• cümə, 29 Mart, 09:49
  • Baku Bakı 5°C

Azərbaycanda virusun nə vaxta pik həddə çatması və ya azalması araşdırılır

02.04.20 14:52 560
Azərbaycanda virusun nə vaxta pik həddə çatması və ya azalması araşdırılır
Ölkədə 35 min testin aparılması bu sayda insanın test olunması demək deyil. Hər karantində olan şəxs 2 dəfə, sağalanlar ən azı 3-4 dəfə yoxlanılır.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva bildirib.
Y.Qarayeva deyib ki, ölkədə virusun nə vaxt pik həddə çatıb, nə vaxt azalmasının statistikası aparılır:
"İlk gündən qərargahda bu işlə məşğul olan elmi işçilər, statistika aparanlar var. Həmin şəxslər respublikada virusun inkişafının stimulyasiyası ilə məşğul olur. Yəqin ki, bu yaxınlarda açıqlanacaq. Hazırda mütəxəssislər ölkədə virusun nə vaxta pik həddə çatması və ya azalması üzərində işlər aparırlar".
Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.
Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.
İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.
banner

Oxşar Xəbərlər