• cümə, 29 Mart, 13:49
  • Baku Bakı 14°C

Azərbaycanda pensiya kapitalından necə istifadə etmək olar

19.09.19 15:36 647
Azərbaycanda pensiya kapitalından necə istifadə etmək olar
Son dövrlər pensiya sistemində bir sıra sosialyönümlü islahatlar aparılıb. Hazırda pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir. Digər islahatlar əmək stajının nəzərə alınması və minimum əmək pensiyalarının artırılması ilə bağlıdır. Hazırki qaydalar üzrə pensiyanın məbləği vətəndaşın işlədiyi dövrdə toplanan pensiya kapitalının məbləği əsasında müəyyən olunur.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, yeni qanunvericilik pensiya kapitalı az olan şəxslərə də pensiya verilməsini nəzərdə tutur.
Ekspert əlavə edib ki, qanunvericiliyə əsasən, əmək pensiyası almaq üçün ya minimum yığıma ehtiyac var, ya da pensiya kartında yığım azdırsa, amma 25 il stajı varsa, o zaman vətəndaş avtomatik olaraq minimum pensiya almaq hüququ qazanır. "Son dəyişikliklərə əsasən, əgər vətəndaş 25 il işləməyibsə, pensiya kartında hər hansı məbləğ varsa, hətta bu məbləğ 1 manatdırsa belə, bu halda da avtomatik olaraq vətəndaş 25 il iş stajına malik olmuş hesab olunur. Bununla da minimum məbləğdə, mövcud qaydalara əsasən, oktyabrın 1-dən 200 manat pensiya almaq imkanına malik olur", -deyə V.Bayramov vurğulayıb.
Vətəndaşın işlədiyi dövrdə yığılan pensiya kapitalının pensiyaya çıxmamışdan öncə istifadə etmək imkanına gəlincə isə Vüqar Bayramov bildirib ki, Azərbaycanda hazırda bununla bağlı xarici təcrübə öyrənilir. Onun sözlərinə görə, pensiya kapitalının əvvəlcədən istifadə olunması təcrübəsi ABŞ, Türkiyə və bir sıra Avropa ölkələrində mövcuddur.
Belə ki, ABŞ-da pensiya kartına yığılan vəsaitdən vətəndaş pensiya yaşı çatmadan müraciət edib daha tez pensiyaya çıxmaq və istifadə etmək hüququna malikdir. ABŞ-da vətəndaşın 45 yaşı varsa, o artıq 65 yaşı gözləmək məcburiyyətində deyil. Daha tez müraciət edib pensiya kapitalından istifadə edə bilər. Türkiyədə də vətəndaş pensiya kapitalını vaxtından tez götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanlarına malikdir.
İqtisadçı bildirib ki, pensiya kapitalından vaxtından öncə istifadə edilməsinin bir sıra modelləri var ki, bunlardan birinin tətbiqi iqtisadi baxımdan da səmərəli ola bilər.
Onun sözlərinə görə, bəzi ölkələrdə pensiya kapitalını tam götürmək mümkün deyil. Amma, pensiya kapitalında vəsait nəzərdə tutulandan artıq yığılıbsa, artıq olan vəsaiti götürmək hüququna malikdirlər.
O əlavə edib ki, pensiya kapitalından pensiya yaşına çatmamış istifadə üçün iki model müzakirə oluna bilər. Birincisi, ABŞ modelinə əsasən, yüksək məbləğdə pensiya kapitalı toplamış vətəndaşın daha tez pensiyaya çıxması. İkincisi, pensiya üçün müəyyən olunmuş məbləğdən artıq olan hissənin pensiya yaşına çıxmamış istifadə etmək hüququ. Bu da kapitalın sahibkarlıq fəaliyyətinə və ya özünüməşğulluğa yönəltməklə daha faydalı istifadəsinə şərait yarada bilər.
banner

Oxşar Xəbərlər