• çərşənbə, 24 Aprel, 18:36
  • Baku Bakı 23°C

Azərbaycanda yeni regional hava limanı tikilə bilər - Təklif

13.01.14 12:56 7998
Azərbaycanda yeni regional hava limanı tikilə bilər - Təklif
Bu məsələ Quba-Xaçmaz iqtisadi rayonunun 2018-ci və 2030-cu illərədək dövrləri əhatə edən inkişaf planının layihəsində əksini tapıb.
Planın layihəsini hazırlayan «Renessans Studio» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, «Azərbaycan Hava Yolları» QSC-nin Xaçmaz rayonu ərazisində balansında 150 hektar sahəsinin olmasına baxmayaraq, burada heç bir fəaliyyət yoxdur: «Bu regionun potensialı nəzərə alınaraq güclü turizm mərkəzinə çevrilməsi üçün burada hava nəqliyyatının fəaliyyətinin təşkil edilməsi zəruridir».
Plana əsasən, Xaçmaz şəhərinin üç dəfə artması və 100 min nəfərlik bir şəhərə çevrilməsi nəticəsində hazırkı aeroport ərazisi (150 ha) şəhərin daxilində qalır. Ona görə də aeroportun rayonun Xudat şəhəri yaxınlığında salınması məqsədə uyğun hesab olunur. «Çünki bura rayon ərazisindəki meşə və bağlardan azad, yaşayış məntəqələrindən aralı olmaqla yanaşı, nisbətən əlverişli yerdir. Bundan başqa, ərazinin hazırda tikilən I kateqoriyalı «M» indeksli respublika əhəmiyyətli yolun yaxınlığında olması da onu nəqliyyat düyünü kimi daha da cazibədar edir», - deyə şirkətdən bildirilib.
Regionun şimal istiqamətindəki dəmir yolu şəbəkəsi də məhz bu iqtisadi rayonun ərazisində yerləşir. «Azərbaycan Dəmir Yolları» QSC-nin bu region üzrə perspektiv planlarında isə dəmir yol və stansiyaların təsərrüfat və qurğuların modernləşdirilməsi, 2010-2030-cu illərdə bu istiqamətdə sürətli ekspress qatarların buraxılması tədbirləri nəzərdə tutulub.
Həmçinin, Quba-Xaçmaz iqtisadi rayonun yeni inkişaf sxemində turizmin inkişaf etdirilməsi məqsədilə su nəqliyyatı - regionun sahilətrafı əhalisi və turistlərin dəniz nəqliyyatı ilə təmin edilməsi və dəniz gəzintilərinin təşkili məqsədilə sahilboyu zolaqda (Xudat, Xaçmaz, Siyəzən şəhərlərinin hüdudlarında) sərnişin nəqliyyatı üçün liman obyektlərinin tikintisi təklif olunur.
Bundan başqa, sənaye və kənd təsərrüfatı üzrə yeni müəssisələrin yaradılması təklif edilib. Planda 2018-ci il üçün regionda əhalinin çörək və çörək məhsullarına olan tələbatının ödənilməsi məqsədilə illik istehsal gücü 27 mln. ədəd çörək, 225 ton un məmulatları olan 6, illik 200 ton biskvit və vafli məmulatı olan 4 müəssisənin tikintisi təklif edilir. Bununla yanaşı, regionda istehlak olunan həcmdən iki dəfədən də çox kartof istehsal olunduğunu nəzərə alaraq, Quba-Xaçmaz iqtisadi rayonunda illik istehsal gücü 1 100 ton olan iki kartof çipsi istehsalı müəssisəsinin və illik istehsal gücü 4 000 ton olan 3 dondurulmuş kartof istehsalı müəssisəsinin inşası məqsədəuyğun hesab edilib.
Regionda yeni iş yerlərinin açılması məqsədilə ayaqqabı, yataq və yataq tekstili, toxuculuq məmulatları, xalça istehsalı, bal və suyun qablaşdırılması, yumurta qabı istehsalı sahələrində yeni 17 müəssisənin inşası təklif olunur. Həmçinin, neylon torba, plastik paket istehsalı müəssisəsi, habelə 32 soyuducu anbar kompleksi, 40 min ton qarışıq heyvan yemi istehsalı üçün 8 müəssisənin yaradılması təklif edilir.
Qeyd edək ki, 2018-ci ilə qədər Quba-Xaçmaz iqtisadi rayonunda 94, 2030-cu ilədək isə 106 müəssisənin açılması nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər