AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycandan Türkiyəyə turizm çağırışı

Azərbaycandan Türkiyəyə turizm çağırışı

İqtisadiyyat
01 İyun 2016, 20:43 842
Qardaş Türkiyə ilə Azərbaycan arasında hər sahədə olduğu kimi, turizm sahəsində də əlaqələr durmadan inkişaf edir. Ölkəmizdə keçiriləcək "Formula1” yarışları ərəfəsində dünya, o cümlədən qardaş ölkənin mətbuatında oyunlarla bağlı çoxsaylı materiallar, informasiyalar dərc edilməkdədir. Həmin materiallarda Azərbaycanın turistlər üçün əlverişli ölkə olduğu, ucuz otellər şəbəkəsinin fəaliyyət göstərdiyi xüsusi vurğulanır.
O da qeyd edilir ki, Azərbaycan təbiəti turistlərin həddən artıq xoşuna gəlir. Bunu onların səfər təəssüratları ilə tanış olarkən də hiss etmək olar. Avropa Oyunları ərəfəsində ölkəmizə səfər edən turistlər də bunu xüsusi qeyd ediblər. Türkiyə mətbuatında dərc edilən məqalələrdə oyunlarla yanaşı, ölkəmizin turizm potensialına da geniş yer verilir. Ümumiyyətlə, qardaş ölkənin mətbu orqanları bu məsələni xüsusilə diqqət mərkəzində saxlayırlar. Xüsusilə son vaxtlar Azərbaycandan Türkiyəyə turizm çağırışı, onun turizm potensialı barədə çoxsaylı məqalələr dərc edilib. Məsələn, qardaş ölkənin əksər mətbu orqanları SKAL Beynəlxalq Federasiyasının Azərbaycan üzrə nümayəndəsi Əhməd Can Yeşildağın SKAL adından təşkil etdiyi "Türkiyəli qardaşlarımızı Azərbaycanda gözləyirik” adlı tədbirini geniş şəkildə işıqlandırıblar. Bakıda həyata keçirilən təqdimat mərasimində çıxış edən SKAL-ın Azərbaycan üzrə nümayəndəsi və Park İnn Otellərinin baş meneceri Əhməd Can Yeşildağ Bakının 17-19 iyun 2016 tarixləri arasında "Formula-1” tədbirlərinə ev sahibliyi edəcəyini bildirərək deyib: "Bununla bağlı bütün hazırlıqlar başa çatır. Azərbaycan dövləti çox ciddi investisiyalar edərək regionda turizmi istiqamətində vacib işlər həyata keçirir. Biz də turizm elçiləri olaraq belə mühüm tədbirlərə özümüzü hazırlamışıq. Türkiyədə Azərbaycanın daha yaxşı tanıdılması məqsədilə Bakı görüşlərini həyata keçirmək və türk xalqını buraları görməyə çağırırıq. Cəlbedici qiymətlərlə və yaxşı xidmətlə Azərbaycan turizmini ayağa qaldıracağıq”.
"AH Turizm”in sahibi Ruslan Quliyev, "Baku City Circult” rəsmiləri Bülənd Nəticəm və Nigar Apradarai isə "Formula-1” üçün bütün infrastruktur işlərin başa çatdırıldığını bildiriblər. "Formula yarışlarını keçirmək çox çətindir. Bunun üçün qüsursuz xidmət göstərmək naminə çalışırıq. 40 min nəfərin Azərbaycanda "Formula-1” yarışlarını izləməsi üçün hazırlıq keçirdik. Xaricdən 15 min insanın gəlməsini gözləyirik. Otel imkanlarımız təxminən 15 min nəfər olan Azərbaycanda ölkə rəsmiləri turizmin inkişafı naminə mühüm səylər göstərir” - deyə onlar qeyd ediblər. Azərbaycandakı Türkiyə səfirliyinin müşaviri Maral Barlas isə Türkiyənin Azərbaycan ilə münasibətlərinin çox mükəmməl bir şəkildə davam etdiyini bildirib və türkiyəliləri Bakını və Azərbaycanı görməyə dəvət edib.
 
Kamran