Azərbaycanda sənaye istehsalı sahəsində kiçik müəssisələr açılacaq

Azərbaycanda sənaye istehsalı sahəsində kiçik müəssisələr açılacaq

İqtisadiyyat
16 Dekabr 2019, 10:00 286
Azərbaycanda sənaye istehsalı sahəsində kiçik müəssisələrin açılmağı planlaşdırılır.
Bunu Trend-ə Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının rəhbəri Səkinə Babayeva deyib.
S.Babayevanın sözlərinə görə, yeni müəssisələrin açılması qadın sahibkarların iştirakı ilə sənayenin, kənd təsərrüfatının və digər sahələrin müxtəlif seqmentlərində nəzərdə tutulan 11 layihə çərçivəsində planlaşdırılıb:
"Bu il Azərbaycanda qadın sahibkarlığının inkişafına yönəlmiş 11 layihənin həyata keçirilməsi planlaşdırılırdı ki, onlardan da 3 irimiqyaslı layihə artıq başa çatıb. Qalanları müxtəlif icra mərhələlərindədir.
Assosiasiya hazırda bu layihələrdə birbaşa iştirak edən Avropanın bir sıra aparıcı təşkilatları ilə sıx əməkdaşlıq edir. Gələn il əsasən Bakıda və bölgələrdə olmaqla kiçik və orta sahibkarlıq sahəsində müəssisələrin açılması planlaşdırılır.
Bakının Binəqədi rayonunda 2 mindən çox iş yerinin yaradılmasını nəzərdə tutan sənaye müəssisələrinin açılması gözlənilir. Bundan başqa, Bakıda mebel müəssisəsinin, Sumqayıtda kosmetik məhsulların istehsalı üzrə zavodun, bölgələrdə kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin açılması nəzərdə tutulur".
S.Babayeva qeyd edib ki, bütün bu müəssisələr gələn ilin mart-aprel aylarından başlayaraq açılacaq.
Onun sözlərinə görə, kiçik müəssisələrin yaradılması bölgələrdə qadın sahibkarlığının inkişafı üçün vacibdir. Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Azərbaycanda bu cür layihələrin reallaşdırılması ilə şəhər və rayonlarda biznes mühitinin genişləndirilməsi üçün səy göstərir.