• cümə, 19 Aprel, 08:42
  • Baku Bakı 13°C

Azərbaycandakı xalq-iqtidar birliyi dünya reytinqində

16.01.18 10:00 1840
Azərbaycandakı xalq-iqtidar birliyi dünya reytinqində
Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi 20 ölkə arasındadır. Bu, Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda öz əksini tapıb. "Siyasətçilərə ictimai etimad” adlanan kateqoriya üzrə Azərbaycan "Böyük İyirmilik" ölkələrinin hər 4-dən 3-nü geridə qoyub. Bu kateqoriyada Azərbaycan bütün BRICS ölkələrini, postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır. Qeyd edək ki, Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatı"nda daha bir kateqoriya – "Dövlət tənzimlənməsinin yükü" göstəricisinə görə dünyada 15-ci yerdə qərarlaşıb. Bu da onu göstərir ki, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən və dövlətin əhaliyə və biznesə ən az yük olduğu ölkələr sırasındadır.

Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda "Siyasətçilərə ictimai etimad" kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi isə Prezident İlham Əliyevin siyasətinə əhalinin və biznesin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir. Məhz ölkədəki sabitliyin nəticəsidir ki, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar iqtidarın siyasətinə etimad göstərir. Təkcə 2017-2018-ci illərdə Azərbaycan iqtisadiyyatına 30 milyard ABŞ dolları sərmayə yatırılacaq ki, bu da ölkənin ÜDM-nin 80 faizindən çoxdur. Azərbaycanda sabitliyin bir vacib təzahürü də ölkəmizə gələn turistlərin 2017-ci ildə 500 min nəfər artaraq 2,7 milyon nəfərə - rekord həddə çatmasıdır. Bütün bunlar dövlətin siyasətinə ictimai etimadın və xalqın inamının təzahürləridir. Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatanlığının daim artırılması, Prezidentin tapşırığı ilə mərkəzi hakimiyyət qurumlarının rəhbərlərinin regionlarda mütəmadi keçirdikləri görüşlər, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldib.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda "Siyasətçilərə ictimai etimad" kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi mövcud reallığın dünya tərəfindən qəbul edilməsinin göstəricisidir: "Azərbaycanda demokratik dövlətin əsasları qoyulub və bu, zaman-zaman təkmilləşir. Açıq cəmiyyət olduğumuza görə, qazandığımız nailiyyətlər dünya tərəfindən qəbul edilir. Əlbəttə, biz istərdik ki, daha yüksək göstəricilər əldə edək. Faktiki olaraq, bu istiqamətdə müvafiq işlər görülür. Azərbaycan öz müstəqilliyini ilk növbədə dövlətinin güclənməsi, vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, demokratik proseslərin həm konstitusiya daxilində, həm də beynəlxalq təcrübə çərçivəsində getməsi ilə qorumaqda maraqlıdır. Bu istiqamətdə də müvafiq işlər aparılır, yeniliklər var və əldə edilən nailiyyətlər Azərbaycan vətəndaşının istəyinə uyğundur. Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda irəliləməyimiz artıq Azərbaycanda demokratiyanın güclənməsinin və dərinləşməsinin göstəricisidir”.

A.Mirzəzadə qeyd etdi ki, iqtisadi islahatların və biznes mühitinin yaxşılaşdırılmasının, şübhəsiz, bu məsələlərə təsiri var: "İslahatlar ilk növbədə cəmiyyətin maraqlarının təmin edilməsi üçündür. Yəni, ümumən cəmiyyət təhlükəsiz, sosial problemləri həll olunmuş, demokratiyanın güclənməsi şəraitində yaşamalıdır. Atılan hər bir addım bu məsələdə bizim göstəricilərimizi daha da yaxşılaşdırır”.

Millət vəkili Tahir Mirkişili bildirdi ki, Dünya İqtisadi Forumunun elan etdiyi "Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 137 ölkə arasında 35-ci pillədə qərarlaşıb: "Bu reytinq müxtəlif istiqamətləri əhatə edən 114 kateqoriyadan formalaşır və mürəkkəb bir tərkibə malikdir. Ən önəmli kateqoriyalardan biri "Siyasətçilərə ictimai etimad" kateqoriyasıdır ki, burada da ölkəmiz 137 ölkə arasında 20-ci yerdə qərarlaşıb. Dünya İqtisadi Forumunun alimlərinin araşdırmalarına görə, məhz siyasətçilərə ictimai etimadın yüksək olması və siyasətçilərin bu etimadı doğrultması ölkənin iqtisadi və sosial inkişafına həlledici təsir göstərir. Azərbaycanın bu mötəbər reytinqdə belə yüksək yer tutmasının əsas səbəbi isə ölkə Prezidenti İlham Əliyevə insanların yüksək etimadı və etibarıdır. Bunu son samanlar keçirilən bütün rəy sorğuları da təsdiq edir. Məhz bu etibardan formalaşan xalq-iqtidar birliyi ictimai etibara sahib olmaqla, həm də ölkədə bütün sahələrdə islahatlar aparmağa, ictimai-siyasi sabitliyi qoruyub saxlamağa imkan verir”.

T.Mirkişili əlavə etdi ki, Azərbaycanda aparılan islahatlar digər mühüm bir kateqoriya üzrə də ölkəmizin yüksək yer tutmasına səbəb olub: "Belə ki, "Dövlət tənzimlənməsinin yükü" kateqoriyası üzrə Azərbaycan 137 ölkə arasında 15-ci yerə sahib olub. Aparılmış islahatlar nəticəsində lisenziya tələb edən sahibkarlıq fəaliyyət növlərinin sayının 59-dan 37-yə, icazələrin sayının 330-dan 86-ya endirilməsi, həmçinin sahibkarlıq sahəsində aparılan yoxlamaların sayının 1000 dəfə azaldılması Azərbaycana belə yüksək yer tutmağa imkan yaradıb”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər