• cümə axşamı, 28 mart, 13:35
  • Baku Bakı 16°C

Azərbaycanda söz və ifadə azadlığı təmin olunub - Prezident

28.04.14 08:58 1242
Azərbaycanda söz və ifadə azadlığı təmin olunub - Prezident
Azərbaycan Prezidenti İlham Əliyev Dünya İdman Mətbuatı Assosiasiyasının (AİPS) Bakıda keçirilən 77-ci konqresinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubu konqresdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
Prezident İlham Əliyev tədbir iştirakçılarına ünvanladığı məktubda konqres iştirakçılarını Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində salamladığını və növbəti ali toplantının işə başlaması münasibətilə onları təbrik etdiyini bildirib: "Əlamətdar haldır ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi təşkilatın yaradılmasının 90-cı ildönümü ilə eyni vaxta təsadüf edir. Yubiley ilinə qədəm qoyan Assosiasiya təsis olunduğu dövrdən indiyədək dünyanın əksər ölkələrində idman jurnalistikası sahəsində ixtisaslaşmış qurumları öz ətrafında birləşdirməyə nail olmuş, onların fəaliyyətini uğurla koordinasiya edən mərkəzə çevrilə bilmişdir".
Dövlət başçısı qeyd edib ki, nüfuzlu təşkilatın mötəbər toplantısının və yubiley mərasiminin Azərbaycanda keçirilməsi respublikamızın ictimai həyatında diqqətəlayiq hadisədir: "Ümumiyyətlə, son illər Azərbaycan müxtəlif zirvə görüşlərinə, dövlətlərarası qurumların toplantılarına, sivilizasiyalararası dialoq forumlarına, qitə və dünya miqyaslı yarışlara ev sahibliyi edən bir məkan kimi tanınmağa başlamışdır. Beynəlxalq idman təşkilatları 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi barədə qərar qəbul etmişlər. Biz bu qərarları cəmiyyətimizə xas olan yüksək tolerantlıq mühitinə, mükəmməl idman infrastrukturunun yaradılması sahəsində görülən işlərə və iri beynəlxalq tədbirlərin təşkili sahəsində əldə edilmiş zəngin təcrübəyə möhkəm inamın təzahürü kimi dəyərləndiririk".
Təbrik məktubunda qeyd edilib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda söz və ifadə azadlığı təmin olunub, çoxsaylı vətəndaş cəmiyyəti institutları və müxtəlif dillərdə nəşr edilən plüralist media məkanı formalaşıb: "Bu gün ölkəmizdə minlərlə kütləvi informasiya vasitəsi - televiziya, radio, qəzet, jurnal, sayt və xəbər portalı fəaliyyət göstərir. Onlardan 60-a qədəri bilavasitə idmanla bağlıdır.
Hesab edirəm ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi üzv ölkələrdə idman jurnalistikasının inkişafına, media nümayəndələri arasında əməkdaşlığın inkişafına, sağlam həyat tərzinin təbliğinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə sanballı töhfə verəcəkdir. Konqresin işinə uğurlar arzulayır, bütün iştirakçıları Assosiasiyanın 90 illik yubileyi münasibətilə təbrik edirəm".
banner

Oxşar Xəbərlər