• şənbə, 20 Aprel, 02:27
  • Baku Bakı 15°C

Azərbaycandan Avropa Parlamentinə çağırış: Siyasi təcavüzü dayandırın!

28.10.13 10:29 1257
Azərbaycandan Avropa Parlamentinə çağırış: Siyasi təcavüzü dayandırın!
AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avropa Parlamentinin prezidenti Martin Şultsa məktubla müraciət edib.
APA-nın məlumatına görə, məktubda deyilir: “18 fevral 2013-cü il tarixində işğalçı dövlət olan Ermənistanda keçirilmiş prezident seçkiləri beynəlxalq müşahidə missiyaları, o cümlədən Avropa Parlamenti tərəfindən demokratiya, insan hüquqları və hüququn aliliyi prizmasından “demokratik seçkilər” kimi dəyərləndiriləndən sonra Sizə 2 may 2013-cü il tarixli məktub ünvanlamışdım. Həmin məktubda BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin olduğunu bir daha diqqətinizə çatdıraraq, işğalçı dövlətdə keçirilən seçkilərin hansı meyarlar əsas götürülməklə demokratik adlandırılması və bir sıra digər suallarımı cavablandırmanızı xahiş etmişdim. Lakin 11.07.2013-cü il tarixli cavab məktubunuz sözün əsl mənasında məndə şok effekti yaratdı. Belə ki, məktubdan açıq-aşkar görünürdü ki, Sizə göndərdiyim məktubu şəxsən oxumamısınız və onun məzmunu ilə tanış deyilsiniz. Odur ki, bir daha həmin məktubu oxumağınızı məsləhət görməklə yanaşı, aşağıdakıları diqqətinizə çatdırmağı vacib hesab edirəm.
Necə olur ki, Avropa Şurasının və Avronest PA-nın üzvü olan bir dövlətin - Ermənistanın, Avropa Şurasının üzvü olan digər dövlətin - Azərbaycanın torpaqlarını 25 ilə yaxın müddət ərzində işğal altında saxlamasına, işğalla bağlı qətnamələrin icrasına göz yumur, sanksiyalar tətbiq etməkdən açıq-aydın çəkinirsiniz. İşğalçı dövlət olan Ermənistanda keçirilən prezident seçkiləri 5 nəfərlik rəsmi müşahidə missiyanız tərəfindən demokratik qiymətləndirilir və sizlər də həmin qiymətləndirməni dəstəkləyirsiniz. Amma işğala məruz qalmış Azərbaycanda keçirilən seçkilərin rəhbərlik etdiyiniz Avropa Parlamentinin yaşıllar istisna olmaqla bütün siyasi fraksiyaları əhatə edən 7 nəfərdən ibarət müşahidə missiyası tərəfindən müsbət qiymətləndirilməsinə baxmayaraq, dözümsüzlük və qərəzlilik göstərərək, öz müşahidə missiyanızın nüfuzuna ciddi zərbə vurmaq bahasına olsa belə dərhal seçkilərin nəticələrinə kölgə salmaq məqsədi güdən qətnamə qəbul edirsiniz?!
Qəbul etdiyiniz Avropa Qonşuluq siyasəti üzrə 23 oktyabr tarixli Qətnamənizin 32-ci bəndində Azərbaycandakı son seçkilərin guya “ATƏT-in standartlarına cavab verməməsi” iddiasının əks olunması Avropa Parlamentinin öz müşahidə missiyasına inamsızlıq və hörmətsizlikdən başqa bir şey deyil. Bu qətnamənin qəbul edilməsi əslində Avropa Parlamentinin özünün ciddi qurum olmasını şübhə altına alır. Bununla da, Avropa Parlamenti İnsan haqları, Azadlıq və Vəhdət Evindən ədalətsizlik və sifarişləri icra edən quruma çevrilmə təhlükəsinə qədəm qoyur.
Ermənistan 25 ilə yaxındır ki, silahlı təcavüz edərək Azərbaycan torpaqlarını işğal edib. Rəhbərlik etdiyiniz qurumun qəbul etdiyi 23 oktyabr tarixli Qətnamənin 32-ci bəndini isə mən Azərbaycana qarşı siyasi təcavüz hesab edirəm.
Sizlərin Azərbaycanı avtoritar ölkə kimi təqdim etmək cəhdləriniz beynəlxalq aləmdə ölkənin mənfi imicini formalaşdırmaq, bununla da Ermənistanın zəbt etdiyi torpaqları işğal altında saxlamasına xidmət edərək böhtan və iftiralarla Azərbaycanı işğal olunmuş torpaqlarından imtina etməyə vadar etmək məqsədi güdür.
Mən sizləri bütün bunlara son qoymağa və Azərbaycana qarşı siyasi təcavüzü dayandırmağa çağırıram”.
banner

Oxşar Xəbərlər