortaya gətirməkdə başqa bir məqsədi də vardır. Ə.Hüseynzadənin dediyi "Mən əminəm ki, onun yerinə Puşkin olsaydı, qətl olunmazdı” sözləri diqqəti Qriboyedova tərəf yönəldir. Bu, Qriboyedovun ölümünün səbəbini şərh edən çox münasib bir müqayisə idi. Ə.Hüseynzadə burada Puşkini xatırlatmaqla çox güman ki, onun Qafqazda sürgündə olduğu zaman qafqazlılarla yaxınlığına, dostluğuna, şeirlərində Qafqaz xalqlarının azadlıq ideyalarının tərənnümünə və işğalçı çar generalı Kotlyarevskiyə nifrətinə işarə etmişdir. Ə.Hüseynzadənin Puşkin yaradıcılığındakı ümumbəşəri ideyaları nəzərdə tutması ehtimalını Qriboyedovun İrandan yazdığı məktublarından gətirdiyi şovinist səciyyəli "Dostum yoxdur və dost qazanmaq niyyətində deyiləm” sözləri də bir daha təsdiq edirdi.
Göründüyü kimi, Ə.Hüseynzadə Qriboyedovun yaradıcılığındakı istibdadı, mütləqiyyəti ifşa edən realist keyfiyyətləri qiymətləndirməklə yanaşı, onun şovinist əqidəli, təkəbbürlü bir çar məmuru olduğunu da açıb göstərmişdir.
Maraqlıdır ki, Türkmənçay sülhü haqqında xəbər gətirən Qriboyedova, hökmdar 4000 çervon bağışlamış və müqavilənin üçüncü maddəsinə görə, İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya ilhaqı təsdiqləndikdən sonra I Nikolay bu tarixi Azərbaycan torpaqlarında 1828-ci il 21 mart tarixli fərmanı ilə "Erməni vilayəti” yaratmış və A.Qriboyedovun arvadı Ninanın atası gürcü knyazı, general-mayor, vaxtilə Peterburq sarayında səfir işləmiş, Napoleonun Rusiyaya hücumu zamanı Barklay de-Tollinin adyutantı olmuş, gürcü ədəbiyyatında lirik şair və maarifçi kimi tanınmış A.S.Çavçavadzeni həmin vilayətə rəis təyin etmişdir. Bütün bunlar isə onların Çar ailəsinə nə qədər yaxın olduğunu göstərməklə sübut edir ki, I Nikolay "mükafat verməyi düşündükdə, zarafat etmir”.
Beləliklə, Qriboyedovun ölümü Ə.Hüseynzadəyə görə, rus-İran müharibəsində əsir düşən rus təbəələrinin geri qaytarılmasını tələb edən "əsarət düşməni”, "hüquqşünas bir zat”ın ölümü deyildir, bu ölüm, çarizmin cənuba sürgünə göndərdiyi bir dekabrist iştirakçısının da ölümü deyildir. Bu ölüm, "gözündə ruslardan, Rusiyadan, Rusiyanın əzəmətindən başqa bir şey olmayıb” iranlılara "vicdansızlar”, "köhnə yalançılar”, "vəhşi asiyalılar” nəzərilə baxan müstəmləkəçi ağanın, bir çar məmurunun qətlinə verilən fitva idi.
Bəli, Azərbaycan ictimai fikir tarixinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadə istiqlaliyyət uğrunda mübariz, milli qurtuluş məramının carçısı kimi özünün milli ruhunu və milli təkəbbürünü qoruyub saxlamaqla, Qriboyedovun İranda müəmmalı ölümü ilə bağlı "sirr”ləri açmış, təkcə Azərbaycanda deyil, bütün türk aləmində "bir haqq elçisi kimi”, "bütün türk dünyasının mücahidi” kimi tanınmış, yalnız mənsub olduğu xalqın deyil, bütün türk və müsəlman xalqlarının siyasi və milli əsarətdən azad olması uğrunda mübarizə aparmışdır.
FİZULİ İBRAHİMZADƏ
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Humanitar fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər