• cümə axşamı, 18 aprel, 17:07
  • Baku Bakı 22°C

Azərbaycanda məişət korrupsiyası daha geniş yayılıb

28.11.13 12:11 1927
Azərbaycanda məişət korrupsiyası daha geniş yayılıb
Azərbaycanda korrupsiyaya qarşı mübarizə bir sıra istiqamətlərdə aparılır. İnzibatı, iqtisadi və ictimai nəzarət formaları səmərəli nəticə verdiyindən bu vasitələr daha qabarıq müşahidə olunur. Bəs, korrupsiyaya qarşı mübarizədə daha effektli nəticə əldə edilməsi üçün daha hansı üsullardan istifadə etmək mümkündür? Müsahibimiz Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovdur.
- 2004-cü ildən fəaliyyət göstərən qurum kimi Korrupsiyaya qarşı Mübarizə Fondu ölkədə rüşvətlə bağlı xoşagəlməz hallarınaradan qaldırılmasına nə dərəcədə nail olub?
- Bildiyiniz kimi, Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilib. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılıb. Kollektivimizin böyük səyi nəticəsində qarşıya qoyulan məqsədə qismən nail ola bilirik. Etiraf edim ki, ölkədə bu istiqamətlə problem çoxdur. Korrupsiyanın səviyyəsini azaltmaq bizə o qədər də asan başa gəlmir. Bunun da öz obyektiv və subyektiv səbəbləri var. Əvvəla Azərbaycan dövlət səviyyəsində korrupsiyaya qarşı 2004-cü ildən etibarən mübarizə aparmağa başlayıb. Onu da unutmayaq ki, Azərbaycan iyirmi ildir ki, müstəqillik qazanıb. Dövlətlər var ki, 200 ildir demokratik sistem əsasında fəaliyyət göstərir. Həmin dövlətlərin korrupsiyaya qarşı mübarizə təcrübəsi də bizimki ilə müqayisədə daha genişdir. Amma buna baxmayaraq, həmin ölkələrin özündə də korrupsiya problemi tam həll olunmayıb.
Ümumiyyətlə mən düşünürəm ki, bu məsələdə sadəlövh olmaq lazım deyil. Korrupsiyaya qarşı mübarizəyə başlamaq bu problemin bir neçə il ərzində kökündən həll olunacağı anlamına gəlməməlidir. Dünya təcrübəsi göstərir ki, bu və ya digər bir ölkədə korrupsiyanın kökünü tamamilə kəsmək mümkün deyil. Nə qədər ki, dövlət anlayışı var, korrupsiya da olacaq. Korrupsiya quldarlıq dövründə də olub, feodalizmdə də, kapitalizmdə də. Təbii ki, ona qarşı mübarizə üsulları fərqli olub. Hər dövlət korrupsiya qarşı özünəməxsus tədbirlər sistemi vasitəsilə mübarizə aparıb. Məsələn, Çində XVI əsrdə hakimiyyətə gələn Sin imperatoru belə bir qərar qəbul etmişdi ki, rüşvət alan məhkəmə hakiminin dərisi soyulur və onun dərisindən stul hazırlanırdı. Növbəti hakim məhz həmin stulda əyləşdirilirdi ki, rüşvət alacağı halda onu nə gözlədiyini unutmasın. Buna baxmayaraq, yenə də rüşvət halları qeydə alınırdı. Bu bir daha göstərir ki, korrupsiyanı tamamilə ləğv etmək mümkünsüzdür.
Bu sahədə uzun müddətdir fəaliyyət göstərən mütəxəssis kimi mən belə düşünürəm ki, əslində korrupsiyaya imkan yaradan şərait aradan qaldırılmalıdır. Dövlət başçısının dediyi kimi, yaradılan şəraiti və mühiti aradan qaldırmalıyıq. Bu mühitin aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolu danılmazdır. Dövlət məmurları nə qədər ki, geniş səlahiyyətlərə sahibdirlər, nə qədər ki, insanlarla birbaşa ünsiyyətdədirlər, onlar bu fürsətdən öz mənafeləri üçün istifadə edəcəklər. İmam Sadiq əleyhissalam buyurur ki, insan övladına birindən qızıl, digərindən gümüş axan çay versən, o, üçüncünü axtaracaq. Yəni, rüşvət vermək və almaq insanın xislətindədir.
- Vətəndaşların korrupsiyaya qarşı mübarizədə rolu necə qənaətbəxşdirmi?
- Əsas problem də elə bundadır. Bir neçə il əvvələ qədər vətəndaşlar şikayətlərini anonim şəkildə edirdilər. Müraciətlərin demək olar ki, 80 faizi gizli saxlanılırdı. Düzdür, anonimlik bizim araşdırmalarımıza mane olurdu. Amma yenə də statistikaya əsasən araşdırmanı aparırdıq. Amma 2012-ci ildən sonra bu sahədə böyük irəliləyişlər baş verməyə başladı. Sanki vətəndaşlar ürəkləndi. Daha şikayətlərini anonim şəkildə yox, açıq-aşkar gəlməyə başladı. Amma məmurların bu sahədə laqeydliyi onların inamını azaldır. Onları süründürür, problemlərini həll etmək istəmirlər. Bununla əlaqədar onların şikayətləri getdikcə azalmağa başladı. Mən məsləhət görərdim ki, kimsədən çəkinmədən vətəndaşlarımız məmurlara dirəniş göstərsinlər. Öz hüquqlarını müdafiə etsinlər və geri çəkilməsinlər.
- Qurumunuza ən çox vətəndaş şikayətləri hansı sahələrdən gəlir?
- Ən çox şikayətlərin gəldiyi sahələr arasında sürücülük vəsiqələrinin verilməsi ilə bağlıdır. Bu sahədə rüşvət hallarının sayı-hesabı yoxdur.
Çoxsaylı şikayətlərin daxil olduğu sahələrdən biri də nəqliyyat sahəsidir. Nəqliyyat Nazirliyinin əməkdaşlarının özbaşınalıqları ilə bağlı bizə çox müraciətlər gəlir.
Bir məqamı qeyd edim ki, şikayətlər ən çox əhalinin sıx ünsiyyətdə olduğu sahələrlə bağlı olur. Məsələn, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının özbaşınalıqlarından gileylənən vətəndaşlar çoxdur. Ünvanlı sosial yardımların alınması, əlillik dərəcələrinin verilməsi ilə bağlı narazılıqlar mövcuddur. Ümid edirəm ki, yeni nazirin apardığı islahatlar nəticəsində bu problemlər aradan qalxacaq. Şəxsən mən təklif edərdim ki, ünvanlı sosial yardım alanların siyahısı dərc olunub ictimai yerlərdən asılsın. Qoy hər kəs görsün. O zaman cəmiyyətə aydın olacaq ki, bu ünvanlı sosial yardımları kimlər alır. Dövlət vəsaitinin xərclənməsi şəffaf olmalıdır. Mütəmadi hesabatlar verilməlidir. Şəxsən mənim fikrimcə, hesabatdan qaçan şəxs bir nömrəli korrupsionerdir. Bunun başqa izahı yoxdur.
- Cəmiyyətdə rüşvət halları ilə bağlı ən çox narazılıqlar təhsil sahəsi ilə bağlı olur? Yəqin ki, sizin fondunuza da bununla bağlı şikayətlər gəlir.
- Əlbəttə. Təhsil sistemi bizim prioritet sahələrimizdəndir. Biz 2007-ci ildən Təhsil Nazirliyində fəaliyyət göstərən korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun üzvüyük. Bu, bizim işimizi xeyli asanlaşdırır. Çünki daxil olan şikayətləri Təhsil Nazirliyinin “Qaynar xətti” vasitəsilə daha tez həll etmək mümkündür. Sevindirici haldır ki, təhsillə bağlı şikayətlərin sayı son bir neçə ayda xeyli azalıb. Çünki Təhsil Nazirliyinin “Qaynar xətti” yüksək səviyyədə fəaliyyət göstərir. Üstəlik, yeni nazirimiz də xoşagəlməz halların aradan qaldırılması üçün əlindən gələni edir. Amma rayonlarda bu problem hələ də qalmaqdadır. Bunun da öz obyektiv səbəbləri var. Məsələ burasındadır ki, rayon təhsil şöbələri rayon icra hakimiyyətlərinin birbaşa göstərişi ilə fəaliyyət göstərir. Amma əslində təhsil şöbələri Təhsil Nazirliyinə tabe olmalıdır. Belə olmadığı üçün Nazirlik rayon təhsil şöbələrindəki özbaşınalıqlarla mübarizə apara bilmir. Mən hesab edirəm ki, bu nöqsan tez bir zamanda aradan qaldırılmalıdır.
Yeri gəlmişkən, bizim orta məktəblərdə antikorrupsiya dərsləri ilə bağlı 2008-ci ildən xüsusi layihəmiz var. Azərbaycanda məktəblilər arasında korrupsiyaya qarşı mübarizə istiqamətində maarifləndirmə aparan, analoji dərslər keçən yeganə təşkilatıq. Siz inanmazsınız ki, uşaqlar həmin dərslərdə necə fəal, neçə ürəklə iştirak edirlər. Korrupsiya probleminin həlli istiqamətində onlar yaşlı nəsildən daha fəaldırlar. Bəzən bizə elə suallarla müraciət edirlər ki, cavab tapmaqda özümüz belə aciz qalırıq. Sonuncu dəfə 18 və 7 saylı orta məktəblərdə olmuşuq. Layihəmiz gələcəkdə də davam edəcək. Zənnimcə, korrupsiyaya qarşı mübarizə kiçik yaşlardan başlamalıdır. Uşaqlar orta məktəbdən, hətta bağçadan artıq öz hüquqlarını bilməlidir.
Bağça demişkən, bu sahədə də rüşvət halları ilə bağlı bizə son vaxtlar xeyli şikayətlər gəlməyə başlayıb. Uşaq bağçaları Bakı şəhər İcra Hakimiyyətinin balansına verildikdən sonra şikayətlərin sayı artıb. Mən faktlarla danışa bilərəm. Bağçalar İcra Hakimiyyətinin tabeçiliyinə keçəndən sonra onların maliyyələşmə, ərzaqla təminatı da yerli icra qurumlarının ixtiyarına verilib. Bunun nəticəsində rayon icra hakimiyyətləri özlərində də narazılıqlar yaranıb. Onlar əvvəlki sistemi daha üstün sayırlar. Onların bu fikrini bağça rəhbərlikləri, valideynlər də dəstəkləyir. Hər üç tərəf uşaq bağçalarının Təhsil Nazirliyinin balansında olmasını daha düzgün qiymətləndirir.
- Maraqlıdır, bu və digər şikayətin araşdırılması ilə bağlı sizə də müəyyən məmurlar və qurumlar tərəfindən maneçilik törədilirmi?
- Əvvəllər belə hallarla tez-tez rastlaşırdıq. Regionlarda vətəndaşlarla görüşmək istəyərkən bizə yer ayırmaqdan imtina edirdilər və ya görüş son anda təxirə salınırdı. Amma tədricən bu problem aradan qalxdı. Artıq 10 ildir ki, fəaliyyət göstəririk. Heç bir qanunsuz işlə məşğul olmuruq. Öz hüquqlarımızı bilirik. Əksər dövlət qurumları indi bizim işimizlə yaxından tanışdır. Onlar indi bizə mane olmurlar. Əsas dəstəyi Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyadan və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsindən alırıq.
- Korrupsiyaya qarşı Mübarizə Fondu rüşvət hallarını araşdırmaqdan savayı, hansı işlərlə məşğul olur?
- Mübarizə aparmaqla yanaşı, biz həm də bu sahədə maarifləndirmə ilə məşğul oluruq. Azərbaycanın elə bir regionu yoxdur ki, orada tədbirlər keçirməyək. Bizim 8 regionda yerli nümayəndəliyimiz fəaliyyət göstərir. Bu yaxınlarda Mingəçevirdə 9-cu nümayəndəliyimiz açılacaq. Etiraf edim ki, rayonlarda rüşvət hallarına qarşı mübarizə aparmaq paytaxtla müqayisədə daha çətindir. Rayon sakinlərindən də çox şey asılıdır. Əhalisi fəal olan regionlarda bu sahədə görülən işlər yaxşı nəticə verir. Məsələn, şimal regionu bu baxımdan əsl örnək ola bilər. Cənubda isə yerli əhali bir qədər passivlik göstərir. Bu cür halları aradan qaldırmaq üçün vətəndaşlar arasında maarifləndirmə işləri aparırıq. Rayonlarda insanların hüquqi yardıma böyük ehtiyacları var. Zənnimcə, qeyri-hökumət təşkilatları bu sahədə onlara yardımçı olmalı, fəaliyyətlərini paytaxtla məhdudlaşdırmamalıdırlar.
- Azərbaycanda korrupsiyanın aradan qaldırılması üçün bir sıra layihələr həyata keçirilir. Buna bariz nümunə kimi, “Asan Xidmət”, “elektron hökumət” fəaliyyət göstərir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanda əhalinin dövlət orqanlarına müraciət etmək məsələsində hələ də müəyyən problemlər yaşanır. Buna görə də vətəndaşların hər hansı bir dövlət orqanına müraciət etməsi üçün daha çox dövlət səviyyəsində qaynar xətlərin yaradılması vacibdir. Vətəndaşların dövlət orqanlarına olan inamı artırılmalı, məmur özbaşınalığına da son qoyulmalıdır. Bütün bunlar dövlətin korrupsiyaya qarşı apardığı mübarizənin tərkib hissəsi kimi qəbul olunmalıdır. Bunun üçün ölkə rəhbərliyinin siyasi iradəsi də bir neçə dəfə ifadə edilib. Prezident İlham Əliyev bir neçə dəfə ictimaiyyət nümayəndələri ilə görüşündə korrupsiyaya qarşı mübarizənin prioritet məsələ olduğunu bildirib. O, korrupsiyanı hər bir cəmiyyəti daxildən sarsıdan yara, xəstəlik kimi qələmə verib. Deyib ki, bütün imkanlardan istifadə edilərək, ölkədə korrupsiyanın olmamasına, Azərbaycanda tam şəkildə sosial ədalətin təmin edilməsinə çalışmaq lazımdır.
Bildiyiniz kimi, Azərbaycanda məişət korrupsiyası daha geniş yayılıb. Mövcud olan bu korrupsiyasının səviyyəsinin aşağı salınmasında “Asan Xidmət”in çox böyük rolu var. Çox istərdim qeydiyyat sənədlərinin verilməsi də daxil edilsin “Asan Xidmət”in fəaliyyətinə. Düzdür, təkrar qeydiyyat sənədi verilir, amma birbaşa qeydiyyat sənədi hələ ki, siyahıya salınmayıb. Çünki vətəndaşların ən çox əziyyət çəkdikləri, ən çox rüşvət hallarının baş verdiyi məsələlərdən biri budur. Bizə gələn şikayətlər bunu deməyə əsas verir. Yeri gəlmişkən, şikayətçilərdən birinin ərizəsi əsasında düz bir il idi ki, Əmlak Komitəsi ilə danışıqlar aparırdıq. Vətəndaşın 180 kv.metrlik bir obyektinin özəlləşdirilməsiüçün ondan 8 min manat rüşvət istəmişdilər. Bir neçə gün əvvəl bununla bağlı Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə müraciət etdik. Onların köməyilə bir ildən sonra problemi həll etdik.
- Az öncə qeyd etdiniz ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində hələ ilk addımlarını atır. Bizim bu sahədə çoxillik təcrübəmiz yoxdur. Maraqlıdır, Fondunuz öz fəaliyyətində hansı ölkələrin təcrübəsindən yararlanır?
- Beynəlxalq təcrübəyə gəlincə, dünyada korrupsiyaya qarşı mübarizədə Qərb və Şərq metodu var. Qərb üsulu problemin həlli yolu kimi maariflənməni, Şərq üsulu isə sərt cəzalandırmanı nəzərdə tutur. Məsələn, Yaponiyanın kənd təsərrüfatı nazirinin müavini haqqında parlamentdə korrupsiya araşdırmasının aparılmasına hazırlıq getdiyi bir ərəfədə həmin şəxs qorxudan intihar edib. Şərq ölkələrində ictimai qınaq çox güclüdür. Həmin ölkələrdə adı korrupsiyada hallanan məmur cəmiyyət arasına çıxmağa, ailəsinin, dostlarının üzünə baxmağa utanır. Biz daha çox Qərb üsulundan faydalanırıq. Yəni maariflənmə və islahatlar aparmaqla bu problemi aradan qaldırmağa çalışırıq. Fəaliyyətə yeni başlayarkən keçmiş sosialist ölkələrinin ən çox Polşa və Çexiyanın təcrübəsindən yararlanırdıq. Onlar yeni müstəqillik qazandığı illərdə korrupsiyaya qarşı çox güclü mübarizə aparırdılar. Biz də 2004-cü ildə yeni fəaliyyətə başlayanda onların mübarizə üsullarını diqqətlə gözdən keçirirdik. Ukrayna və Rusiyada da bu istiqamətdə müsbət irəliləyişlər var. Korrupsiyaya qarşı maraqlı mübarizə üsullardan biri də Sinqapurdadır. Orada prezident yanında xüsusi agentlik fəaliyyət göstərir. Həmin qurum birbaşa dövlət başçısına tabe olduğundan, onun fəaliyyəti daha səmərəli nəticə verir.
Avropa ölkələrindən Almaniya və İtaliyanın təcrübəsindən yararlanmışıq. Qonşu Türkiyə, eləcə də ABŞ da bu sahədə xeyli inkişaf etmiş dövlətlərdəndir. Həmin ərəfədə ən çox diqqətimizi cəlb edən Finlandiya oldu. Sən demə, Finlandiyada korrupsiya ilə mübarizə aparan orqan yoxdur. Heç bu barədə qanun da yoxdur. Amma buna baxmayaraq, orada korrupsiyanın səviyyəsi, demək olar ki, yox dərəcəsindədir. Demokratik institutlar öz işinin öhdəsindən layiqincə gəldikləri cəmiyyətdə korrupsiya ilə mübarizə aparan orqanlara ehtiyac qalmır.
İsgəndər QULİYEV
banner

Oxşar Xəbərlər