• cümə axşamı, 25 aprel, 16:23
  • Baku Bakı 23°C

Azərbaycanda xidmət mədəniyyəti niyə inkişaf etmir?

23.05.14 11:24 1700
Azərbaycanda xidmət mədəniyyəti niyə inkişaf etmir?
“Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasında artıq neçənci dəfədir ki, səhər işə gələndə qanqaraldıcı bir mübahisədə tərəf oluram. Stansiyanın kassasında işləyən xanım pul xırdalatmaq istəyimi elə qarşılayır ki, sanki ondan öhdəliyi olmayan, vəzifə səlahiyyətlərinə daxil edilməmiş nəyisə tələb edirəm. Dünən isə kobudluğunun ən son həddini nümayiş etdirən xanım kassir tərbiyəsiz ifadələrdən belə çəkinmədi.
Yan kassada (pəncərəsi bağlı idi – H.A.) pul ola-ola “5”-liyi xırdalamaqdan imtina etdi. Digər kassirin harada olduğunu soruşduqda isə, hirslə “tualetdə” deyə cavab verdi. Yaxa kartına baxıb kimliyini öyrənmək istəsəm də, onun sinəsində olmadığını gördüm. Ad-soyadını soruşdum, əvəzində “sən kimsən” cavabını aldım. Səbrlə özümü təqdim edib yenidən ad-soyadını soruşdum. Özünü təqdim etsə də, bunun ardınca kobud ifadələr səsləndirməsi səbəbindən mübahisə böyüdüyü üçün yadımda onun yalnız soyadı qaldı. Amma etika xatirinə və bu yazıda məqsədimin heç də konkret kiminsə cəzalandırılmasına nail olmaq olmadığını nəzərə alaraq onun soyadını qeyd etmirəm.
Əlavə edim ki, bu, tək mənim başıma gələn hadisə deyil. Yolum hər gün oradan keçdiyi üçün dəfələrlə onun digər sərnişinlərlə də kobud rəftar etdiyinin şahidi olmuşam. Müşahidələrim göstərir ki, o xanımın şəxsi keyfiyyətləri belə bir kütləvi yerdə işləməsi üçün əlverişli deyil. Metro kimi insanların sıx istifadə etdiyi ictimai nəqliyyatda çalışmaq üçün işçi ilk növbədə xidmət mədəniyyətinə malik olmalıdır. Ümid edirik ki, metropoliten rəhbərliyi bu cür halların baş verməməsi üçün müəyyən tədbirlər görəcək.
Məsələ isə ondadır ki, bu cür ünsiyyət bacarığı, xidmət mədəniyyəti olmayan kobud insanlar tək metropoliten sistemində deyil, bütün sahələrdə var və təəssüflə qeyd etməliyik ki, hətta çoxluq təşkil edir. Bir sözlə, Azərbaycanda xidmət mədəniyyəti hələlik formalaşmayıb. Çox az sayda şirkət, müəssisə, qurum tapılar ki, işçilərinə müntəzəm surətdə davranış qaydaları, xidmət mədəniyyəti ilə bağlı treninqlər keçsin, onların vəzifələrinin vətəndaşları göstərdikləri xidmətdən razı salmaq olduğunu başa salsın. Xüsusilə də daha çox insana xidmət edən sahələrdə bu cür treninqlərə ehtiyac olduğu danılmazdır.
Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən sosioloq Əhməd Qəşəmoğlu məsələnin çox aktual olduğunu dedi. Bildirdi ki, tez-tez xarici səfərlərdə olur və başqa ölkələrdəki xidmətlə Azərbaycandakı xidməti müqayisə etmək imkanı var: “Bu gün biz necə ki, parklarımızı, küçələrimizi səliqə-səhmana salırıq, insanlarımızın davranışında da bunu etməliyik. Çünki insan hər gün nə qədər neqativ enerji alırsa, cəmiyyətə də o qədər çox problem yaradır, o mənfi enerjini evə, işə daşıyır, ətrafındakılara qarşı büruzə verir. Yəni insanların bir-birinə qarşı mədəni davranması həm müasir yaşam tərzinə, müasir dünyanın tələblərinə görə, həm də mənəvi-psixoloji, fəlsəfi tərəfdən bir vəzifədir. Ağılla, məntiqlə düşünən adamlar başqalarına qarşı mədəni davranmağı özləri üçün tələb şəklində qoyurlar. Bundan başqa, hər bir təşkilatın-müəssisənin işçiləri əvvəla, bir vətəndaş kimi mədəni davranmağa borcludur, digər tərəfdən də işlədiyi yerin nüfuzunu, imicini qorumaq öhdəliyi götürür. Məsələn, siz qəzetin adından harasa gedirsinizsə, orada redaksiya haqda rəy yaradırsınız. Ona görə də biz məsələnin aktuallığını nəzərə alıb hər zaman ictimailəşdirməliyik ki, bugünkü azərbaycanlı, vətəndaş nə dərəcədə mənəviyyatın, beynəlxalq normaların tələblərinə uyğun olaraq hərəkət edir. Bununla daxildə bir-birimizə təsir etmiş olarıq”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, Amerikada, Avropada insanlar hətta küçədə gedərkən də bir-birilərinə təbəssümlə baxırlar: “Çünki hər kəs qəbul edir ki, qarşıdakı insana neqativ, xoşagəlməz mimikayla baxmaq ona mənfi enerji vermək, eyni zamanda mədəniyyətsizlikdir. Burada söhbət danışmaqdan yox, baxışdan gedir. Yəni artıq müasir dünyada insanlar bir-birlərinə baxışda belə mədəniyyət sərgiləyirlər. Təbii ki, bu, Azərbaycanda alınmaya bilər, qadın kişidə, kişi qadında təbəssümü yanlış anlaya bilər. Bəlkə də biz təbəssümə hələ hazır deyilik. Amma yerdə qalan məsələlərə, danışığa gələndə, bineyi-qədimdən Azərbaycanda mehribanlıq olub. Biz ölkəmizlə fəxr edirik, tez-tez dünyanın qabaqcıl ölkələrindən biri olmağa çalışdığımızı deyirik. İstənilən bir xarici qonaq gəlsin, gəzməli-görməli yerlərimizi görsün bəyənsin, onda yüksək təəssürat yaransın, amma kiminsə pis danışığı o təəssüratı dərhal alt-üst edir, ölkə haqqında bütün fikri dəyişir. Bunu hətta aeroportda taksi sürücülərinə də demişəm. Ölkənin sərhədini keçəni dərhal aldatmağa çalışırlar, bu çox pis bir haldır. Bütün xidmət, davranış mədəniyyəti dəyişməlidir. Fakt budur ki, bugünkü davranış tərzi qənaətbəxş deyil. Təbii ki, bununla barışmaq olmaz. Davranış idarəolunan bir məsələdir və kütlənin davranışında dəyişiklik etməyə məcburuq. Həm daxildə insanlarımızın ovqatına müsbət təsir etmək baxımından, həm də xaricdən gələnlər qarşısında ölkənin imicini qorumaq baxımından”.
Ə.Qəşəmoğlu bu istiqamətdə durumun olduqca ciddi olduğunu dedi və qeyd etdi ki, bununla bağlı məsələ qaldırılmalıdır: “Davranış sosial yönümlü bir prosesdir. Bunun formalaşmasında üç əsas amil rol oynayır: insanın yaşadığı şərait, aldığı informasiyalar və onda yaranan dəyərlər. Biz KİV-lə, televiziya ilə insanlara müəyyən informasiya verə, onlarda müsbət dəyərlərin yaranmasına kömək edə bilərik. İnsanlar başa düşər ki, bir-birilə mədəni davranmaqla şəxsiyyət kimi özlərini təsdiq edirlər”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər