• cümə axşamı, 25 aprel, 05:06
  • Baku Bakı 19°C

“Azərbaycanda uğurlu gənclər siyasəti və dövlət proqramları həyata keçirilir”

24.07.14 14:03 1301
“Azərbaycanda uğurlu gənclər siyasəti və dövlət proqramları həyata keçirilir”
Bu gün Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Bakıdakı “Gənclər Evi”ndə jurnalistlər üçün mətbuat konfransı keçirərək növbəti mövsüm üzrə yerli və beynəlxalq səviyyəli planlarını açıqlayıb. Tədbirdə ARGTMŞ sədri Şahin Seyidzadə çıxış edərək, əvvəlcə təşkilatın son illər ərzində fəaliyyətindən söhbət açıb. Bildirib ki, Gənclər Təşkilatları Milli Şurası öz məqsəd və vəzifələrinə çatmaq, gənclərin bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının inkişafı missiyasına çatmaq üçün 2013-cü ildə “3G” (G-Gənclər) strategiyasını qəbul edib. Onun sözlərinə görə, “3G” strategiyası özündə 3 əsas prioritet istiqaməti birləşdirir və bu strategiya bütünlüklə gənclərə yönəldilib: “Bizim əsas prioritet istiqamətlərimiz Gənclər siyasətinə dəstək, Gənclərin əməkdaşlıq imkanlarının artırılması və Gənclər təşkilatları institutunun gücləndirilməsidir. Birinci istiqamət üzrə məqsədimiz gənclərin gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirakının təmin edilməsi, onların təşəbbüslərinin dəstəklənməsi, qərar vermədə iştirakın təmin edilməsi vasitəsi ilə gənclər siyasətinə dəstəkdir. Gənclərin əməkdaşlıq imkanlarının artırılması istiqaməti üzrə həyata keçirilən layihə və proqramlar çərçivəsində milli, regional və beynəlxalq səviyyədə gənclərin əməkdaşlığının təmin olunması əsas hədəfimizdir. Nəhayət üçüncü istiqamət üzrə göstərilən xidmətlər və yaradılan imkanlar vasitəsi ilə gənclər təşkilatları institutunun daha da gücləndirilməsini istəyirik”.
Ş.Seyidzadə Azərbaycanda uğurlu gənclər siyasəti və dövlət proqramları həyata keçirildiyini diqqətə çatdıraraq, öz fəaliyyəti ilə ARGTMŞ-in bu uğurlu siyasətə dəstək verdiyini, vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılmasına çalışdığını vurğulayıb: “Ümumiyyətlə ötən müddət ərzində Milli Şura tərəfindən bir çox layihələr həyata keçirilib. Prezident İlham Əliyev tərəfindən 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyi nəzərə alınaraq Milli Şura ötən ilin yanvar ayından Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Xətdə” Sosial Şəbəkə Akademiyası layihəsinə start verib. Bu layihə respublikanın 8 iqtisadi rayonuna daxil olan 24 şəhərin 1050 nəfər gəncini əhatə edib və onların iştirakı ilə 38 təlim keçirilib. Layihə nəticəsində Azərbaycanda “Facebook”, “Tvitter”, “Youtube, bloq mövzuları üzrə 4 nəfərdən ibarət olan ekspert komandası formalaşıb, sosial şəbəkələrlə bağlı Azərbaycan dilində təlim-tədris modulu yaradılıb, 16 multiplayer təlimləndirilib. Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan dilində “Facebook” və “Tvitter sosial şəbəkələri üzrə 8 video təlim çarxları yaradılıb və mindən çox gənc sosial şəbəkələrdən düzgün istifadə qaydaları öyrənib. Prezident yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Milli Şura tərəfindən Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan Könüllülük Xidməti” proqramı da keçirilib. Bu proqramın əsas məqsədi gənclər arasında könüllülüyün təbliği və onları könüllü fəaliyyətə həvəsləndirmək yolu ilə Azərbaycanda ilk dəfə regionlararası könüllü mübadiləsini təşkil etmək olub. Bir ay müddətində həyata keçirilən proqram Bakı, Sumqayıt, Lənkəran, Quba, Şəki, Gəncə, Beyləqan və İsmayıllı şəhərlərində yaşayan 18-29 yaşlı gəncləri əhatə edib və proqram nəticəsində könüllülərarası şəbəkə yaradılıb. Bununla yanaşı, Milli Şura Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “QHT-lərin İdarəetmə Akademiyası” (QİDA) layihəsini reallaşdırıb. Təşkilata üzv QHT təmsilçilərinin də qatıldığı bu layihənin məqsədi gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi, təlim alətlərinin reallaşması, gənclərin boş vaxtlarının səmərəli keçirilməsi, QHT-lər arasında qarşılıqlı əlaqələrin qurulması nəticəsində gənclər təşkilatlarının potensialının artırılması olub. Bununla yanaşı, Azərbaycanda Avropa İttifaqının “Youth in Action” (“Gənclər fəaliyyətdə”) proqramı çərçivəsində növbəti layihə reallaşdırılıb, qurumun www.nayora.az saytı fəaliyyətə başlayıb”.
Respublikada 260-a yaxın gənclər təşkilatının fəaliyyət göstərdiyini vurğulayan Ş.Seyidzadə onlardan 111-nin ARGTMŞ-nin üzvü olduğunu diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq əlaqələrini gücləndirən ARGTMŞ Avropa Gənclər Forumunun, BMT-nin İqtisadi və Sosial Şurasının üzvü, bu ilin aprelindən isə BMT-nin rəsmi tərəfdaşıdır. Onun sözlərinə görə, ARGTMŞ-in Dünya Gənclər Assambleyasına namizdəliyi də irəli sürülüb. Bu barədə daha ətraflı məlumat verən Ş.Seyidzadə Azərbaycanın gənclərlə bağlı bir çox mötəbər tədbirlərə ev sahibliyi edəcəyini söyləyib: “Avqustun sonunda Bakıda Avropa Gənclər Forumunun idarə heyətinin növbəti iclası keçiriləcək. Avropa Gənclər Forumunun gələn ilin payızında “Avropa gənclər paytaxtı” seçilən Gəncədə keçirilməsi barədə qərar da əlamətdar hadisələrdən biridir. Avropa Şurasının Gənclər Forumu isə oktyabrın 1-5-də Qəbələdə təşkil olunacaq. Forumda 47 ölkədən çoxsaylı nümayəndələrin iştirakı gözlənilir”.
Mətbuat konfransında media təmsilçilərinin sualları cavablandırılıb.
Sonda ARGTMŞ-nin fəaliyyətini işıqlandıran media qurumlarına fəxri fərmanlar təqdim olunub.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər