• cümə axşamı, 18 aprel, 09:30
  • Baku Bakı 12°C

Azərbaycandakı universitetlərin bəziləri bağlanarsa...

03.10.18 09:00 648
Azərbaycandakı universitetlərin bəziləri bağlanarsa...
Bu günlərdə Milli Məclisin iclasında "Təhsil haqqında” (birinci oxunuşda) və "Elm haqqında” qanunlara eyni mahiyyətli dəyişiklikləri nəzərdə tutan qanun layihələri müzakirəyə çıxarılıb. Müzakirələr zamanı millət vəkiliFazil MustafaAzərbaycanda ali məktəblərin sayının azaldılmasını təklif edib: "Azərbaycanda bu qədər ali məktəbə, universitetlərə nə ehtiyac var? Onların çoxunu birləşdirmək lazımdır. Əgər bu ali məktəblər, sadəcə, diplom almaq, diplom vermək üçün olacaqsa, o zaman nə təhsildən, nə savaddan danışmağına dəyər. Bunlara son qoyulmalıdır”.

Vitse-spiker Bahar Muradova isə onun iradı ilə razılaşmayıb: "B,urada bir məsələ mənim izzəti-nəfsimə toxundu. Deyildi ki, Azərbaycan universitetlərində normal təhsil verilmir. Bu, kökündən səhv bir yanaşmadır. Bu yanaşma ilə barışa bilmərik. Azərbaycanın ali məktəbləri, universitetləri kifayət qədər savadlı, bilikli, normal mütəxəssislər yetişdirib və yetişdirir”.
Qeyd edək ki, müzakirələrdən sonra hər iki sənəd səsə qoyulub, bütövlükdə və birinci oxunuşda qəbul edilib.

Təhsil elə bir sahədir ki, bu sahədə görülən işlər öz nəticəsini bir müddət sonra verir. Yəni bu sektorda görülən işlər və atılan addımlar zamanla nə dərəcədə effektiv olduğunu sübut edir. Fazil Mustafanın təklifinə də münasibət birmənalı deyil. Bəziləri bu addımın doğru, bəziləri isə kökündən yanlış olacağını iddia edir. Elə buna görə də, mövzu ilə bağlı suallarımızı təhsil ekspertlərinə ünvanladıq.

Təhsil eksperti Etibar Əliyevqeyd etdi ki, Azərbaycan kimi kiçik bir ölkədə 47 ali təhsil müəssisəsi həddən artıqdır: "Düşünürəm ki, ölkədə fəaliyyət göstərən ali məktəblərin sayı çoxdur. Əksər ali məktəblər isə fəaliyyət göstərdiyi illər ərzində özünü lazımınca doğrulda bilməyib. Bununla yanaşı, oxşar ixtisasların kadr hazırlığını həyata keçirən ali məktəblər var. Buna misal olaraq Azərbaycan Dillər Universitetini və Slavyan Universitetini göstərmək olar. Başqa bir misal kimi isə Azərbaycan Neft və Sənaye Universitetini, Azərbaycan Texniki Universitetini, Memarlıq Universitetini nümunə göstərmək olar. Hesab edirəm ki, bu universitetlərin vahid ali təhsil ocağında birləşməsi daha məqsədəuyğun olar. Belə olan təqdirdə, iki ali məktəbin potensialından tam şəkildə istifadə etmək mümkün olar. Biz bir neçə universitetin laboratoriyalarını birləşdirmək və geniş kampusların fəaliyyətini təmin etməklə, ali təhsilin keyfiyyətini daha da yaxşılaşdıra bilərik. Bu gün dünya universitetlərinin reytinq cədvəllərində bizim bəzi universitetlərin adı yoxdur. Aydın məsələdir ki, bir sıra universitetlər tələb olunan kriteriyalara və standartlara cavab vermir. Düşünürəm ki, ali təhsil sahəsində ciddi islahatlara ehtiyac var. Bunlardan biri də ali təhsil ocaqlarını birləşdirərək, təhsilin keyfiyyətini yüksəltməkdir. Yəqin ki, bu, gec-tez reallaşacaq. Keyfiyyətsiz kadr hazırlığı insan kapitalının formalaşmasında heç bir rol oynamır. Ona görə də, təklif olunan ideyanı mütərəqqi hesab edirəm”.

Sözügedən təklifin tərəfdarlarından biri də təhsil eksperti Nadir İsrafilovdur: "Azərbaycan müstəqillik qazandıqdan sonra əksər sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən problemlər yaşanmağa başlandı. Təhsil haqqında qanunun qəbulu bir qədər gecikdi. Təhsildə normativ hüquqi bazanın yaradılmasında bir qədər ləngimələr yaşandı. Bu boşluqlar keçid dövrünə təsadüf edirdi və bu müddət ərzində bir sıra ali təhsil ocaqları yaradıldı. Tədricən belə ali təhsil müəssisələrinin infrastrukturunda və maddi-texniki təchizatında müəyyən çatışmazlıqların olduğu ortaya çıxdı. Bu ali məktəblərdə kadr hazırlığı istənilən səviyyədə deyildi. Zamanla bəzi universitetlər öz fəaliyyətini dayandırmalı oldu. Son illər ərzində təhsil sahəsində rassionallaşdırılma işləri aparılır. Bunun tərkib hissəsi olaraq bəzi universitetlər bağlandı, bəzi kolleclər universitetlərin tərkibinə keçirildi. Misal üçün müəllimlər institutunun 11 filialı var idi və bu filiallar Dövlət Pedaqoji Universitetinə birləşdirildi. İstəsək də, istəməsək də razılaşmalıyıq ki, bəzi ali təhsil müəssisələri eyni ixtisaslı kadrlar hazırlayır. Bu isə təkrarlamalara gətirib çıxarır. Bu təkrarçılığı aradan qaldırmaqla yeni kadr islahatı aparmaq olar. Çünki eyni ixtisaslı kadrların işlə təmin olunmasında müəyyən çətinliklər yaşanır. Hesab edirəm ki, bu proses bizdə artıq bir müddətdir ki, başlanıb və növbəti illərdə də davam etdiriləcək. Özünü doğrulda bilməyən ali təhsil müəssisələri zamanla fəaliyyətini dayandırır. Təhsildəki bu proses bir müddət davam etməlidir ki, rasionallaşma proqramı tam olaraq həyata keçirilsin”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər