Azərbaycanda süni mayalanmanın şok sirləri

Azərbaycanda süni mayalanmanın şok sirləri

Müsahibə
28 Noyabr 2012, 16:09 49313
Ötən 5 ilə nisbətdə ölkəmizdə süni mayalanmaya üz tutan ailələrin sayı 2 dəfə artıb. İlk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutan süni mayalanma artıq 8 ildir ki, Azərbaycanda da tətbiq edilir və bu müddətdə sözügedən üsulla dünyaya gələn uşaqların sayı 3 mini keçib. Süni mayalanma ilə bağlı suallarımızı Mərkəzi Klinikanın Qadın Mərkəzinin müdiri, mama-ginekoloq, süni mayalanma həkimi, elmlər namizədi Mahirə İsmayılova cavablandırdı.

Mayalanma sınaq şüşəsində aparılır

- Süni mayalanma sadəcə bir termindir. Əslində bu, yardımçı reproduktiv texnologiyalar çərçivəsində ekstrakorporal mayalanma deməkdir. Korpus bədən, ekstra isə xaric deməkdir. Ekstrokorporal mayalanma o deməkdir ki, qadın və kişi hüceyrələrinin birləşməsi insan orqanizmində deyil, sınaq şüşəsində, yaxud laboratoriyada baş verir və sonra qadının uşaqlığına yerləşdirilir.
- Süni mayalanma necə icra edilir?
- Qadın və kişi müayinədən keçir. Müayinələrdən sonra xanım xəstəxanaya dəvət olunur, analiz götürülür və müalicə başlayır. Xanıma xüsusi dərmanlar tətbiq edilir və 12-13 gün olmaqla hər 4 gündən bir həkim müayinəsinə gəlir. Sonra venadaxili anesteziya ilə əməliyyat etmədən xüsusi iynə vasitəsilə qadının yumurtalıqlarından yumurta hüceyrələri toplayır və embrioloji laboratoriyaya veririk. Eyni gündə onun həyat yoldaşından da hüceyrələr götürülür. Bəzi insanlar düşünür ki, bu, əməliyyat yolu ilə aparılır. Amma sperm göstəriciləri normaldırsa, bunu adi yolla götürürük. Kişilərdə azoospermiya olduğu halda, kiçik əməliyyat vasitəsilə hüceyrələr əldə edilir. Laboratoriyada həm kişi, həm də qadın hüceyrələrinin içərisindən yaxşıları seçilir və onlar mikroinyeksion üsulla mayalandırılır, yəni kişi hüceyrəsi xüsusi mikroinyeksion iynə vasitəsilə yumurta hüceyrəsinə daxil edilir. Nəticədə əmələ gələn embrionlar inkubatora yerləşdirilir. Onlar 3 gün nəzarətdə saxlanılır, öyrənilir və içərisindən ən yaxşısı seçilib heç bir narkoz vermədən xüsusi katetr vasitəsilə ultrasəs cihazının nəzarətiylə qadının uşaqlığına yerləşdirilir. Süni mayalanmada digər üsullar da var. Amma dediyim ən müasir üsuldur.

- Hansı halda cütlüklər süni mayalanmaya müraciət edə bilərlər?
- Dünyada ilk dəfə uşaqlıq borusu olmayan qadına süni mayalanma tətbiq edilib. Əgər qadının boruları yoxdursa, kişilərdə sperm hüceyrələrində ciddi dəyişiklik varsa, yaxud azoospermiya və digər hallarda süni mayalanma göstərişdir. Sadaladığım hallarda cütlüklər istəyir 1, istəyir 5 il gözləsinlər, zaman dərman olmayacaq.

Səbr etməli, yoxsa…

- Bəzən həkimlər sonsuzluğun səbəbini tapmır, cütlüklərə səbr etməyi, gözləməyi məsləhət görürlər. Neçə il övladı olmayan cütlüklər bu üsula müraciət edə bilərlər?
- Haqlısınız, bəzən, 10 ildir ailəli olan xəstə deyir ki, bu müddətdə dəfələrlə müayinədən keçib, boruları açıqdır, folekulları yetişir, özünün və həyat yoldaşının analizləri normalara cavab verir, amma hamilə qalmır. Düşünürəm ki, övlad istəyən ailə 1-2 il gözləyirsə və bu, təbii yolla mümkün olmursa, süni mayalanmaya müraciət etməlidir. Belə hallar səbəbi bilinməyən sonsuzluqlar sayılır. Amma əslində səbəb var, sadəcə, mövcud müayinə üsulları ilə onları aşkar etmək mümkünsüzdür. Məsələn, ultrasəs müayinəsi (UZİ) zamanı qadınlarda folekulların normal yetişdiyi görünür. Amma bunun içərisində hüceyrənin olub olmadığını heç bir həkim görə bilməz. Bayaq qeyd etdiyim kimi, süni mayalanma zamanı yumurtalıqların içərisinə girərək yumurta hüceyrələrini toplayır və keyfiyyətini bilirik. Elə qadınlar var ki, onların yumurtalıqlarında çox gözəl folekullar yetişir, amma içi boş olur. Belə insanlar 10-20 il gözləsələr də, onların təbii yolla uşaqlarının olması mümkünsüzdür. Yaxud kişilərdə sperm hüceyrələri normal görünə bilər, amma mayalanma qabiliyyətləri aşağı olar. Qadın və kişi hüceyrələrinin nə dərəcədə keyfiyyətli olub-olmadığını süni mayalanma zamanı laboratoriyada mikroskop altında görə bilirik.

- Süni mayalanmanın alınma şansı neçə faizdir?
- Dünyada süni mayalanmanın alınma şansı 30-60 faiz arasında dəyişir. Burada yaş faktoru önəmlidir. Əgər qadın 30 yaşına qədərdirsə, onun alınma şansı 60-70 faiz, 30-35 yaş arasında 40-50, 35-40 yaşda 30-40, 40 yaşdan sonra isə 20-30 faiz olur. Yəni uşağı olmayan cütlüklər illərlə gözlədikdə zaman onların əleyhinə işləyir. Onların yaşı artdıqca süni mayalanma şansları aşağı düşür. Bizim klinikada il ərzində 600-700 nəfərə süni mayalanma tətbiq edilir. Onların 49-55 faizində hamiləlik baş tutur. Uşaqların 10-15 faizi əkiz, 2-3 faizi üçəm doğulur.
- Dediniz, süni mayalanma zamanı embrionlar uşaqlığa transfer edilir. Uşaqlığa adətən necə embrion yerləşdirilə bilər?
- Adətən iki embrion yerləşdiririk. Çalışırıq ki, az embrion yerləşdirək, çünki çoxdöllü hamiləliklər problem yaradır. Əkizlərdə, üçəmlərdə erkən doğum, düşük riski çox yüksəkdir. Müəyyən ölkələr embrionun sayı ilə bağlı müvafiq qanunlar qəbul edib. Məsələn, qonşu Türkiyədə qəbul olunmuş qanuna görə, xanım 35 yaşına qədərdirsə, ona bir embrion yerləşdirilir. 35-dən çox yaşı varsa, iki embrion yerləşdirilir. Bizdə hələ bununla bağlı qanun qəbul edilməyib. Yaşı 30-un altında olan və hüceyrələri keyfiyyətli olan xanımlara bəzən bir embrion yerləşdiririk. Dəfələrlə süni mayalanma edilib tutmayan xəstələrə üç embrion da yerləşdirilə bilər.

- Alınmadığı təqdirdə, bir qadına neçə dəfə süni mayalanma tətbiq etmək mümkündür?
- Əgər qadının yumurtalıqları imkan verirsə, yumurtalıqların rezervi yaxşıdırsa, nə qədər tətbiq olunsa, problem yoxdur. Məsələn, mən Türkiyədə təhsil alanda elə xəstə var idi ki, 17-ci dəfədə süni mayalanma alınmışdı. Bizdə də elə xəstələr var ki, 10 dəfə müxtəlif ölkələrdə bu proseduru ediblər, 11 və 12-ci dəfəni biz etmişik, 12-cidə alınıb. Xəstələrə də həmişə deyirəm ki, süni mayalanma 100 faizlik deyil, amma sizdə alınmayacaq deyə bir şey yoxdur. Əgər bir qadının uşaqlığı, yumurtalıqları, kişidə isə sperm hüceyrələri varsa, bu üsulla hamiləlik şansı nə vaxtsa əldə edilə bilər.

Cinsi də sifariş vermək olur

- Süni mayalanma zamanı uşağın cinsini sifariş vermək mümkündürmü?
- Mümkündür. Süni mayalanma sırasında implantasiya öncəsi genetik diaqnostika (PGD) adlı müayinə üsulundan istifadə edilir. Bu üsulu cinsi müəyyən etmək üçün icad etməyiblər. Bir sıra insanlar var ki, onların ailələrində genetik xəstəliklər - talassemiya, hemofiliya, daun sindromu, əzələ xəstəlikləri və digər yüzlərlə belə xəstəlik var. Belə ailələrdə təbii yolla hamiləlik baş verdikdə xəstəlik genetik olaraq keçir. Sağlam uşaq dünyaya gətirmək üçün belə cütlüklər bizə müraciət etdikdə, embrionu qadının uşaqlığına yerləşdirmədən öncə genetik laboratoriyada hüceyrələr üzərində xüsusi araşdırmalar aparır və xəstə hüceyrələri ləğv edib sağlamlardan 1 və ya 2-sini seçib uşaqlığa transfer edirik. Bu cür ağır xəstəlikləri müəyyən etmək olursa, PGD vasitəsilə cinsiyyəti müəyyənləşdirmək lap asandır. Amma etik cəhətdən biz həkimlər oğlan və ya qız uşağı üçün genetik təhlillər aparılmasının tərəfdarı deyilik.

Donor ata-ananın xarici görünüşünə uyğun seçilir

- Kişi, yaxud qadın hüceyrələri süni mayalanma üçün də kriteriyalara cavab vermirsə, bu zaman donor hüceyrələrindən istifadə edirsinizmi?
- Bu gün Azərbaycanda mövcud olan mərkəzlərdə qadın və kişi donorluğundan istifadə olunur. Çünki bu haqda müvafiq qadağalar yoxdur. Donordan istifadə hansı hallarda tətbiq olunur? Əgər kişilər azoospermiyadan əziyyət çəkirsə və əməliyyat zamanı da kişi hüceyrələrinin əldə edilməsi mümkünsüzdürsə, bu halda ər və arvadın razılığı ilə klinikamızdakı sperm bankına müraciət edirik. Donorluq xidmətini icra etdikdə donorun sağlamlığı yoxlanılır, psixoloji, genetik, infeksion testlərdən keçirilir. Donor seçdikdə biz alıcının, yəni donora ehtiyacı olan insanın xarici görünüşünü, qan qrupunu nəzərə alır, ona uyğun donorun hüceyrələrindən istifadə edirik. Xanımlara gəlincə, yumurta rezervi olmayan, yaxud klimaks dövrünü yaşayan qadınlar da övlad istəyirlər. Bu zaman qadın donorlarımızdan istifadə etmişik. Belə hallarda da xanımın xarici görünüşünə, qan qrupuna uyğun donor seçilir, amma sperm hüceyrəsi xanımın həyat yoldaşından götürülür və xanımın uşaqlığına yerləşdirilir. O, 9 ay bu uşağı bətnində daşıyır, sadəcə genetik olaraq hüceyrələr başqa birisindən götürülmüş olur. 48 və 54 yaşında da donor vasitəsilə süni mayalanma tətbiq etdiyimiz qasınlar olub.
- Süni mayalanma ilə hamilə qalanda, qadın uşağı təbii, ya qeysəriyyə kəsiyi ilə dünyaya gətirir?
- Bu, təbii yolla hamilə qalan xanımlarda olduğu kimidir. Əgər göstəricilər imkan verirsə, təbii doğuş həyata keçirilir.
- Süni mayalanma ilə doğulan uşaqlarda sonradan hansısa problemlər olmur? Belə fikirlər var ki, süni mayalanmayla doğulan uşaqlar sonsuz olur.
- Süni mayalanma ilə 1978-ci ildə doğulan ilk uşaq - Luiza Braun özü təbii yolla ana olub. O vaxtdan bəri süni mayalanma ilə milyonlarla uşaq dünyaya gəlib. Aparılan elmi araşdırmalar göstərir ki, süni mayalanmayla doğulanların sağlamlıq göstəriciləri təbii yolla dünyaya gələn uşaqlarla eynidir.

Kişi sonsuzluğu qadın sonsuzluğunu üstələyib

- Süni mayalanma ilə bağlı sizə müraciət edən cütlüklər arasında əsasən qadınlar, ya kişilərdə problem olur?
- Əvvəlki illərdə problem daha çox qadınlarda olurdu, amma son vaxtlar bu, tamamilə bərabərləşib. Mən deyərdim ki, kişi faktoru hətta daha çoxdur.
- Bu yaxınlarda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi parlamentdə müzakirə olundu. Sizcə, sözügedən layihədə hansı məqamlara diqqət edilməlidir. Məsələn, layihədə süni mayalanma zamanı uşaqlığa ikidən artıq embrionun yerləşdirilməsi qadağan edilib.
- Mən də fikirləşirəm ki, ikidən artıq embrion yerləşdirilməməlidir. Amma düşünürəm ki, yaş faktoru nəzərə alınmalıdır. Deyək ki, qadın 40-45 yaşındadırsa, ona 3 embrion qoyulsa, daha yaxşıdır. Türkiyədə qanunla 35 yaşına qədər 1 embrion, 35 yaşından sonra iki embrion qoyulması mümkündür. Buna görə də Türkiyədə süni mayalanmanın tutma göstəriciləri aşağı düşüb. Çünki az embrion qoyanda hamiləliyin alınma şansı aşağı düşür. Bir sözlə, embrionun sayı ilə qadının yaşı arasında mütənasiblik olmalıdır. 30 yaşa qədər 1, 30-35 yaş arası 2, 35 yaşın üstündə 3 embrion qoyula bilər. Çünki bu, pul, eyni zamanda qadının psixoloji stress keçirməsi hesabına başa gəlir.

Düşünürəm ki, donorluqla bağlı məsələ də qanun çərçivəsində həll olunmalıdır. Çünki bizdə buna ehtiyac var. Bəzən xəstələrdən soruşanda, donordan istifadə etmisən, yaxud edərsən, “yox” deyə cavab verirlər. Amma övladı olmayanda hər biri kabinetə girib donora ehtiyaclarının olduğunu deyirlər. Yəni bizə belə müraciətlər çox olur. Düşünürəm ki, bir donor üç dəfədən artıq istifadə olunmamalıdır. Əgər bir donordan 5-10 dəfə istifadə olunarsa, bir müddət keçdikdən sonra qohum nikahlar baş verə bilər. Bu məsələ qanun çərçivəsində həll edilməli və ciddi nəzarətlə icra olunmalıdır.
- Mahirə xanım, sizin klinikada süni mayalanma neçəyə başa gəlir?
- Dərmanı çıxmaqla süni mayalanma 2 min manata, dərmanla birlikdə 3500-4000 manata başa gəlir.

Lalə Musaqızı