• cümə axşamı, 18 aprel, 14:48
  • Baku Bakı 22°C

Azərbaycanı Avropaya yaxınlaşdıran yeni mərhələ

04.12.13 09:17 1309
Azərbaycanı Avropaya yaxınlaşdıran yeni mərhələ
Avropa İttifaqının noyabrın 28-də Vilnüsdə start götürən və iki gün davam edən “Şərq Tərəfdaşlığı” ölkələrinin III zirvə toplantısı yekunlaşsa da, sammitdən sonra əsasən Ukrayna və Ermənistanın nəzərdə tutulan sazişləri imzalamadığı səs-küyə səbəb oldu. Azərbaycan isə sözügedən ölkələrdən fərqli olaraq öz iradəsini ortaya qoyaraq Avropa Birliyi ilə “Viza Sadələşdirilməsi və Riadmisiya” anlaşması imzaladı.
Qeyd edək ki, iqtisadçı Vüqar Bayramov Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilib. Həmyerlimizin bu posta təyin olunması və ümumiyyətlə, gələn ildən qüvvəyə minəcək “Viza Sadələşdirilməsi və Riadmisiya” anlaşması Azərbaycan vətəndaşlarına nə verəcək?
Azərbaycanlı həmsədr Azərbaycana nə verəcək?

V.Bayramovun fikrincə, həmin posta seçilməyi Azərbaycana olan etimad kimi qiymətləndirilməlidir: “Nəzərə alsaq ki, orada bütün şərqi tərəfdaşlıq ölkələri, eləcə də Avropa Birliyinə üzv olan ölkələr səs verib, o zaman ölkə təmsilçiliyi olduqca əhəmiyyətlidir. Bu, eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının inkişaf göstəricisidir. Artıq Azərbaycan vətəndaş cəmiyyəti institutları Avropanın aparıcı qurumlarına rəhbərlik edirlər. Bu isə təbii ki, sözügedən sektordakı inkişafdan xəbər verir”.
V.Bayramov hesab edir ki, Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri seçilməsinin sadəcə Azərbaycanın beynəlxalq aləmdə düzgün və proqressiv təqdim edilməsi baxımından deyil, eyni zamanda ölkəmizlə, xüsusən Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycanın mövqeyinin müdafiəsi baxımından da əhəmiyyətlidir.
Avropaya açılan qapı

V.Bayramov ölkəmizlə Avropa Birliyi arasında “Viza Sadələşdirilməsi və Riadmisiya” anlaşmasının imzalanmasının Azərbaycan üçün xeyli qazanc gətirəcəyini düşünür. İqtisadçının sözlərinə görə, bu anlaşmaya sadəcə şengen vizasının alınmasının sadələşdirilməsi aspektindən deyil, eyni zamanda Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması konktekstindən yanaşmaq lazımdır: “Bu anlaşma ölkədə biometrik pasportların dövriyyəyə buraxılmasını təmin etməklə yanaşı, eləcə də bu sahədə sənədlərin təhlükəsizliyini də reallaşdırır. Sənəd riadmisiya və qeyri-leqal miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, təhlükəsizlik və ədliyyə sahəsində əməkdaşlıq, eləcə də Azərbaycanın xarici əlaqələrinin təkmilləşdirilməsi baxımdan əhəmiyyətlidir. İkincisi, bu anlaşma Azərbaycan vətəndaşlarının Avropa Birliyinə səyahət imkanlarının sadələşdirilməsi və innovasiyaların ixracı baxımdan dəyərlidir. Üçüncüsü, anlaşma Azərbaycan ilə birlik arasında aparılan və eləcə də başlamalı olan, həmçinin Asossiativ Müqavilənin gələcəkdə reallaşdırılması baxımdan pozitiv təsirlərə malikdir. Nəhayət, bu anlaşma növbəti mərhələdə Azərbaycan vətəndaşlarının Birliyə vizasız səfəri üçün zəmin yaradacaq. Moldova təcrübəsi bu yanaşmanı tam olaraq təsdiq edir”.
Bu anlaşmanın Azərbaycanın Avropaya yaxınlaşması baxımından yeni bir mərhələnin başlanğıcı olduğunu deyən V.Bayramovun sözlərinə görə, anlaşmanın əsas məqsədi Azərbaycan ilə Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və qonaq ölkə vətəndaşlarının daha sadə və asan mexanizmlər ilə viza almasını özündə ehtiva edir.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər