AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanda parlament seçkilərinə start verildi

Azərbaycanda parlament seçkilərinə start verildi

Cəmiyyət
09 Fevral 2020, 08:01 1189
Bu gün Azərbaycanda Milli Məclisə VI çağırış seçkilərdə səsvermə başlayıb.
 
Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.
 
MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkilərində 1314 nəfər namizəd qeydiyyata alınıb.
 
Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.
Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.
 
Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.
 
Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası və "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) (birgə), Rəy Monitoqrinq Mərkəzi, "İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu və Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (birgə) "exit poll” keçirəcək qurum kimi qeydə alınıb.