• cümə, 19 Aprel, 23:55
  • Baku Bakı 24°C

Azərbaycanda toyuq və toyuq məhsulları istehsal edən müəssisə sertifikatlaşdırılıb

18.11.14 13:21 3101
Azərbaycanda toyuq və toyuq məhsulları istehsal edən müəssisə sertifikatlaşdırılıb
İslam Əməkdaşlıq Təşkilatının Standartlaşdırma və Metrologiya İnstitutu tərəfindən təsdiq edilmiş vahid “Halal qida” standartı - OİC/ SMİİC 1:2011“General Guidelines on Halal Food” (http://www.smiic.org/publications/83/oic-smiic-12011) standartına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (ARSMPDK) tərəfindən təsdiq edilmiş AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun toyuq və toyuq məhsulları istehsal edən ilk müəssisə sertifikatlaşdırılıb. ARSMPDK mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, komitə yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunan “AzeSert Halal” orqanının sertifikatlaşdırdığı məhsullar “Səba” ASC-nin istehsal etdiyi “Səba” əmtəə nişanlı broyler cücə əti, toyuq əti hissələri, toyuq içalatıdır. Bundan başqa adıçəkilən məhsulların “Halal” qaydalara uyğun istehsal şəraiti də AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər”, ГОСТ 25391-1982 “Мясо цыплят-бройлеров. Технические условия”, AZS 540-2010 “Quş əti və əlavə quş əti məhsullarından hazırlanan yarımfabrikatlar. Ümumi texniki şərtlər”, AZS 299-2008 “Toyuq içalatı. Texniki şərtlər” standartlarının tələblərinə uyğun gəldiyi üçün müvafiq sertifikatla təmin olunub.
Sertifikatlaşdırma təxminən 2 aya qədər müddət ərzində aparılmış araşdırmaların nəticəsində həyata keçirilib. Araşdırmalar zamanı xammalın alınması, hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılması, markalanması, işarələnməsi, nəzarəti, yuklənib boşaldılması, nəql edilməsi, paylanması, saxlanılması və xidmət edilməsi mərhələlərində riayət edilməsi vacib olan umumi qaydaların, habelə toyuqların yetişdirilməsindən başlayaraq satış məntəqələrinə daşınmasına qədər olan bütün mərhələlərdə tələblərin müəssisə tərəfindən icra vəziyyəti öyrənilib.
Bundan başqa AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğunluğu təsdiq edən sertifikatı alan müəssisənin məhsullarının üzərində Komitə tərəfindən təsdiq olunmuş əmtəə nişanından istifadə etmək hüququ verilib.
Məlumat üçün bildirək ki, üzərində “AZS Milli Sertifikatlaşdırma Sistemi. Halal” yazılmış nişanı yalnız sertifikat almış təsərrüfat subyektləri öz məhsullarında istifadə edə bilərlər. AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin məhsulun üzərində “halal” sözünü istifadə edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən tədbirlər görülməkdədir. Məqsəd qanunvericiliyin tələblərinin icra edilməsi ilə yanaşı, istehlakçı hüquqlarının etibarlı qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir.
Kaspi.az
banner

Oxşar Xəbərlər