Azərbaycanda sənədsiz bina qalmayacaq
Son illərdə Azərbaycan
iqtisadiyyatının bütün sahələrində, o cümlədən inşaat sektorunda əhəmiyyətli
inkişaf müşahidə olunub, şəhərsalma və tikinti sahələrində irihəcmli
investisiyaların böyük hissəsi çoxmənzilli yaşayış binalarının tikintisinə
yönəldilib. Bununla belə, ötən müddət ərzində bəzi çoxmənzilli yaşayış
binalarında tikinti işləri şəhərsalma qanunvericiliyinin tələblərinə riayət
olunmadan və ya sənədləşdirilməsində ciddi qüsurlar buraxılaraq aparılıb. Bu,
bir sıra hallarda həmin binaların rəsmiləşdirilməsini qeyri-mümkün edib.
Yaranmış vəziyyət barədə yetirincə məlumatlı olan Prezident İlham Əliyev istismarına
icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və
Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm
prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və
müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin
etmək məqsədilə fərman imzalayıb.
Bu fərmanla 2019-cu il yanvarın 1-dək bütün
mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla
tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan
çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin)
istismarına icazə verilməsi qaydası sadələşdirilib.
Belə bir fərman imzalaması
bir daha sübut edib ki, Azərbaycanda əhalinin yaşayış səviyyəsinin və sosial
rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir.
Ölkənin sosial-iqtisadi inkişafı konsepsiyasına uyğun olaraq, Azərbaycan
vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən
məqsədyönlü və sistemli tədbirlər hazırda da davam etdirilməkdədir.Milli
Məclisin
İqtisadisiyasət,sənayevəsahibkarlıqkomitəsinin
üzvü Aydın Hüseynovmövzu ilə bağlı deyib ki, Azərbaycan vətəndaşlarının sosial
problemlərinin həlli daim dövlət başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Deputatın
sözlərinə görə, Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlar,
vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud problemlər barədə informasiyaları
onların özlərindən alması bunun əyani təsdiqidir. Millət vəkili A.Hüseynov
bildirib ki, Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların
istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanla daha bir
"çoxillik həllolunmaz problemə” son qoyub. Sosial siyasətin təməl prinsipində güclü
iqtisadiyyatın dayandığını deyən deputat əlavə edib ki, bu qərar ölkə
əhalisinin sosial rifahının yüksəldilməsinə sağlamlaşdırıcı təsir göstərəcək.
Onun fikrincə, bu da vətəndaşların həyatında özünü büruzə verəcək.
A.Hüseynov Prezidentin
imzaladığı bu fərmanın olduqca önəmli olduğunu vurğulayıb: "Bu fərman çox böyük
sevinc və rəğbətlə qarşılandı. Artıq Azərbaycanda sənədsiz və qeydiyyatsız bina
qalmayacaq. Mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər”.
Əmlak
məsələləri üzrə ekspert Ramil Osmanlı qəzetimizə açıqlamasında
deyib ki, fərman alqışa layiqdir və əhali tərəfindən müsbət qarşılanır: "Bu fərmanın
imzalanması çoxdan gözlənilirdi. Sözügedən dövlət sənədi təqribən 100 mindən
artıq mülkiyyətçinin hüquqlarının təmin olunmasına şərait yaradacaq. Bu,
kifayət qədər böyük rəqəmdir. Fərmanın vətəndaşlar, mülkiyyətçilər tərəfindən
müsbət qarşılanması ilə yanaşı, onun iqtisadi əhəmiyyəti, ölkəyə faydası da
böyükdür. İlk növbədə həmin mənzillərin, mülklərin qeydiyyata alınmasından
dövlət büdcəsinə daxilolmalar artacaq. Bu vaxta qədər qeydiyyata alınmayan
subyektlər alqı-satqı predmeti olan zaman onlardan yalnız MTK (Mənzil Tikinti
Kooperativi) rəhbərləri müqavilələrin dəyişdirilməsinə görə vəsait tələb
edirdisə və bu vəsaitlər qeyri-leqal yolla kimlərinsə cibinə gedirdisə, indi
həmin vəsait vergi formasında dövlət büdcəsinə daxil olacaq. Digər tərəfdən, bu
mülklər, mənzillər üzərində notarial əməliyyatların aparılması, bağışlanma,
vərəsəlik, girov qoymaq kimi əməliyyatlarda da həm vergi tutulması, həm də
əməliyyat xərcləri rəsmi qaydada olacaq, dövlət büdcəsinə daxilolmaların həcmi
artacaq. Sözügedən mənzillərin idarəedilməsi baxımından da fərmanın böyük
əhəmiyyəti var. İndiyə qədər MTK rəhbərləri ilə vətəndaşlar arasında bu sırada
çox ciddi problemlər özünü göstərirdi. Belə hallarda vətəndaşlar MTK rəhbərləri
ilə hüquqi çərçivədə mübarizə aparmaqda çətinlik çəkirdilər. Adətən vətəndaşları
kütləvi şəkildə bir yerə toplamaq çətin olur. Bir-iki vətəndaş isə əllərində
mülkiyyət sənədi olmadığına görə pərakəndə mübarizə apara bilmirdilər. Hüquqi
baxımdan da bu mübarizənin effekti olmurdu. Ancaq qeyd olunan fərmanın
imzalanması bundan sonra belə halların da qarşısını alacaq. Yəni, vətəndaşların
mülkiyyət hüququnun tanınması, bu hüququn pozulduğu hallarda hüquq çərçivəsində
effektiv mübarizənin aparılması və sair məsələlər də həllini tapacaq”.
İqtisadçı ekspert Vüqar Bayramovda deyib ki, Azərbaycan Prezidentinin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanı uzun müddət müzakirə edilən və vətəndaşlarımız üçün aktual olan problemin həllinə hüquqi zəmin formalaşdırıb: "Nəzərə alsaq ki, çoxmənzilli binaların istismarı prosesi ciddi şəkildə sadələşdirilir, bu, olduqca mühüm bir fərmandır. Bir sözlə, Azərbaycan Prezidenti bu fərmanla "çoxillik həllolunmaz problem”ə son qoydu”.
Ekspert əlavə edib ki, bu gün xeyli sayda bina var ki, onlarla bağlı rəy olmadığı üçün qazla təmin edilməyib. Yeni fərman bu kimi problemlərin aradan qaldırılmasına imkan verəcək. Bu proses bir ay müddətində həyata keçiriləcək.
Vüqar Bayramov qeyd edib ki, bu fərmanın imzalanması əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasəti istiqamətində atılan daha bir önəmli addımdır.
Rufik
İSMAYILOV