• cümə, 29 Mart, 15:08
  • Baku Bakı 14°C

Azərbaycandan Avropaya qanunsuz köçənlər məcburi geri qaytarılacaq

19.05.14 11:04 1069
Azərbaycandan Avropaya qanunsuz köçənlər məcburi geri qaytarılacaq
Azərbaycan Avropa İttifaqı qarşısında AB ölkələrinə qanunsuz köçən vətəndaşlarının geri qaytarılması və bununla bağlı digər məsələlərə dair yeni öhdəliklər götürür. APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” sazişdə əksini tapıb.
Komitə sədri Əli Hüseynlinin rəhbərliyi ilə keçirilən iclasda bildirilib ki, sazişdə Azərbaycan Aİ üzv ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması öhdəliyini götürür. Sənəddə göstərilir ki, Avropa İttifaqına üzv dövlətin müraciəti əsasında və bu sazişdə ehtiva olunan şərtlərdən əlavə, rəsmiyyətçiliyə yol vermədən, Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olduğu sübut olunan və ya “prima facie” dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir. Sazişdə bu məsələ ətrafında başqa bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya ediləcəyi açıqlanıb, şərtlər göstərilib.
İclasda Azərbaycanın işğal olunmuş torpaqlarında, Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan vətəndaşlarının (əsasən ermənilər) bu sazişə əsasən Aİ-dən readmissiya olunmasının hansı yolla həyata keçirilməsi məsələsi də qaldırılıb. Komitə sədri Ə. Hüseynli buna cavab olaraq deyib ki, bu məsələ Xarici İşlər Nazirliyi ilə birgə müzakirə olunacaq və saziş plenar iclasda müzakirəyə çıxarılarkən bu məsələ ilə bağlı konkret fikir təqdim olunacaq.
Komitə sazişi təsdiqləyərək plenar iclasa tövsiyə edib.
banner

Oxşar Xəbərlər