• cümə axşamı, 25 aprel, 19:47
  • Baku Bakı 21°C

Azərbaycanda torpaq altından XVI əsrə aid məscid tapıldı

17.03.14 08:46 1268
Azərbaycanda torpaq altından XVI əsrə aid məscid tapıldı
APA-nın məlumatına görə, Ağsu arxeoloji ekspedisiyasının rəhbərliyi rayon sakinlərinin şifahi məlumatı əsasında Ağsu şəhərinin Şıxməzid məhəlləsindəki türbə yerinə baxış keçirərkən orada orta əsrlərə aid möhtəşəm tikinti qalıqlarının olduğunu aşkar ediblər. Bundan sonra Ağsu Arxeoloji Ekspedisiyasının rəhbəri Qafar Cəbiyevin rəhbərliyi ilə abidəni xilas etmək məqsədilə ilkin arxeoloji kəşfiyyat qazıntıları aparılıb. Arxeoloqlar ərazidən səliqə ilə yonulmuş iri ölçülü mədən daşlarından istifadə olunmaqla üzü qiblə istiqamətində tikilən düzbucaqlı formasında binanı aşkara çıxarıblar. Bina təqribən 400 kvadratmetrə qədər sahəni əhatə edən iri zaldan və nisbətən kiçikölçülü, çoxsaylı otaq-hücrələrdən ibarətdir.
Qazıntı zamanı aşkar edilən tapıntılar içərisində həndəsi və nəbati elementlərlə bəzədilmiş nəfis kaşı nümunələri üstünlük təşkil edir. Memarlıq xüsusiyyətləri, qiblə istiqamətində tikilməsi, rəngli kaşılarla bəzədilməsi, ətrafında hər birinin içərisində ocaq qalıqları qeydə alınan otaq-hücrələrinin mövcudluğu aşkar olunan binanın daha çox məscid olması ehtimalını artırır.
Arxeoloqların sözlərinə görə, bu ərazidə aşkar edilən qəbirlərdə dəfn edilən şəxslər islam qaydası üzrə, yəni sağ çiyini və üzü qibləyə dəfn olunsa da, ortaya daha maraqlı faktlar çıxıb. Rayonun yaşlı sakinlərinin dediyinə görə, Şıxməzid məhəlləsindəki məscid və türbə ötən əsrin 30-cu illərində sovet rejimi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində dağıdılıb. İlkin tədqiqatlar zamanı üst qatdan aşkar olunan tapıntıların təhlili göstərir ki, Şıxməzid məhəlləsindəki məsciddən XVI əsrin II yarısından XX əsrin 30-cu illərinədək intensiv istifadədə olub. Ərazidə qazıntı və tədqiqat işləri davam etdiriləcək.
banner

Oxşar Xəbərlər