• cümə axşamı, 25 aprel, 09:47
  • Baku Bakı 14°C

Azərbaycanda mühüm tibbi əməliyyat həyata keçiriləcək

06.12.14 10:12 990
Azərbaycanda mühüm tibbi əməliyyat həyata keçiriləcək
Azərbaycanda sümük iliyi transplantasiyası həyata keçirliləcək.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısına dəyişiklik edib. Dəyişikliyə əsasən, Respublika Talassemiya Mərkəzinə sümük iliyi transplantasiyası həyata keçirmək icazəsi verilib.
Qeyd edək ki, 2011-ci ilin 17 noyabrında qəbul edilmiş qərara əsasən, indiyə qədər M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına böyrək, Mərkəzi Gömrük Hospitalına qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzinə gözün buynuz qişası ilə bağlı transplantasiya həyata keçirməyə icazə verilib.
Xatırladaq ki, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası Qaydaları və Şərtləri”nə əsasən, insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün digər tibbi üsullardan istifadə etmək mümkün olmadıqda, cərrahiyyə əməliyyatı aparmaqla xəstədə olmayan və ya zədələnən orqan və (və ya) toxumaların donorun və ya insan meyitinin orqan və (və ya) toxumaları ilə əvəz edilməsinə yol verilir. Donordan orqan və (və ya) toxumaların götürülməsi hərtərəfli tibbi müayinədən keçdikdən sonra həkim-mütəxəssislərin konsiliumunun rəyinə əsasən, onun sağlamlığına əhəmiyyətli dərəcədə zərər vermədiyi təqdirdə mümkündür. Orqan və (və ya) toxumaların transplantasiyası donorun və resipiyentin yazılı razılığı əsasında həyata keçirilir. Bu əməliyyatla bağlı ola biləcək ağırlaşmaların mahiyyəti izah edilərək, bu barədə onlara surəti təqdim olunmaqla, qabaqcadan rəsmi bildiriş verilir. Resipiyent 18 yaşına çatmamışdırsa, transplantasiyaya onun valideynləri və ya qanuni nümayəndəsi tərəfindən yazılı razılıq verilir. Resipiyentin həyatı təhlükədə olarsa və onun özünün, valideynlərinin və ya qanuni nümayəndəsinin razılığını almaq mümkün olmadıqda, transplantasiya bu cür razılıqlar olmadan həyata keçirilir. Transplantasiyanın zəruriliyi barədə tibbi qərar transplantasiya aparılan tibb müəssisəsində müvafiq qaydada təşkil edilmiş komissiya tərəfindən qəbul olunaraq, müəssisənin rəhbəri tərəfindən təsdiq edilir.
banner

Oxşar Xəbərlər