• şənbə, 20 Aprel, 12:48
  • Baku Bakı 23°C

Azərbaycanda “Şairlər günü” keçiriləcək

21.05.14 12:39 1600
Azərbaycanda “Şairlər günü” keçiriləcək
İyun ayının 5-də Azərbaycanda şairlər günü qeyd olunacaq. Bu barədə Bakuinfo.Az-a AYB mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, hələ dörd il əvvəl Şairlər Birliyinin rəhbəri şair Xəyal Rzanın təklifi və təşkilatçılığı ilə əsası qoyulan bu tədbir ötən il daha geniş miqyasda(12 MAY şirkətinin dəstəyi ilə), Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib. Qonaqlar arasında Yeşim Ağaoğlu (Türkiyə), Ender Balkır (Türk Halk Müzügü Satantçısı), Mehmet Özkaya (Türk Sanat Müzügü Satantçısı), Gulay Sezer (Türk Sanatçısı), Yakup Ömeroğlu (Avrasiya Yazarlar Birliyi başkanı), Dmitro Stus (Ukrayna), Mixail Sinelnikov (Rusiya), Dalmira Tilepbergenova (Qırğızıstan), Şukratulla Rızayev (Özbəkistan), Giorgi Kekelidze (Gürcüstan) kimi tanınmış insanlar olub.
1999-cu ildə YUNESKO-nun 30-cu sessiyasında hər il 21 martı Ümumdünya Poeziya Günü kimi qeyd eləmək qərarı verildi. Həmin qərarda deyilirdi: "Poeziya ən vacib, ən dərin mənəvi suallara cavab verə bilər, bunun üçün ona ictimaiyyətin diqqətini daha çox cəlb eləmək lazımdır”.
"Əgər biz dünyanın sivil ölkələrinin mədəni təqvimlərinə göz atsaq görərik ki, məhz həmin tarixdən etibarən bir çox dünya ölkələrində poeziya festivalları, müsabiqələri start götürür. Məsələn, Birləşmiş Ştatlarda aprel ayı bütünlüklə poeziya ayı kimi yaşanır, poetik tədbirlərin zənginliyə ilə yadda qalır.Aprel- may-iyun aylarında xüsusən Avropa ölkələrində Beynəlxalq Şeir Festivallaı keçirilir. Və bütün bu tədbirlər iyun ayının birinci yarısına qədər yekunlaşır. Medelin, Venetsiya, Oslo, İstanbul, Varşava, Moskva və onlarla başqa ölkələrdə keçirilən beynəlxalq poeziya festivalları, biennalelər buna misaldır.
Bəs, bizdə vəziyyət necədir? Şairlər yurdu kimi tanınan müasir ölkəmizdə bir çox peşə bayramları ola-ola niyə "şairlər günü” olmasın? Bizim hər il iyun ayının 5-ni "Azərbaycan Şairlər Günü” kimi qeyd eləmək düşüncəmiz də əslində bu zərurətdən doğub. Soruşula bilər, biz elə həmin günü martın 21-I qeyd edə bilməzdikmi? Edə bilərdik, amma həmin gün Novruza təsadüf edir. Günü günə, bayramı bayrama qarışdırmaq olmazdı. Bir də "şairlər günü”nü Novruzun kölgəsində də itirmək olmaz.. Təsadüfdürmü, qanunauyğunluqdurmu, amma 5 iyun günü bir tətəfdən dünyadakı poeziya tədbirlərinin sona yaxınlaşdığı tarixdir, yəni, Azərbaycan şairləri dünya şeiri sükut içində olanda belə danışıb, yazıb,danışır və yazır. Başqa tərəfdən isə bu böyük Azəbaycan şairi, yeni Azərbayan şeirinin öncülü Mikayıl Müşfiqin doğum günüdür 5 iyun. Odur ki, (artıq 4 ildir ki) tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edir" -, AYB sözçüsü bildirib.
"Bu ilki "Şairlər günü”ndə də Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək. Bu, həm bütövlükdə poeziyaya, həm də milli şeirimizin çox sevilən nümayəndəsinə olan hörmətin təzahürüdür" - deyə Xəyal Rza əlavə edib.
Qeyd edək ki, "Şairlər günü” Türkiyə Böyükelçiliyi Kültür və Tanıtım Müşavirliyinin dəstəyi ilə bu il Muğam Mərkəzində keçiriləcək.
banner

Oxşar Xəbərlər