• çərşənbə, 17 Aprel, 00:42
  • Baku Bakı 14°C

Azərbaycanda onlayn xidmətlərin sayı artacaq

26.04.14 13:01 1336
Azərbaycanda onlayn xidmətlərin sayı artacaq
Gələcək 10-15 ildə internetin əhatə dairəsi genişlənəcək və onlayn xidmətlərin sayı artacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Agentlik tərəfindən təşkil olunan "Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu" mövzusunda konfransda çıxışı zamanı deyib.
K.İmanov qeyd edib ki, bulud servisi, bulud hesablamaları kommunal təsərrüfat prinsipinə əsaslanaraq, "pay as you go" (istifadə etdiyinə görə ödə) və istər istifadəçi, istərsə də xidmət göstərənə əlverişli olaraq: "Bununla, internetin növbəti fazasına "Internet for things" ("Əşyalar interneti") keçid təmin olunacaq. "Ağıllı" şəbəkə qurğularından ibarət olaraq, insan müdaxiləsini nəzərə almadan real əşya dünyası obyektlərlə virtual interneti birləşdirəcək. Proqnozlara əsasən, 2020-ci il üçün belə şəbəkədə 50 mlrd. maşın və qurğu cəmləşəcək".
Agentlik sədrinin sözlərinə görə, ikincisi, əqli mülkiyyət və xüsusən müəlliflik hüququ ilə qorunan obyektlərin internetə miqrasiyasıdır, virtual şəbəkədə istifadəsinin artmasıdır: "Belə ki, 14 mln. insan "Vimeo" sistemini istifadə edir və bunun 2012-ci ildə video-həcmi 200 petabaytdır. 151 milyona yaxın insan "Google" videosuna baxır, "Facebook"a yüklənən video-kontentin həcmi isə 7 petabaytı ötəcək, istifadəçilərinin sayı isə 5 milyardı keçəcək".
K.İmanov bildirib ki, üçüncü isə əqli mülkiyyət hüquqlarının pozulması miqyasının ürəkaçmayan mənzərəsidir: "P2P" torrent sistemlərin artması yeni addımların və çox güman, müəllif-hüquq sahəsində yeni paradiqmanın yaranmasını tələb edəcək".
Onun sözlərinə görə, bununla yanaşı, bilik və texnologiyaların Qərbdən Şərqə geosiyasi keçidi, iqtisadi və texnoloji ağırlıq mərkəzlərinin dəyişməsi və qeyri-dövlət subyektlərinin səlahiyyət və imkanlarının artması gündəmə gələcək.
K.İmanov qeyd edib ki, "Azərbaycan - 2020" Konsepsiyasının "Yüksək rəqabətli iqtisadiyyat" bölməsi sərmayə qoyuluşlarının artımı və yayılması üçün şəraitin yaradılmasını və intellektual fəaliyyət nəticələrinin innovativliyinin artırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, burada "kreativ sənaye"nin inkişafı və əqli mülkiyyətə dair Uzunmüddətli Milli Strategiyanın təsdiqi nəzərdə tutulur: "Konsepsiya informasiya cəmiyyətinə keçilməsinin sürətləndirilməsi üçün İKT-ƏM qarşılıqlı əlaqələrinin daha da aktivləşdirilməsini, əqli mülkiyyət obyektlərinin əksəriyyətinin qlobal rəqəmli şəbəkəyə keçməsi ilə əlaqədar isə onlayn liseziyalaşma rejimində rəqəmli hüquqların idarə edilməsi və "one-stop-shop" formatında elektron xidmətlərin göstərilməsi sisteminin yaradılmasını nəzərdə tutur".
K.İmanov əlavə edib ki, "Azərbaycan-2020" Konsepsiyasında təhsilin, İKT və ƏM-in qarşılıqlı əlaqəsinə vacib diqqət yetirilir: "O cümlədən, Konsepsiya şəbəkədə hüquq sahiblərinin əmlak hüquqlarının ödənişini aparmadan təhsil resurslarının yaradılmasını nəzərdə tutur. Başqa sözlərlə, bu cür təhsil resursları tələbələr üçün əvvəlcədən müəlliflik hüququ lisenziyaları ilə təchiz olunmaqla, onların tədris prosesinə inteqrasiyasının təmin olunmasına imkan verir".
Agentlik sədri deyib ki, əqli mülkiyyət hüquqlarının təminatı, piratçılığa və əqli mülkiyyət hüquqlarının digər pozulma hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsinə də "Azərbaycan-2020" Konsepsiyasında xüsusi yer ayrılıb: "Konsepsiyada əksini tapmış ən vacib vəzifələrdən biri də mədəni irsin qorunub saxlanılması, hüquqi qorunması və səmərəli idarə edilməsidir. Bununla əlaqədar, qeyri-maddi mədəni irsin ayrı-ayrı komponentlərinin qorunub saxlanması və hüquqi qorunması, onların itirilməsi və qeyri-qanuni mənimsənilməsinə qarşı əlavə tədbirlərin görülməsi nəzərdə tutulur. Muzeylərdə, kitabxanalarda və arxivlərdə saxlanılan ictimai varidata aid edilmiş bütün mədəni sərvətlərin elementlərinin əksəriyyətinin rəqəmli kontentə keçirilməsi planlaşdırılır. Buna görə də ənənəvi mədəni nümunələrin və ənənəvi biliklərin qorunması, rəqəmləşdirilmiş mədəni irsin multimedia məlumat bazalarının yaradılması və bu sahədə beynəlxalq mübadilə aparılması mühüm işə çevrilir".
K.İmanov vurğulayıb ki, bununla da Müəllif Hüquqları Agentliyinin qeyri-maddi mədəni irsin rəqəmli şəkildə qoruyan milli aqreqatora çevrilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında duran vəzifələri icra edərək, Agentlik tərəfindən müəyyən işlər görülüb.
banner

Oxşar Xəbərlər