• cümə axşamı, 18 aprel, 18:54
  • Baku Bakı 21°C

Azərbaycanda vergi inzibatçılığı rəqəmsal vergi idarəetməsinə transformasiya ediləcək

07.04.21 15:15 1370
Azərbaycanda vergi inzibatçılığı rəqəmsal vergi idarəetməsinə transformasiya ediləcək
Azərbaycanda vergi inzibatçılığı rəqəmsal vergi idarəetməsinə transformasiya ediləcək.
Dövlət Vergi Xidmətindən (DVX) "APA-Economics”ə verilən məlumata görə, bununla bağlı qurumun nəzdində Rəqəmsal Transformasiya Şurası yaradılıb. Şura vergi idarəetməsində rəqəmsal yanaşmanı daha da genişləndirəcək.
Xidmət rəisinin müşaviri Sərxan Həşimovun sözlərinə görə, Şuranın yaradılması zərurəti də məhz vergi idarəetməsində tətbiq edilən rəqəmsal yanaşmanın və həllərin daha da genişləndirilməsi, bu məqsədlə mövcud olan resurslardan maksimum dərəcədə səmərəli istifadə edilməsi ehtiyacından irəli gəlir.

"Dövlət Vergi Xidmətinin informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində strategiyasının, vahid standartların hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur”, - deyə S. Həşimov qeyd edib.
DVX rəisinin müşaviri əlavə edib ki, strateji məqsədlərə çatmaq üçün informasiyanın toplanması, emalı və təhlili əsasında biznes təkliflərinin hazırlanması sistemi yaradılacaq.
Rəqəmsal layihələrin həyata keçirilməsi zamanı Xidmətin fəaliyyətində effektivlik, standartlaşma, təhlükəsizlik və fasiləsizlik prinsipləri əsas götürüləcək.
Qeyd edilib ki, Rəqəmsal Transformasiya Şurasının qarşısında duran əsas hədəflərdən biri də AVİS markası ilə tanınan Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin müasir və hətta gələcək tələblərə uyğun olaraq yenilənməsi üzrə işlərin koordinasiyasıdır. Bu işlərə artıq başlanılıb. Hazırda şura tərəfindən prioritetlərin müəyyən edilməsi və müxtəlif maraqlı tərəflər arasında koordinasiyanın təmin edilməsi üçün müvafiq tədbirlər görülür.
"Eyni zamanda, Dövlət Vergi Xidmətinin elektron portalının yenilənməsi və mobil tətbiqinin yaradılması istiqamətində işlərə də start verilib”, - deyə S. Həşimov əlavə edib.
Dövlət Vergi Xidmətində rəqəmsal transformasiyanın əsas hədəflərindən biri də mövcud olan məlumatlar bazasının səmərəli və sürətli emalı sisteminin qurulması ilə çevik qərarların qəbul edilməsinə nail olmaqdır. S.Həşimov deyib ki, burada söhbət yalnız vergi ödənişlərindən yayınan vergi ödəyicilərinin aşkarlanması prosesinin daha da sürətli və ədalətli həyata keçirilməsindən getmir, halbuki bu da önəmli məqsədlərdən biridir.
"Bu yanaşmanın həyata keçirilməsi həm də vergi ödəyicilərinə yüksək səviyyədə xidmətin göstərilməsinə nail olmaqdır”, - deyə S. Həşimov qeyd edib.

banner

Oxşar Xəbərlər