• cümə axşamı, 28 mart, 17:40
  • Baku Bakı 16°C

Azərbaycandan Şərqi Avropaya açılan pəncərə

18.01.18 10:00 1281
Azərbaycandan Şərqi Avropaya açılan pəncərə
Yanvarın 16-da Bakıdan Sofiyaya ilk birbaşa aviareys açılıb. Aviareysin açılış mərasimində Baş nazir Artur Rasi-zadə və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.Boyko Borisov Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal binası ilə tanış olub. "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) vitse-prezidenti Eldar Hacıyev məlumat verib ki, aeroportun yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında açılıb. Ümumi sahəsi 65 min kvadratmetr olan aeroport 2017-ci ildə 4 milyondan çox sərnişinə, 55 aviaşirkətə xidmət göstərib. Eldar Hacıyev Bakı-Sofiya aviareysini həyata keçirən "Buta Airways” loukosteri barədə də məlumat verib.Baş nazir Boyko Borisov Bakı-Sofiya marşrutu üzrə birinci aviareys barədə məlumatlandırılıb. Qeyd olunub ki, bu reys Azərbaycanın ilk loukosteri "Buta Airways” tərəfindən həyata keçirilir. Uçuşlar bu ilin qış uçuş cədvəli üzrə həftədə bir dəfə, çərşənbə axşamı günü yerinə yetiriləcək. Aviabiletin ilkin qiyməti "Büdcə” tarifi ilə bir tərəfə baqajsız 29 avrodur. Sofiya Avropa İttifaqında Azərbaycanın ilk loukosteri "Buta Airways”in birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhərdir.Artur Rasi-zadə və Boyko Borisov jurnalistlərə müsahibələrində Bakıdan Sofiyaya ilk birbaşa aviareysin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu, Bolqarıstanla Azərbaycan arasında iqtisadi, xüsusən də turizm sahəsində əlaqələrin inkişafına, xalqlarımızın əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək. Baş nazirlər birbaşa aviareysin uğurlu olacağına əminliklərini ifadə ediblər.
Yeni açılan aviareysin növbəti mərhələdə turizm sahəsinə və Şərqi Avropa ölkələri ilə Azərbaycan arasındakı əlaqələrə necə təsir edəcəyini öyrənməyə çalışdıq.
İki ölkə arasında əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcək
"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmov bildirir ki, birbaşa aviareysin açılması iki ölkə arasındakı əlaqələrin genişlənməsinə şərait yaradacaq: "Bolqarıstana olan birbaşa uçuşun qiymətinin kifayət qədər münasibdir. Belə loukost uçuşların olması turizmin inkişafına müsbət təsir göstərir. Amma hazırda qoyulan qiymətlər çox güman ki, ilkin dövrə aiddir. Bundan sonra ola bilsin ki, qiymətlərdə artım baş versin. İlk uçuş artıq dünən baş verdi. Yeni olduğu üçün hələ ki, elə də ciddi tələbat yoxdur, amma düşünürəm ki, zaman keçdikcə maraq artacaq. Və iki ölkə arasında əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcək. Yəni iki ölkə arasında istər turizm, istər də investisiya qoyuluşunun inkişafı üçün ilk növbədə aviareysin olması vacibdir. Bu, ölkələr arasında mədəni əlaqələrin də qurulmasında böyük rol oynayacaq. Əlaqələrin inkişafı mərhələli şəkildə baş verir. Birbaşa uçuşların təşkili bu mərhələnin ilk addımıdır”.
Şirkət rəhbəri qeyd edir ki, ikinci mərhələdə isə artıq qarşılıqlı olaraq hər iki ölkənin görməli yerlərinə tur paketlər təşkil olunmalıdır.
Həmçinin investisiyanın qoyuluşu da ikinci mərhələdə özünü biruzə verir. Yəni müəyyən araşdırmalar apardıqdan sonra hansı ölkədə hansı sahəyə investisiya qoymaq olar artıq aydın olacaq. Bu ölkələrin ixrac və idxal potensialının da artmasına təsir edəcək.
Həm vaxt, həm də maliyyə baxımından sərfəli
"Luna Travel” turizm agentliyinin direktoru Rəhman Quliyev qeyd edir ki, ümumiyyətlə imkan daxilində bəzi ölkələr birbaşa uçuşların sayını artırmaq lazımdır: "Bu ikitərəfli uğur gətirəcək bir addımdır. Bu gün nəinki təkcə Sofiya şəhərinə Avropanın digər şəhərlərinə də, birbaşa uçuşlar həyata keçirilərsə, ciddi turist axını olacaq. Bundan başqa hansısa bir ölkəyə Azərbaycandan birbaşa uçuşun olması həmin ölkənin vətəndaşları üçün çox faydalıdır. Çünki onlar 3-cü ölkəyə uçmaq üçün Azərbaycandan tranzit rolunu oynayacaq. Məncə, bu çox yerində atılmış bir addımdır”.
Müsahibimiz bildirir ki, birbaşa uçuş olan ölkələrə həmişə böyük maraq olur: "Əslində insan psixologiyası eynidir. İstər azərbaycanlı olsun, istər avropalı olsun. Səyahət vaxtı rahat və ucuz yerə getmək istəyir. Və harasa səyahət zamanı nəqliyyat dəyişimi onları yorur. Bunun üçün də seçim edərkən birbaşa uçuş olan ölkələrə üstünlük verirlər. Bu həm vaxt, həm də maliyyə baxımından sərfəli olur. Bir misal çəkim. Bir neçə il əvvəl Macarıstana getmək istəyən yox idi. Amma birbaşa reys açılan və qiymətlər münasib olan kimi insanların marağı artdı. Mən bunu həmişə vurğulayıram ki, birbaşa reysi, münasib qiymətə bileti və ucuz otelləri olan ölkələr turizm baxımından öndə olub. Bu üç faktor ölkəyə turist axınını təmin edir”.
R. Quliyev hansı ölkələrə birbaşa reyslərin açılmağı gərəkdiyindən də danışdı: "Polşa və Çexiyaya elə də maraq yoxdur. Amma Bürusseldən birbaşa uçuş olsa çox yaxşı olardı. Həmçinin Avstriyaya da birbaşa reyslər açılmalıdır. Çünki bu ölkədə mühüm beynəlxalq təşkilatlar yerləşir. Və həmin ölkədən gələn çox olur”.
Loukost uçuş olan ölkələrinin sayı nə qədər çox olsa...
Səyahətçi video-bloqqer Vaqif Hüseynovunaçılan reysə yanaşması birmənalı deyil. Səyahətçi bildirir ki, təəssüflər olsun ki, Qərbi Avropa ilə müqayisədə Şərqi Avropadan elə də ciddi turist axını olmur: "Bakıdan Sofiyaya açılan birbaşa reys çox güman ki, ölkələr arasında ticarət əlaqələrinin daha da genişlənməsinə səbəb olacaq. Düşünmürəm ki, Qərbi Avropa ölkələrindən olan turist axını bu ölkələrdə də baş versin. Azərbaycana gələn turistlərin son illərdəki statistikasına baxsaq, görərik ki, Şərqi Avropa ölkələri ilk onluğa düşənlər içərisində deyil. Ola bilər ki, belə ucuz büdcəli uçuşların təşkilindən sonra Azərbaycana həmin ölkələrin insanlarında maraq artsın. Loukost uçuş olan ölkələrinin sayı nə qədər çox olsa daha yaxşı olar. Hər halda həmin ölkələrə getmək istəyən insanlar üçün əlverişli olacaq”.
Turizm üzrə ekspert Rüfət Məmmədov bildirir ki, bu reysin açılması nəticəsində daha çox gedən turistlərin sayı artacaq: "Bildiyimiz kimi, turizmin iki- aktiv(gəlmə) və passiv(getmə) növləri var. Düşünmürəm ki, Bakıdan Sofiyaya açılan birbaşa reys aktiv turizmə ciddi təsir göstərsin. Amma passiv turizmin inkişafında rolu böyük olacaq. Çünki Avropaya olan reyslərimizin bir çoxu bahalı idi. Amma Bolqarıstana olan bu reys ucuz qiymətə olduğundan insanların marağını cəlb edəcəyini düşünürəm. Gəlmə turizm haqqında hələ ki, bir şey demək üçün tezdir. Bir müddət keçdikdən sonra statistik araşdırma aparıb bu aviareysin aktiv turizmə necə təsir etdiyini bilmək olar”.
Günel Azadə
banner

Oxşar Xəbərlər