• cümə axşamı, 28 mart, 22:02
  • Baku Bakı 13°C

Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı artıb

20.06.13 14:50 1664
Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı artıb
“Azərbaycanın həmişə deyildiyi kimi 1 milyon yox, 1 milyon 200 min qaçqın və məcburi köçkünü var”. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
O qeyd edib ki, 1 milyon qaçqın və köçkün sayı 1992- 93-cü illərə aid idi və keçən 20 il ərzində ölkə əhalisinin təbii artımının 100:1 faizə nisbətinə əsasən, qaçqın və köçkünlərin də sayı artıb: “İlə 10 min artmaqla bu rəqəm 1 milyon 200 minə çatıb. 9 milyondan çox əhalinin 1 milyon 200 mini qaçqın və məcburi köçkündür. Yəni, dünyada hər 135 nəfərdən biri qaçqın olduğu halda, Azərbaycanda hər 8 nəfərdən biri qaçqındır. Bizim problem çox ağırdır”.
Ə. Həsənov deyib ki, Azərbaycanın yaşadığı Dağlıq Qarabağ konflikti də dünyadakı konfliktlərə görə fərqlidir: “Dünyada olan bütün konfliktlərin içərisində yalnız iki- üç konfliktin bizim konfliktə oxşarlığı var. Qalanı hamısı ölkələrin daxilində yaranmış problemlərdir. Bizimki isə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranan konfliktdir. Azərbaycan vətəndaşları öz torpağında qaçqın və məcburi köçkünə çevriliblər”.
Baş nazir müavini bildirib ki, Azərbaycan dövləti öz qaçqın və köçkünlərini tam təmin etmək iqtidarındadır: “Buna baxmayaraq bəzi beynəlxalq humanitar təşkilatlar bizimlə əməkdaşlıqlarını davam etdirirlər. Hətta yeni gələn təşkilatlar da var. Əsas odur ki, bütün problemləri, sosial problemləri Azərbaycan Prezidenti özü həll edib. Yeganə qalan problem konfliktin siyasi həllinin tapılmasıdır”.
Komitə sədri qaçqın və məcburi köçkünlərin sosial durumundakı statistikanı da açıqlayıb: “Əgər 2003-cü ildə köçkünlər arasında yoxsulluq həddi 75 faiz idisə, bu gün bu rəqəm 15 faizdir. Azərbaycanda təkcə keçən il hər bir qaçqın və məcburi köçkünə 1300 dollar vəsait sərf olunub. Bu dünyanın bütün konflikt zonalarında ən yüksək rəqəmdir. Dünyanın heç bir konflikt zonasında 1 nəfərə bu qədər vəsait xərclənmir. Hələ bu tək bir nəfər üçün sərf olunan rəqəmdir, elə ümumi xərclər var ki, bura daxil deyil. Bütövlükdə il ərzində qaçqın və məcburi köçkünlərin xərcləri ötən il 300 milyon manata başa gəlib. Bu il isə 600 milyon sərf olunacaq. Son 20 ildə isə məcburi köçkünlərə 5,4 milyard dollar xərclənib”
banner

Oxşar Xəbərlər