Azərbaycanı güclü görmək istəyiriksə...
Bu gün bizə güclü Azərbaycan lazımdır. Beynəlxalq hüququn ayaqlar
altına atıldığı, güclülərin zəifləri əzib keçdiyi dünyada müstəqilliyimizi
qorumaq üçün başqa seçimimiz yoxdur. Bu artıq danılmaz bir həqiqətdir ki,
ayaqda durmaq üçün mütləq güclü olmalıyıq.
Şükürlər olsun ki, neçə illərdir Azərbaycan dövlətinin daha da güclü
olması üçün lazım olan addımlar atılır. İqtisadiyyatımız inkişaf etdirilir,
əhalinin sosial təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır,
ordumuz ildən-ilə güclənir. Elə bu yaxınlarda keçirdiyimiz hərbi parad hamımızı
çox qürurlandırdı.
Problemlərimiz yoxdurmu? Əlbəttə ki, var. Hər gün məişətimizdə nə
qədər qan qaraldacaq hallarla rastlaşırıq. Bəzən məmur məsuliyyətsizliyindən
qaynaqlanan çətinliklərimiz də olur. Vətəndaşlarımızın hamısı da yağ-bal içində
yaşamır. Sosial problemlərimiz də, bu problemlərin aradan qaldırılması üçün
dövlətin nəzərdə tutduğu proqramların icrasında neqativliklər də var. Amma
bütün bunlar bizə dövlətimizi sevməyə mane ola bilməz! Lakin çox təəssüf ki,
bəzilərimiz başqa yol tuturlar. Xaricdən körüklənən nifrət, dövlətə inamsızlıq
fonunda guya ölkədə hər şeyin pis olması görüntüsü yaradılır. Bunun üçün müasir
informasiya texnologiyalarının bütün imkanlarından istifadə edilir.
Gəncədə icra başçısına qarşı silahlı hücumu pisləyərkən də bu
meyillərin şahidi olduq. Xüsusən də sosial şəbəkələrdə bəlli bir qrup icra
başçısına - dövlətin qanuni təmsilçisinə silah çəkən birini qəhrəman kimi
təqdim etməyə cəhd göstərdi. Deyəndə ki bu, açıq-aşkar cinayətdir, dövlətə
qarşı qanunsuz çıxışdır, bunun arxasında duranlar var, bizi nələrdə ittiham etmədilər...
Nəticə də dünən axşam Gəncədə baş verənlərdir. Terrorçunu müdafiə edənlər
sonunda polisə əl qaldırdılar. İki polis zabiti keçmişi qaranlıq, müxtəlif
cinayətlərdə ittiham olunan şəxslər tərəfindən qətlə yetirildilər. Necə
deyərlər, "xoruzun quyruğu” göründü. Məlum oldu ki, bu adamların məqsədi heç də
ədalətsizliyə qarşı mübarizə deyil. Əsas məqsəd ölkəni çalxalamaq, insanları öz
müstəqil dövlətlərinə qarşı qaldırmaq, Azərbaycanı Suriya, Liviya kimi gücsüz,
dağılmış dövlətə çevirməkdir. Daha doğrusu, bu adamların beynini yuyan, onları
manqurta çevirən böyük güclərin məqsədi budur.
Həmin qrupa üz tutaraq demək istəyirəm: qardaşlar, bacılar, sizin
təklif etdiyiniz və ya sizə təklif olunan mübarizə yolu deyil. Bu yolla ölkədə
heç bir problem həll olunmayacaq. Dünyanın heç bir ölkəsində bu cür münasibətlərlə
dövlətlər ideallaşmayıb, sistemi daha da demokratikləşməyib. Bu yolla
dövlətləri dünya xəritəsindən siliblər, Suriya kimi döyüş poliqonuna
çeviriblər. Liviya kimi 3 yerə bölüblər, İraq kimi əlacsız duruma salıblar. Ona
görə də oyuna getməyin!
Onu da birmənalı şəkildə başa düşmək lazımdır ki, bu ssenariləri
Azərbaycanda reallaşdırmaq mümkün deyil. Çünki xalqımız kifayət qədər ayıq,
siyasi baxımdan savadlıdır. Bəlkə də insanları bir yerə qədər aldatmaq, yoldan
çıxarmaq olar. Amma elə ki, "xoruzun quyruğu” görünür, vətəndaşlarımız ayılır,
kimlərinsə onlardan istifadə etməsinə imkan vermirlər. Gəncə hadisələri ilə
bağlı da bunu açıq şəkildə gördük. 2 gün əvvəl Yunis Səfərovu "qəhrəman” elan
edənlərin çoxu dünən axşam sosial şəbəkələrdəki statuslarını silməyə,
mövqelərini dəyişməyə başladılar. Oyuna çəkildiklərini anladılar.
Prezidentin köməkçisi hörmətli Əli Həsənovun da dediyi kimi, Gəncədə
yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafında daha sıx birləşməsini
tələb edir. Bu hadisələr bizi daha da çevikləşdirməli, reaksiya vermə
imkanlarımızı artırmalıdır.
Dövlətin qanuni təmsilçisinə, polis zabitlərinə əl qaldıranlar
terrorçu kimi qəbul edilməli, nəinki onların özləri, dəstəkçiləri də aşkarlanıb
qanunun yol verdiyi ən sərt şəkildə cəzalandırılmalıdır. Yaranmış situasiya
bütün bunların qısa müddət ərzində edilməsini tələb edir və heç bir şübhəm
yoxdur ki, hüquq-mühafizə orqanları, dövlətin müvafiq strukturları bu işi
görəcəklər. Azərbaycanı güclü görmək istəyiriksə, müstəqilliyimizin
möhkəmləndirilməsi əsas amalımızdırsa, bunu mütləq etməliyik. Hər şey göz
qabağında, hər şey açıq-aşkardır. Müstəqil dövlətimizə və dövlətçiliyimizə qarşı
separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən
"iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı ilə üz-üzəyik.
Bu təxribatın əsas fiqurları da xarici ölkə vətəndaşları, beyinləri yuyulmuş
manqurtlar, qatı cinayətkarlardır. Onlar "uf” demədən icra başçısını güllələyə,
polis zabitlərini bıçaqlaya bilirlər. Məqsəd isə ölkədəki ictimai-siyasi
sabitliyi pozmaq, rahat, əmin-amanlıq şəraitindəki həyatımızı korlamaqdır.
Zərrə qədər də şübhəniz olmasın ki, onların məqsədi yoxsulluqdan
əziyyət çəkənləri bu durumdan çıxarmaq, haqsızlıqla üzləşənlərin problemlərini
həll etmək, az qazananların daha çox pul qazanmasına imkan yaratmaq deyil.
Onların məqsədi yalnız və yalnız dağıtmaq, qan tökmək, xaos yaratmaqdır.
Buna görə də insanlarımız ayıq-sayıq olmalı, kimsənin isti ocağımıza
su səpməsinə imkan verməməlidirlər. Bu dövlət - 100 il əvvəl qurucu
babalarımızın əsasını qoyduqları, müasir siyasi liderlərimizin yenidən
çiçəkləndirdikləri respublika göz bəbəyimiz kimi qorunmalıdır. Azərbaycanın
daha da güclü olması üçün əlimizdən gələni etməliyik.
Uca Yaradan günü-gündən güclənən müstəqil Azərbaycanımızı qorusun!
İlham Quliyev