• cümə, 29 Mart, 09:00
  • Baku Bakı 5°C

“Azərbaycanda siyasi baxışlarına görə heç kim həbs olunmur”

27.05.14 11:48 1491
“Azərbaycanda siyasi baxışlarına görə heç kim həbs olunmur”
Bəzi yeri QHT-lərin insan hüquq və azadlıqlarının vəziyyəti barədə ölkə xaricinə dezinformasiya ötürməsi adi hala çevrilib. Avropa Şurasının (AŞ) məruzəçisi Kristofer Ştrasser ötən il məhz bu cür məlumatlara istinad edərək, heç bir araşdırma aparmadan, alternativ mənbələrə müraciət etmədən 100-dən artıq insanın adı olan “siyasi məhbus” siyahısı hazırlamışdı. Amma Azərbaycan tərəfinin, xüsusən də hüquq-müdafiə təşkilatlarının təqdim etdiyi faktlar bu “siyahı”nın həqiqətlərə söykənmədiyini ortaya qoydu. İndi isə K.Ştrasserin davamçısı, AŞ Parlament Assambleyasının (PA) Hüquqi Məsələlər və İnsan Haqları Komitəsinin vitse-prezidenti, İrlandiyadan olan deputat Michael McNamara yenidən Azərbaycanda siyasi məhbus məsələsi üzrə qətnamə hazırlayıb. Hələlik iyun ayının sonunadək müzakirəsi təxirə salınan bu qətnaməyə ümumilikdə 56 deputat imza atıb. Avropalı deputatların tərtib etdikləri siyahılar, Azərbaycanda siyasi məhbus məsələsi, AŞ üzvü olan Gürcüstan, Ermənistan, Moldova kimi digər ölkələrə fərqli münasibətin göstərilməsi və digər hadisələrlə bağlı “Kaspi”nin suallarını Yurddaş Partiyasının sədri Mais Səfərli cavablandırır.
- Mais müəllim, irlandiyalı deputat tərəfindən Azərbaycanda siyasi məhbus məsələsinin gündəmə gətirilməsinə yenidən cəhd edilməsini nə ilə əlaqələndirirsiniz?

- Bu gün dünyada 200-dən çox müstəqil dövlət var. Amma o dövlətlərin heç də hamısı müstəqil siyasət aparmaq imkanına malik deyillər. Azərbaycan o dövlətlərdəndir ki, sırf milli maraqlarına uyğun müstəqil xarici siyasət aparır. Təbii ki, istər imperialist ölkələrin, onların təsir altındakı beynəlxalq təşkilatların, istərsə də dünya siyasətini müəyyən edən bəzi güclərin Azərbaycanın yalnız dövlət və milli maraqlarına uyğun müstəqil xarici siyasət yürütməsi xoşuna gəlmir. Dünya böhranının olmasına baxmayaraq, düzgün müəyyən edilmiş strategiya nəticəsində Azərbaycanın iqtisadi-siyasi uğurlar qazanması müəyyən siyasi dairələr tərəfindən “həzm” edilmir. Ona görə də Azərbaycanı öz təsir dairələrinə cəlb etmək üçün çox müxtəlif üsullarla təzyiqlərə əl atırlar. Belə təzyiqlərdən biri də “siyasi məhbus” məsələsidir. Halbuki Azərbaycanda siyasi məhbus məsələsi mərhum prezident Heydər Əliyevin zamanında həll edilib. Artıq uzun müddətdir ki, Azərbaycanda siyasi baxışlarına görə heç kim həbs olunmur. Kimsə düşünürsə ki, hazırda həbsdə olan bəzi adamlar siyasi əqidəsinə görə zindana düşüb, yanılırlar. Qısa araşdırma aparsaq görərik ki, onlar konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunublar. Azərbaycan demokratik-hüquqi dövlət olduğu üçün burada istintaq olduqca obyektiv şəkildə aparılır. Əgər Avropa Şurası, eləcə də digər mötəbər təsisatlar buna şübhə edirlərsə, o zaman Azərbaycana araşdırma aparmaq üçün siyasətçiləri deyil, peşəkar hüquqşünasları ezam etsinlər. İnandırım sizi ki, hüquqşünaslar “siyasi məhbus” məsələsini araşdıracağı təqdirdə, qiymətləndirilmə də obyektiv olacaq.
- İrlandiyadan olan deputat M.McNamaranın fikrincə, əgər “Amnesty İnternational” deyirsə ki, Azərbaycanda 18 vicdan məhbusu var, AŞ PA kimi qurum məsələyə ciddi reaksiya verməlidir. Belə yanaşma nə dərəcədə düzgündür?

- Hansısa beynəlxalq təşkilatın, yaxud da QHT-nin hesabatı əsasında Azərbaycan barəsində rəy vermək qətiyyən düzgün deyil. Belə yanaşma nə Avropa Şurasının özünün nizamnaməsinə, eləcə də onun fəaliyyətini tənzimləyən digər sənədlərə, nə də haqq-ədalətə uyğun deyil. “Amnesty İnternational” və bu qəbildən olan bir çox təşkilatlar var ki, ermənipərəst qüvvələrin bilavasitə təsiri altında fəaliyyət göstərirlər. Ona görə də bu cür təşkilatlar Azərbaycanı gözdən salan fəaliyyət ortaya qoymaqdadırlar. Əgər “Amnesty İnternational” ortaya iddia qoyursa, alternativ mənbələrdən də informasiyalar alınmalıdır ki, sonda doğru-düzgün qərar qəbul edilsin. Sadəcə bir təşkilatın heç də həqiqəti əks etdirməyən “faktlar”ına “bel bağlamaq” olmaz. Belə təşkilatların Azərbaycanda da əlaltıları var. Onlar qrant almaq xətrinə nəyə istəsən əl atırlar. Məhz onlar vasitəsilə “Amnesty İnternational” ölkəmiz haqqında yanlış rəy formalaşdırmağa cəhd edir. Proseslər bu cür davam etsə, Avropa Şurası öz mövcudluğunu qoruyub saxlaya bilməyəcək.
- Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan, Moldova da AŞ-nın üzvləridir. Belə olan halda nə üçün yalnız Azərbaycanda siyasi və vicdan məhbusu məsələsi gündəmə gətirilir?
- Görünən budur ki, Avropanın özündə də bəzi siyasi dairələr Azərbaycanda gedən pozitiv proseslərdən, inkişaf və tərəqqidən çox narahatlıq keçirirlər. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq proseslərdə öz iradəsini ortaya qoyur, müstəqil qərarlar qəbul edir. Dünyanın 155 ölkəsi Azərbaycana etibar edib, onun namizədliyinə səs verib. Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətdir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da ölkəmiz mühüm rol oynayır. Son Ukrayna proseslərindən sonra Azərbaycanın bu sahədə rolu, dəyəri bir qədər də artıbdır. Bütün bunlar bayaq dediyim kimi, bəzi siyasi dairələri qıcıqlandırır, narahat edir. Sualda da qeyd olunduğu kimi, ölkəmizlə bərabər Gürcüstan, Ermənistan, Moldova da Avropa Şurasının üzvüdür. Lakin məqsədli şəkildə yalnız Azərbaycanda “siyasi məhbus” axtarışlarına start verilib. Bu, bir qədər də xristian təəssübkeşliyindən irəli gəlir. Məgər Avropanın inkişaf etmiş ölkələrində insan haqları ilə bağlı problemlər yoxdurmu? Əlbəttə ki, var. Amma nədənsə onlardakı bu faktlar qabardılmır. Bundan başqa, məgər Azərbaycanı Gürcüstan, Ermənistan, Moldova ilə müqayisə etmək olarmı? Qətiyyən olmaz! Azərbaycan inkişaf səviyyəsinə, hüquqi demokratik dövlət quruculuğuna, müstəqil xarici siyasətinə və bir çox sahələrdəki nailiyyətlərinə görə onlardan fərqlənir. Belə olan halda həmin dövlətlərdə deyil, yalnız Azərbaycanda nələri isə axtarmaq, müxtəlif adlar altında bəyanatlar yaymaq ölkəmizə qarşı təzyiqdən başqa bir şey deyil. Bununla Avropa Azərbaycandakı inkişafı əngəlləməyə, öz mənfəəti üçün yeni-yeni güzəştlər əldə etməyə çalışır. Bu, haqq-ədalətə, hüquqa sığmayan məsələdir.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər