• cümə axşamı, 28 mart, 22:04
  • Baku Bakı 13°C

Azərbaycanı ABŞ-ın anti-İran sanksiyalarından kənarda qoyan amillər

05.11.18 18:38 707
Azərbaycanı ABŞ-ın anti-İran sanksiyalarından kənarda qoyan amillər
Tramp prezident seçildikdən sonra ABŞ-ın əvvəlki hakimiyyəti tərəfindən imzalanan bəzi razılaşmaları yenidən gündəmə gətirdi. Ən əsas məsələ kimi isə İranla bağlanan nüvə razılaşması qabardıldı. Söhbət İran və 6-lıq ölkələrinin nüvə enerjisi ilə bağlı əldə etdiyi razılaşmalardan gedir. Tramp administrasiyası bu sazişlə razılaşmayaraq İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini bəyan etdi. Bu sanksiyaların İranla iqtisadi əlaqələri olan ölkələrə də şamil olunacağı bildirildi. Lakin rəsmi Vaşinqtonun bu məsələdə istisnaları da var. Belə ki, ABŞ Cənub Qaz Dəhlizi layihəsini yaxın günlərdə qüvvəyə minəcək anti-İran sanksiyaları siyahısına daxil etməyib. ABŞ Maliyyə Nazirliyinin sənədində qeyd edilir ki, bərpa olunan anti-İran sanksiyaları Azərbaycandan Türkiyəyə və Avropaya təbii qazın nəqli üçün boru kəmərinin tikintisi və istifadəsi, eləcə də təbii qaz yataqlarının işlənməsi ilə bağlı layihələri həyata keçirən şəxslərə şamil olunmur.
Bundan başqa, sənəddə vurğulanır ki, anti-İran sanksiyaları həmçinin Türkiyə və Avropa ölkələrinin Rusiya və İrandan enerji asılılığını azaldan layihələrə də şamil edilməyəcək.
Azərbaycanın anti-İran sanksiyalarından kənarında saxlanması ABŞ-ın Cənubi Qafqaz regionunda ölkəmizə xüsusi önəm verməsi anlamına gəlirmi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mizəzadə bildirdi ki, bu hadisə təkcə Azərbaycanda deyil, dünyada da böyük maraqla qarşılandı: "Çünki İran məsələsində Birləşmiş Ştatlar çox prinsipial bir mövqe tutur. Onun tələbləri yerinə yetirilməyənə qədər, İrana qarşı sanksiyalar ləğv edilməyəcək, əksinə gücləndiriləcək. Amma İrana qarşı sanksiyalarda Azərbaycanla bağlı məsələdə yumşalma hiss olundu. Bu, ondan irəli gəlir ki, Azərbaycan artıq Qərb dünyasında çox ciddi, nüfuzlu, öz fəaliyyəti ilə dünyada stabilliyin, sülhün möhkəmlənməsinə dəstək verən bir ölkə kimi tanınır. Təsadüfi deyil ki, bu gün Azərbaycan tam müstəqil siyasət yeridərək, Ermənistandan başqa bütün ölkələrlə yaxşı dostluq münasibətləri saxlayır. Bu isə əlbəttə ki, Birləşmiş Ştatların da maraqlarına cavab verir. Hesab edirəm ki, ABŞ-ın Azərbaycanla münasibətlərində belə presedentlərə bundan sonra da tez-tez rast gələcəyik”.
A.Mirzəzadə ABŞ-ın bu addımlarının Ermənistanla bağlı məsələlərdə müşahidə edilmədiyini vurğulayaraq, qeyd etdi ki, bu ölkə dünyada tez-tez mövqeyini dəyişən və eyni zamanda səxavətli bir ağa axtaran dövlət kimi tanınır: "Müstəqil Ermənistan və eləcə də onun daxili və xarici siyasəti yoxdur. Artıq bu ölkə müstəqilliyinin 30 ilinə çatmasına baxmayaraq, hələ də digər dövlətlərdən, beynəlxalq təşkilatlardan ianə toplamaqla məşğuldur. Bu addımın özü də xaricdə kifayət qədər yaxşı görünmür. Ermənistan hesab edirdi ki, hansısa bir ağanın yanına qısılmaqla, bütün problemləri həll edəcək, amma tarix sübut etdi ki, bu belə deyil. Hər bir dövlət özünün apardığı siyasətə uyğun olaraq, müvafiq cavabını alır. Ortada Azərbaycana və Ermənistana münasibətlərin müqayisəsi var və bu müqayisə heç də Ermənistanın xeyrinə deyil”.
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov bildirdi ki, son zamanlar ABŞ-Azərbaycan münasibətlərində yüksəliş xəttini görürük: "Bu amil ABŞ-da Respublikaçılar Partiyasından olan Trampın hakimiyyətə gəlişindən sonra müşahidə edilir. Təbii ki, bu da Azərbaycan üçün çox yaxşı haldır. Oktyabr ayında ard-arda üç Amerika diplomatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizi dəstəkləməsi, ABŞ kimi bir dövlət üçün anidən, gözlənilmədən olan çıxışlar deyil. Təbii ki, ABŞ diplomatları münaqişənin mahiyyətini və Azərbaycanın strateji mövqeyini başa düşərək belə açıqlama veriblər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı deyilən "ermənilər işğal etdikləri ərazilərdən çıxmalıdırlar” "Paşinyan seçkilərdən sonra münaqişənin nizamlanması ilə bağlı real addımlar atmalıdır” kimi fikirlər erməni tərəfini qıcıqlandıran mesajlar idi. Təsadüfi deyil ki, Paşinyan da bu çıxışlara reaksiya verməyə məcbur oldu. Görünən odur ki, Rusiya- ABŞ və İran-ABŞ münasibətlərinin pisləşməsi, onlar arasında olan mübarizə İran və Rusiya arasında yerləşən Azərbaycanın siyasi çəkisinin avtomatik olaraq artmasına gətirib çıxarıb”.
Z.Məmmədov qeyd etdi ki, Boltondan sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri baş tutdu: "Düzdür, həmsədrlərin Dağlıq Qarabağa səfərləri tərəflər arasında razılaşdırılmış bir məqamdır. Lakin bu səfərdə digərlərindən fərqli olaraq, rusiyalı həmsədr İqor Popov Dağlıq Qarabağa getməmişdi. Bununla da, amerikalı diplomatların Azərbaycan lehinə çıxışlarını bir növ Rusiya tərəfi kompensasiya etməyə cəhd etmişdi”.
Politoloqun fikrincə, Cənub Qaz Dəhlizi Qərb maraqlarını özündə ehtiva edən və Rusiyaya alternativ sayılan bir qaz layihəsidir: "İstər Cənub Qaz Dəhlizi, istər Şimal-Cənub, istərsə də Bakı -Tbilisi-Qars layihələri olsun, Azərbaycanın yer aldığı nəqliyyat və enerji layihələri ABŞ tərəfindən birmənalı olaraq dəstəklənəcək. Bu ABŞ və Azərbaycan arasında geosiyasi maraqların üst-üstə düşməsi ilə bağlı olan məqamdır”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər