AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda tələbənin iş tələbi

Azərbaycanda tələbənin iş tələbi

Cəmiyyət
08 Fevral 2013, 11:06 1789
“Tələbəyəm, təhsil haqqımı ödəməyə ailəmin imkanı çatmır. İstəyirəm özüm işləyim, pulun bir hissəsini ödəyim. Amma hara müraciət edirəmsə, tələbə olduğuma görə işə götürmürlər”.

Bunu bizimlə söhbətində psixologiya ixtisası üzrə təhsil alan ikinci kurs tələbəsi Ayşən Nağıyeva söylədi. Ölkəmizdə belə vəziyyətdə olan tələbələrin sayı yetərincədir. Ayşən bir çoxlarından fərqli olaraq ixtisası üzrə iş tapmamağı özünə dərd etmir: “Elə ciddi fərqi yoxdur, inanın hər nə olsa işləyərəm. Təki çalışıb təhsil haqqımı ödəyə bilim. Mentaliteti əsas götürənlər “qız uşağı da gecə növbəsində qalar?” deyib qınasalar da, mən işləməyə razıyam. Amma nə gecə növbəsinə, nə də xadimə kimi işə götürürlər. Bilmirəm onlar üçün kimin yığışdırmasının nə fərqi var”.
Doğurdan da Ayşənin üzləşdiyi problem kifayət qədər aktualdır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovun fikrincə, tələbələr təhsil aldıqları dövrdə bilik qazanmaqla yanaşı, digər ictimai işlərlə də məşğul olmalıdırlar. Bunun üçün qeyri-hökumət təşkilatlarının tərkibində fəaliyyət göstərmək, iş təcrübəsi qazanmaq olar: “Tələbələrin işlə təmin olunması bizim gündəliyimizdə olan vacib məsələlərdəndir. İmkanlarımız daxilində bu məsələləri səsləndiririk. Ölkədə təqribən 200-dən yuxarı gənclər təşkilatı var. Aktiv tələbələr bu təşkilatların tərkibində departamentlər, klublar səviyyəsində işləyirlər. Təbii ki, əksəriyyəti könüllü fəaliyyətlə məşğul olur. Belə olanda onların iş tapması asanlaşır. Yəni, sonralar yalnız diplomla deyil, təcrübə ilə işə başlayırlar. Bizim təşkilatda hal-hazırda 80-ə yaxın könüllü fəaliyyət göstərir. İkinci növbədə oxuyanlar birinci növbədə gəlib fəaliyyətini qurur və yaxud əksinə. Bu gün bir dil bilmək artıq meyar sayılmır. Təşəbbüs göstərib öz üzərində işləmək lazımdır. Tələbə dövründə hər hansı bir yerdə işləmək çox çətindir. Amma adekvat variantlar var.

Müxtəlif nazirliklər müxtəlif dövrlərdə könüllü fəaliyyətlər həyata keçirir. Konkret misallar deyim. «Avroviziya» vaxtı təqribən mindən yuxarı könüllü iştirak etdi. FİFA dünya çempionatında da könüllülər kifayət qədər idi. Həmin gənclərin əksəriyyəti özəl şirkətlərə, hətta nazirliklərə cəlb olunublar. Mən tələbə olanda kifayət qədər oxumuşam da, işləmişəm də. Həm bakalavr, həm də magistr dərəcəsində qırmızı diplomlarım var. Ən böyük problem vaxt bölgüsünün düzgün aparılmamasıdır. Fikirləşmək lazım deyil ki, mən birinci kursdan işə başlayacağam və dərhal da pul qazanacağam. Birinci, ikinci kursda təhsil alan hər tələbə dərhal pul qazana bilməz. Tələbə təcrübə qazanmalı, hər bir məqama hazır olmalıdır. Düşünürəm ki, iş səni tapmalıdır, sən işi tapmalı deyilsən. Həmin iş üçün hazır olmalısan. Əgər bir tələbə dörd il ərzində oxumaqdan başqa bir fəaliyyətlə məşğul deyilsə, bu, həmin tələbənin problemidir. Biz artıq o dövrdə yaşamırıq ki, tələbə düşünsün ki, universitetə qəbul olundumsa, iş məsələm həll olundu. Bazar iqtisadiyyatı dövründə bazara hazır olmalısan, rəqabətə dözməlisən. Tələbə özlüyündə müəyyən etməlidir ki, hansı kriteriyalarla rəqabətə girir”.
İqtisadçı Vüqar Bayramlının fikrincə isə, tələbələrin müraciətinə mənfi cavab verilməsini iş yerlərinin sayı ilə əlaqələndirmək olar: “Təbii ki, iş tapmaqda müəyyən problemlər var. İnkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda tələbələrin işlə təmin olunması səviyyəsi nisbətən aşağıdır. Müxtəlif beynəlxalq təşkilatlarda, şirkətlərdə çalışan və ya təcrübə keçən tələbələrin iş tapmaqda problemləri olmur”. V.Bayramlı deyir ki, bizdən fərqli olaraq Amerika və Avropa ölkələrində tələbələr daha çox satıcı, ofisiant kimi və ya digər xidmət sahələrində çalışırlar. ABŞ-ın müxtəlif tanınmış iş adamları tələbəlik dövründə xidmət sektorunda çalışıblar. Bizdə isə adətən, tələbələr ciddi işlər axtarırlar: “Bu onunla bağlıdır ki, tələbələrin bir qismi xidmət sektorunda işləmək istəmirlər və bu da mentalitetlə bağlıdır. Qərbdə aparıcı universitetlərin tələbələrinin xidmət sektorunda işləməsində heç bir eyib yoxdursa, Azərbaycanda tələbələr bu cür işlərdə deyil, prestijli işlərdə çalışmaq istəyirlər”. Müsahibimizin sözlərinə görə, xarici şirkətlərin bir qismi yalnız bir neçə Azərbaycan universitetinin tələbələrinə iş təklif edirlər. Bunu da onunla əlaqələndirirlər ki, universitetlərimizdə təhsil səviyyəsi nisbətən aşağıdır. Bu da tələbənin iş tapmasına mane olur. İkinci səbəb odur ki, şirkətlər universiteti bitirmiş şəxslərlə əməkdaşlıqda maraqlıdırlar. Çünki onlar tam ştat işləyə bilir və işlərini, bacarıqlarını tam olaraq ortaya qoya bilirlər. Biznesdə belə bir fikir var ki, tələbələr müəyyən müddət burada işləyəcək, təcrübə yığıb yaxşı maaşlı digər şirkətə üz tutacaq”.

Qeyd edək ki, ABŞ-da əmək haqları saat hesabı ilə hesablanır. Bununla da, tələbələr problemsiz şəkildə işləyə bilirlər. Azərbaycanda isə əmək haqları aylıq, bəzi xidmət sahələrində isə gündəlik olaraq verilir.
Göründüyü kimi, Azərbaycanda tələbələrin iş tapmasında ciddi problemlər var. Burada həm tələbələrin özlərindən, həm də, əmək bazarının vəziyyətindən də çox şey asılıdır. Hər halda belə görünür Ayşənin iş tapması xeyli çətin olacaq.

Şəfa Tapdıq