“Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə aparılır”
Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyası bu günlərdə özünün növbəti illik hesabatını açıqlayıb. 2016-cı ilin
Azərbaycan üçün geniş miqyaslı iqtisadi islahatlar ili olduğu vurğulanan
hesabatda qeyd olunub ki, ölkədə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin
prioritet istiqamətidir və antikorrupsiya təcrübəmiz öz innovativ xarakteri ilə
seçilir. Bildirilib ki, ötən ildə korrupsiyaya qarşı səmərəli mübarizə üçün beynəlxalq
standartlara cavab verən institusional və qanunvericilik tədbirləri davam
etdirilib, geniş miqyaslı islahatlar həyata keçirilib.
Hesabat ilində xüsusən gömrük və
vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin
yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar
həyata keçirildiyi vurğulanıb. Hesabatda diqqətə çatdırılıb ki, 2016-cı ildə korrupsiya
ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət müdafiəsi və
bələdiyyə qulluğuna qəbulun müsabiqə, həmçinin şəffaflıq əsasında həyata
keçirilməsi müvafiq qanunvericilik aktları ilə təmin edilib. Müəllimlərin işə
qəbulunun mərkəzləşdirilmiş və şəffaf əsaslarla həyata keçirilməsi və vakant
müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet
səhifəsində dərc edilməsi təmin edilib. Müəllimlərin əmək haqları artırılıb və
sosial təminatları gücləndirilib. Dövlət orqanları tərəfindən informasiyanın
əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının fəaliyyətləri barədə
ictimaiyyətə müntəzəm məlumat verilməsi və elektron xidmətlərin
təkmilləşdirilməsi istiqamətində tədbirlər tam icra edilib.
Hesabatda qeyd olunub ki,
korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən sistemli institusional
islahatlar çərçivəsində "ASAN xidmət” mərkəzlərinin əhatəsi və fəaliyyət
istiqamətləri genişləndirilib, 13 milyondan çox şəxs "ASAN xidmət” mərkəzlərinə
müraciət edib və vətəndaş məmnunluğu əmsalı 98 faizə yaxın olub. Eyni zamanda,
"ASAN xidmət” standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədilə
"ASAN xidmət” indeksi yaradılıb. Açıq hökumət prinsiplərinin tətbiqinin
genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının
səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumət
Platforması yaradılıb və fəaliyyəti üçün zəruri dəstək təmin edilib. Hesabatda
o da bildirilib ki, ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində olan müsbət
dinamika beynəlxalq anti-korrupsiya reytinqlərində də öz əksini tapıb.
"Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən hazırlanan sonuncu "Korrupsiya
Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyi ötən illə müqayisədə 7 pillə
irəliləyib. "Beynəlxalq Şəffaflıq” təşkilatının digər ənənəvi hesabatı olan və
nəticələri vətəndaşların mövqeyini əks etdirən "2016-cı il Qlobal Korrupsiya
Barometri” ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi
irəliləyişlərin olmasını və korrupsiyanın səviyyəsinin azalmasını göstərib.
Hesabatın nəticələri göstərib ki, Azərbaycanda respondentlərin 79 faizi
korrupsiyanı cəmiyyətin üzləşdiyi əsas problemlərdən hesab etmir. Qeyd olunub
ki, Azərbaycanın göstəricisiAvropa İttifaqı(68 faiz) və postsovet
ölkələri (66 faiz) ilə müqayisədə daha yaxşıdır.
Eyni zamanda həyata keçirilən
antikorrupsiya islahatları Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu
(GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya
Şəbəkəsi vəBMT-nin müvafiq alt qurumları tərəfindən yüksək
qiymətləndirilib. Hesabatın sonunda vurğulanıb ki, 2016-cı ildə şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata
keçirilib və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin
edilib. Bu tədbirlər, eyni zamanda iqtisadi sahədə aparılan islahatları
tamamlayıb və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb.
Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiyaya Milli Məclis tərəfindən təyin olunmuş
nümayəndə, millət vəkili Bəxtiyar Əliyev hesabatda əks olunanlarla bağlı
fikirlərini "Kaspi”yə bölüşərək deyib ki, Azərbaycanda korrupsiyaya qarşı
mübarizə ilə bağlı qanun qəbul edildikdən sonra ölkə başçısı tərəfindən bir
neçə dövlət proqramı təsdiqlənib. O, həmin dövlət proqramlarından irəli
gələrək, tədbirlər planının hazırlandığını, ona uyğun olaraq da mühüm işlərin
görüldüyünü diqqətə çatdırıb. Millət vəkilinin sözlərinə görə, həm dövlət
proqramında, həm də tədbirlər planında ilk növbədə institusional islahatlar yer
alıb və onlar uğurla həyata keçirilir: "Biz bu tədbirlərin nəticəsini artıq
görməkdəyik. Korrupsiya ilə mübarizə çərçivəsində birbaşa bu amili doğuracaq
səbəblərə qarşı mübarizə aparmaq zəruridir. Korrupsiyaya şərait yaradan
səbəblərin meydana çıxmasına imkan vermək lazım deyil. Bunun üçün də
qanunvericilik bazası daha da möhkəmləndirilir. Demək olar ki, bu istiqamətdə
mühüm işlər görülüb. Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanda
korrupsiyaya qarşı sistemli şəkildə mübarizə aparılır. Artıq əhalinin
korrupsiyaya qarşı dözümlülük səviyyəsi də kifayət qədər yüksəkdir. Burada
ictimai təşkilatların, medianın rolunu da xüsusilə qeyd etmək lazımdır. Qeyd
edilən sahədə mövcud nöqsanların mütəmadi işıqlandırılması, əhalinin
maarifləndirilməsi, insanların münasibəti dövlət tərəfindən təsirli tədbirlərin
həyata keçirilməsinə kifayət qədər köməklik göstərib”.
Millət vəkili Azərbaycanda
korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımların beynəlxalq aləmdə
müsbət nümunə kimi təqdim edildiyini də vurğulayıb. O, buna misal olaraq, ASAN
Xidmət modelini göstərib: "ASAN Xidmət modeli Azərbaycan brendi olmaqla
korrupsiyaya qarşı mübarizənin, cəmiyyətdə şəffaflığın, təmizliyin,
bərabərliyin təmin olunması nümunəsidir. ASAN Xidmət modelinin bir sıra
beynəlxalq təşkilatlarda, xarici dövlətlərdə təqdimatı keçirilib. Bu model
dünyada analoqu olmayan qabaqcıl təcrübə kimi qəbul edilib, yüksək
qiymətləndirilib. Artıq bu təcrübə bir neçə ölkə tərəfindən öyrənilir və həmin
ölkələrdə bu modelin reallaşdırılması üçün ASAN Xidmətlə əməkdaşlıq edilir”.
Korrupsiyaya
Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov hesab edir ki, məhz iqtisadi
inkişaf olan yerdə korrupsiyaya qarşı mübarizə aparıla və bunun səmərəsini hər
kəs görə bilər. Ekspert deyib ki, iqtisadi sabitlik olmayan, xaos hökm sürən
ölkələrdə korrupsiyaya qarşı hər hansı effektiv mübarizədən danışmağa dəyməz:
"Heç uzağa getmədən, Ukraynada cərəyan edən prosesləri və son illər bu ölkədə
korrupsiyanın çiçəklənməsini misal gətirmək olar. Amma Azərbaycanda həyata
keçirilən iqtisadi islahatlar korrupsiyaya qarşı mübarizəyə təkan verir.
Bütövlükdə korrupsiyaya qarşı mübarizə çərçivəsində görülən işlərin səmərəsini
insanlar hiss etməkdədirlər. Biz aşağılarda, yəni məişət səviyyəsində
korrupsiyanın aradan qalxmasını tədricən hiss edirik. ASAN Xidmət mərkəzlərinin
yaranması, ayrı-ayrı xidmət sahələrinin də buraya daxil edilməsi aşağılarda
rüşvətin, korrupsiyanın aradan qalxmasına səbəb olub. Təsəvvür edin, dünənə
qədər hər hansı sənədi əldə etmək üçün əsassız get-gələ salınan,
süründürməçiliklə üzləşən, dolayısı ilə rüşvət verməyə məcbur edilən vətəndaş,
indi həmin sənədi ASAN Xidmət mərkəzlərinə müraciət etməklə, qısa zamanda əldə
edə bilir. Bunun kimi bir çox faktları sadalamaq olar. Təbii ki, bu, korrupsiya
və rüşvətə qarşı effektiv mübarizə tədbiridir, əhali tərəfindən də razılıqla
qarşılanır. Bütün bunlar hər kəsin gözləri qarşısında baş verən hadisələrdir.
Belə tədbirləri nəzərə alaraq hesab edirəm ki, Azərbaycanda korrupsiyaya qarşı
mübarizə istiqamətində atılan addımlar düzgündür, səmərəlidir. Azərbaycan
prezidentinin son illər bu istiqamətdə imzaladığı fərman və sərəncamlar, təsdiq
etdiyi mühüm dövlət sənədləri də onu deməyə əsas verir ki, ölkədə korrupsiyaya
qarşı mübarizə sahəsində ən yüksək səviyyədə iradə nümayiş etdirilir, mühüm
işlər görülür. Komissiyanın açıqladığı illik hesabatda əks olunan faktlar da
bunu bir daha təsdiq edir”.
QHT sədri V. Mövsümov korrupsiyaya
qarşı mübarizə tədbirləri çərçivəsində şikayət edən vətəndaşların
təhlükəsizliyinin təmin olunması, qorunması istiqamətində görülən işləri də
müsbət qiymətləndirib. Deyib ki, əgər vətəndaş təhlükəsizliyindən, dövlətin,
qanunların təminatından arxayın olmasa, korrupsiya, rüşvət halına dair şikayət
etməkdən çəkinər. Ekspertin fikrincə, vətəndaşın qeyd edilən sahədə qorunması
korrupsiyaya qarşı mübarizə tədbirlərində insanların aktiv iştirakına böyük
stimul yaradır: "Bir məqamı da unutmaq olmaz ki, dövlət, iqtisadiyyat inkişaf
etdikcə, yeni modellər meydana gəldikcə, korrupsiya ilə mübarizə sahəsində yeni
mexanizmlərə də ehtiyac duyulur. Bu səbəbdən korrupsiyaya qarşı mübarizə
mütəmadi olaraq yeni mexanizmlərlə zənginləşdirilməlidir. Dövlət idarəetmə
orqanlarının, eləcə də ayrı-ayrı sahələrdə idarəetmənin təkmilləşdirilməsinə
daim ehtiyac var”.
Rufik
İSMAYILOV