• cümə axşamı, 25 aprel, 11:12
  • Baku Bakı 14°C

Azərbaycanda seçicilərin fəallığı Avropa ölkələrindən daha yüksəkdir

15.03.18 15:40 698
Azərbaycanda seçicilərin fəallığı Avropa ölkələrindən daha yüksəkdir
"Azərbaycan dünyada seçkilərlə bağlı mövcud olan bir çox yenilikləri tətbiq edir".
Bu sözləri sechki-2018.az saytına açıqlamasında Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.
Komitə sədrinin sözlərinə görə, ölkədə seçki mühiti yüksək səviyyədədir: "Seçki Məcəlləsi mütəmadi olaraq yenilənir. Beynəlxalq təşkilatların Azərbaycandakı seçki qanunvericiliyi haqqında müsbət rəyi var. Mövcud seçki mühiti bütün namizədlərə bərabər mübarizə aparmaq imkanı verir. Namizədlər öz platformalarını hazırlayıb seçicilərə rahat şəkildə çatdıra bilirlər. Mərkəzi Seçki Komissiyası öz işini yaxşı bilən, ictimaiyyət tərəfindən qəbul edilən peşəkar kadrlardan formalaşıb. Seçki məntəqələrində veb-kameralar quraşdırılıb, istənilən yerdən seçki prosesini onlayn izləmək imkanı yaradılıb”.
F.Muradov Azərbaycandakı seçki mühitinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
O deyib: "Seçkinin ədalətli və şəffaf keçirilməsinə xidmət edən yeniliklərin tətbiqi Azərbaycan seçicisinin öz iradəsini azad şəkildə ifadə etməsinə şərait yaratmaq məqsədi daşıyır. Avropa ölkələrində müşahidə etdiyim seçkilərlə müqayisədə Azərbaycandakı seçki prosesi bir çox üstünlüklərinə görə fərqlənir. Misal üçün, Azərbaycanda bülletenlər şəffaf qutulara atılır. Avropa ölkələrinin əksəriyyətində isə şəffaf yox, müxtəlif formalı qutulardan istifadə edirlər. Azərbaycandan fərqli olaraq, Avropanın əksər ölkəsində seçkilər zamanı seçicinin təkrar səsverməsinin qarşısını alan barmaqlara mürəkkəb vurulması üsulundan istifadə edilmir. Azərbaycan qadınların seçki hüququnu Avropa ölkələrindən öncə tanıyıb. Ölkəmizdəki seçki mühiti, insanların seçkilərə münasibəti dünyanın əksər ölkəsində yoxdur. Ümumiyyətlə bir çox ölkədə seçki artıq texniki məsələyə çevrilib. Azərbaycanda isə seçki prosesi qaynar keçir. Seçicilərin fəallığı da Avropa ölkələrindən daha yüksəkdir”.
banner

Oxşar Xəbərlər