• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

Azərbaycandan dünyaya sülh, sevgi, həmrəylik mesajı verildi

23.05.17 10:30 1813
Azərbaycandan dünyaya sülh, sevgi, həmrəylik mesajı verildi
Dünən IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm bağlanış mərasimi oldu. Möhtəşəm bir yarışmaya ev sahibliyi edən Azərbaycan öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdi. On gün davam edən yarışlar ölkəmizin və dünyanın idman tarixinə mühüm hadisə kimi düşdü. Bu müddətdə onlarca İslam ölkəsindən idmançılar və turistlər paytaxtımızın qonağı oldular.

Dörd ildən bir keçirilən IV İslam Həmrəyliyi Oyunları həm də İslamın ölkəmizdə aparıcı din olaraq barışdırıcı mövqeyinin və ona dövlət qayğısının İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında geniş şəkildə təbliğatının aparılmasına imkan yaratdı. Azərbaycan bütün İslam məzhəblərinin nümayəndələrini bir araya gətirərək, tarixi missiyanı - məzhəblərarası dialoqun gücləndirilməsi işini yerinə yetirmiş oldu. IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır, bizim Vətənimiz dostluq, əməkdaşlıq məkanıdır, burada bütün xalqların, dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik. Bu Oyunlar vasitəsilə Azərbaycan xalqı öz qonaqpərvərliyini, tolerantlığını, qonaqlara olan hörmətini bir daha ifadə etdi.

Dünən IV İslam Həmrəyliyi Oyunları bitsə də, Oyunlar haqda təəssüratlar hələ uzun müddət davam edəcək. Ölkəmizin Oyunlarda ulduz səfirləri, eləcə də mədəniyyət nümayəndələrimiz İslamiada ilə bağlı fikirlərini, təəssüratlarını "Kaspi” ilə bölüşdülər. Onlar IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin dünyada təbliğindəki rolundan danışdılar.
İslamiadanın ulduz səfirlərindən biri, əməkdar artist Tünzalə Ağayeva IV İslam Həmrəyliyi Oyunlarını aktiv şəkildə yaxından izləyib. Müsahibimiz möhtəşəm bağlanış mərasimi ilə yekun vurulan idman yarışı haqqında öz təəssüratlarını bizimlə bölüşdü: "Bacardığım qədər, oyunları arenalardan izləməyə çalışdım. Bu Oyunlar çərçivəsində ağır atletika, boks, taekvando, voleybol, futbol, üzgüçülük, tullanma və bir çox yarışları canlı izlədim. İnanın ki, oyunları canlı izləməyin yerini heç nə əvəz edə bilməz. Çox sevindirici hal idi ki, idman azarkeşlərimiz yarışları məhz canlı şəkildə izləməyə üstünlük verirdilər. Mən bunun şahidi oldum. Öz sosial səhifəmdən foto deyil, canlı videolar çəkib paylaşmağa çalışırdım. Hisslərimi izləyicilərimlə paylaşırdın. Çox gözəl hisslər idi. İdmançılarımız medal qazandıqca, hətta elə günlərimiz olurdu ki, 3-4 dəfə Azərbaycan himnini oxuyurduq. Əlbəttə, bu məni qürurlandırırdı ki, eyni gündə bir neçə dəfə bayrağımız birinci yerə qalxıb, qızıl medal almışıq. Biz cənab prezidentimizin və onun ailəsinin iştirakı ilə idman yarışlarını izləyirdik”.
T.Ağayeva IV İslam Həmrəyliyi Oyunlarının tək idman yarışları deyil, həm də bir dostluğun təməli olduğunu, eyni zamanda Oyunlar zamanı müxtəlif mədəniyyətlərin bir araya toplaşmasını təqdirəlayiq hal kimi qiymətləndirdi: "Mən bir sənətkar kimi bu Oyunlarda Ərəb Əmirliklərindən, Səudiyyə Ərəbistanından, Afrikanın müsəlman ölkələrindən şəxsi dostlar qazandım. Oranın nümayəndələri ilə tanış oldum. Onlar çox xoşbəxt idilər, hətta deyirdilər ki, Bakıdan ayrılacağımız üçün məyusuq, çünki bura üçün çox darıxacağıq. Bakının onların yaddaşında maraqlı xatirələr və gözəl hisslər buraxdığını deyirdilər. Oyunlarda bəzi ölkələrin nümayəndələri birinci dəfə idi ki, Azərbaycana gəlmişdilər. Bəziləri isə artıq 4-5-ci dəfə idi ki, ölkəmizdə qonaq qismində çıxış edirdilər. Onlara Azərbaycana yenidən gəlmək çox xoş idi. Bu Oyunlardan sonra sosial mediada ərəb ölkələrindən çoxsaylı məktublar alıram. İslam Oyunları şəxsən mənə bir sənət adamı kimi çoxsaylı tamaşaçılar və dostlar qazandırdı. Bir ulduz səfir kimi mən də bir könüllü hesab edilirəm. Çünki bu Oyunlarda sevərək, ürəkdən iştirak edirdim. Mən qürur duyuram ki, bu Oyunlarda səfir kimi seçildim. Qazancım isə dostlar və təcrübə oldu. Bu Oyunlarda qalibiyyət əldə edən bütün atletlərimizi təbrik edirəm. Onlar başımızı növbəti dəfə uca etdilər. Bu Oyunlarda çoxsaylı qızıl medallar qazandıq. Bu, çox sevindirici bir hissdir. Düşünürəm ki, idmançılarımız özlərini ən yaxşı şəkildə göstərdilər. İdman yarışlarında belə bir məşhur ifadə var: "Yarışlarda uduzan olmur”. Bu ifadə bizə də aiddir. Bizim qızıl, gümüş, bürünc medalçılarımız fəxrlərimizdir. Əgər onlar Oyunlarda iştirak ediblərsə, demək qalibdirlər. Bu qədər idmançının içərisində bu Oyunlarda iştirak etmək hüququnu qazanmısansa, demək ki, sən özün də bir qalibsən. Əgər sən ölkəni təmsil edirsənsə, orada qaliblər sırasında 3 bayraqdan biri sənin bayrağındırsa, demək, sən ikiqat qalibsən. Bu uğur münasibətilə idmançılarımızı təbrik edirəm. Qoy, qazanan Vətənimiz, millətimiz olsun. Bu Oyunları öz ölkəsində keçirən Azərbaycan insanı sülhə, sevgiyə, çağırır. Qoy həmişə belə olsun, biz də vətənimizlə qürur duyaq”.
Xalq artisti Gülyaz Məmmədova IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanı beynəlxalq arenada kifayət qədər tanıtdığını və bu Oyunların dünyaya böyük bir mesaj olduğunu bildirdi: "Mən bu Oyunlara yüksək səviyyədə ev sahibliyi etdiyi üçün xalqımızı təbrik edirəm. Bu, böyük qələbədir. Dövlətimiz bu yarışları möhtəşəm şəkildə təşkil etmişdi. Bizi tanımayan İslam ölkələri də bu Oyunlar vasitəsilə bizi tanımış oldu. Bilirsiniz ki, bundan əvvəl ölkəmiz "Eurovision”, Bakı-2015 Avropa Oyunları, "Formula-1” kimi yarışlara ev sahibliyi etmişdi. Bütün bu tədbirlər səviyyəli, möhtəşəm şəkildə keçirildi. İndi də ölkəmiz daha bir məsuliyyətli işin öhdəsindən layiqincə gəldi”.

Xalq artisti gimnastikaya xüsusi marağının olduğunu da gizlətmədi: "İdmana sevgim çox böyükdür. Yarışlara baxmaqdan doymuram. Sevindirici haldır ki, Azərbaycanda musiqi ilə bərabər, idmana da böyük diqqət və qayğı var. Demək olar ki, bütün oyunları izlədim. Əlbəttə ki, öz idmançılarımıza azarkeşlik edirdim. Çox sağ olsunlar, onlar da bizim başımızı uca etdilər”.
Xalq artisti Nəzakət Teymurova bizimlə söhbətində İslam Oyunları başlayandan televiziya vasitəsilə oyunları izlədiyini dedi: "İslamiada oyunlarında hər dəfə Azərbaycan idmançıları qalib gələndə, sevincimin həddi-hüdudu olmurdu. Özümdən asılı olmayaraq, sevinc gözyaşlarımı saxlaya bilmirdim. İdmançılarımız qalib gəldikcə, ürəyim dağa dönürdü. O idmançılar mənim dövlətimin vətəndaşları, bacı və qardaşlarımızdır. Biz IV İslam Həmrəyliyi Oyunları vasitəsilə dünyaya Azərbaycan idmançılarının nəyə qadir olduğunu göstərdik. Bu, elə-belə iş deyil. İslam Oyunları yüksək səviyyədə təşkil olunmuşdu. Oyun meydançalarında hər dəfə Azərbaycan himni səslənəndə, sevincimin həddi-hüdudu olmurdu. İdman oyunları həm də həmrəylik, dövlətlərin bir-biri ilə əməkdaşlığının göstəricisidir. Turistlər ölkəmizə gəlir, necə bir ölkə olmağımızı görürlər. Ölkəmizə gələn turistlər paytaxtımızın necə gözəl olmasından danışırlar. Bu da təbii ki, bir vətəndaş olaraq bizi çox sevindirir. Damarında azərbaycanlı qanı axan insan təbii ki, ölkəmizin bu qədər tanınmasına biganə qala bilməz. Axı bu, bizim torpağımızdır. Kənarda yaşayan insanların torpağımız haqda belə xoş fikirlər səsləndirməyi mənə çox xoş gəlir. Çox sevindirici haldır ki, beynəlxalq festivallara gedərkən bu cür Oyunların heç də nəticəsiz olmadığını görürük. Əvvəllər ölkəmizi az sayda dövlətlərin vətəndaşları tanıyırdılarsa, indi şükürlər olsun ki, beynəlxalq arenada kifayət qədər tanınırıq. Bundan gözəl nə ola bilər?”

Uşaq vaxtı voleybola böyük marağı olduğunu deyən xalq artisti işlərinin çoxluğundan, idmanlı məşğul ola bilmədiyindən gileyləndi. Hazırda yüngül atletika ilə məşğul olan xanəndə idman oyunlarını sevərək izlədiyini dedi.
Əməkdar artist Baloğlan Əşrəfov İslam aləmində məzhəblərarası münaqişələrin artdığı bir dövrdə İslam həmrəyliyinin gücləndirilməsinə ciddi ehtiyacın olduğunu dedi: "Bu həmrəyliyə nail olmaq və bununla bağlı addımlar atmaq üçün belə çağırışın edilməsi çox vacibdir. Bu Oyunlarda İslam ölkələrinin müxtəlif sahələrdə bir-birinə dəstək olması, mədəniyyətlərarası dialoqun gücləndirilməsi, İslamın dünyada düzgün təbliğinin aparılması öz əksini tapıb.Hər ölkədə belə yarış keçirilmir. Fəxr edirəm ki, bizdə belə mötəbər yarışlar keçirilir. Nəinki müğənni, bir Azərbaycan vətəndaşı kimi bununla qürur duyuram. Azərbaycanda keçirilən Oyunların hamısını maraqla izləmişəm. Hamısı haqqında böyük təəssüratlarım var. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdi. Açılış mərasimi ilə bərabər, möhtəşəm bağlanış mərasiminə də şahidlik etdik. Biz bu Oyunları İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk. Bu Oyunlar yüksək səviyyədə təşkil edilmişdi. Bunun üçün ilk növbədə cənab prezidentimiz İlham Əliyevə, daha sonra birinci vitse-prezidentimiz Mehriban xanıma təşəkkürümüzü bildiririk”.
B.Əşrəfov bütün idman növlərini televiziya vasitəsi ilə izlədiyini və ən çox sevdiyi idman növünün futbol olduğunu bildirdi: "İdmanın bütün növlərini sevərək izləyirəm. Ancaq mənim üçün idmanın yeri başqadır. IV İslam Hərməyliyi Oyunlarında Azərbaycan futbol yığması birinci yeri tutdu və qızıl medallara layiq görüldü. Bu, mənim üçün gözlənilməz oldu. Həmin an sevincimin həddi-hüdudu yox idi. İdmançılarımız sanki mənə ən böyük hədiyyəni verdilər. Futboldan başqa, stolüstü tennis, şahmatı da çox sevirəm”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər