• çərşənbə axşamı, 16 aprel, 20:39
  • Baku Bakı 18°C

Azərbaycanda korrupsiyaya qarşı mübarizə davamlı xarakter alıb

03.10.13 09:18 1870
Azərbaycanda korrupsiyaya qarşı mübarizə davamlı xarakter alıb
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2010-2013-cü illərdə həyata keçirilən tədbirləri dəyərləndirən hesabat qəbul edib. Dəyərləndirmə Azərbaycanda antikorrupsiya siyasəti, antikorrupsiya qanunvericiliyi və korrupsiyanın qarşısının alınması istiqamətləri üzrə həyata keçirilib və Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən siyasət ümumən təqdirəlayiq hesab edilib. Mövcud hesabatla bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev “Kaspi”nin suallarını cavablandırıb.
- Əliməmməd müəllim, mövcud hesabat barədə nə deyə bilərsiniz?
- Bu təşkilat 2004-cü ildə İstanbul fəaliyyət planı çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mütəmadi olaraq dəyərləndirmə həyata keçirib və öz tövsiyələrini verib. Bu, artıq ikinci dəyərləndirmə idi. Azərbaycan bu dəyərləndirməyə daxil olan ölkələr arasında birinci dövlət oldu ki, ikinci dəyərləndirmədən keçdi. OECD-nin hesabatında da göstərildiyi kimi Azərbaycan bu tövsiyələri uğurla həyata keçirib. Hesabatda xüsusilə ASAN xidmət mərkəzlərinin yaradılması çox əhəmiyyətli irəliləyiş kimi göstərilib və məişət korrupsiyasının qarşısını alan böyük bir dəyişiklik kimi qiymətləndirilib. Eyni zamanda bu istiqamətdə digər dövlətlərin də bu modeldən istifadə etməsi vurğulanıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təmin edilməsi üzrə tədbirlər, onun modeli və ona xüsusi olaraq korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyəti səlahiyyətlərinin verilməsi mütərəqqi təcrübə kimi göstərilib. Bu dəyərləndirmədə ölkənin təqdirəlayiq hesab edilməsi bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə atılan addımlar düzgün istiqamətdədir.
- Sizcə, hesabatda qeyd edilən irəliləyişlər nə ilə bağlıdır?
- Bu irəliləyişlər təbii olaraq Azərbaycanda aparılan islahatlarla, ölkədə korrupsiyaya qarşı mübarizədə siyasi iradənin olması, bu istiqamətdə siyasətin hərtərəfli, geniş miqyasda həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan "ASAN xidmət" mərkəzləri vətəndaşlara qısa müddət ərzində vahid məkandan keyfiyyətli, rahat, heç bir korrupsiya və ya digər neqativ hallar olmadan dövlət xidmətlərini göstərir. "ASAN xidmət" mərkəzləri fəaliyyətə başladığı gündən onun xidmətlərindən istifadə etmək üçün 500 mindən artıq vətəndaş müraciət edib. ASAN xidmət həm yüksək səviyyədə vaxta qənaətdir, həm də, korrupsiyanın qarşısının alınması ilə bağlı həyata keçirilən bir modeldir. Elektron hökumətə keçidlə bağlı bütün bu həyata keçirilən məsələlər qanunvericiliyə dəyişikliklər edilməsi, korrupsionerlərin cinayət məsuliyyətinə cəlb edilməsi, korrupsiyaya qarşı mübarizədə irəliləyişlər olduğunu göstərir. Bütün bunlar sübut edir ki, ölkəmizdə korrupsiyanın qarşısının alınması ilə bağlı hərtərəfli tədbirlər həyata keçirilir və bu aparılan siyasətin nəticəsində, belə uğurlu hesabatlar özünü göstərir.
- Sizcə bu hesabatın nəticələri Azərbaycanın nüfuzuna nə dərəcədə təsir edir?
- Artıq bir çox təşkilatlar Azərbaycanda müsbət dəyişikliklərin olması ilə bağlı fikirlər səsləndiriblər. Korrupsiya istənilən ölkədə var, bu bir fenomendir, bütün dünyada yayılıb. Sadəcə olaraq, ona qarşı mübarizənin müsbət nəticələr göstərilməsi vacibdir. Bizim ölkə də artıq bu uğura imza atıb. Noyabr ayında OECD-nin rəhbəri Azərbaycana gələcək və hesabatı ölkə rəhbərinə təqdim edəcək. Bu təbii olaraq, Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə gətirib çıxarır və bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə davamlı və geridönməz bir xarakter alıb.
- Müxalifət nümayəndələri ümumiyyətcə korrupsiya ilə bağlı aparılan işləri inkar edir. Buna münasibətiniz necədir?
- Dünyanın hər yerində müxalifət hər zaman aparılan işlərlə bağlı fərqli bir mövqe nümayiş etdirir. Çox zaman isə bu işlərin dəyərini azaltmağa çalışır və aparılan islahatlara qərəzli şəkildə yanaşır. Xüsusilə, Azərbaycan müxalifəti bu sahədə hər zaman “ölkədə heç nə düzəlməyib”, “heç nə düzələn deyil”, “korrupsiya davam edəcək” kimi fikirlər səsləndirirlər. Amma özləri elə hər gün korrupsiyanın azaldılması nəticəsində yaradılan qurumlardan istifadə edirlər və bunu hər yerdə qeyd edirlər. Görülən işləri qeyd etməmək hesab edirəm ki, məsələlərdən düzgün nəticə çıxarmamaqdan irəli gəlir. Xüsusilə də seçki ərəfəsində hökuməti tənqid etmək, hökumətin gördüyü işlərin çəkisini azaltmaq üçün belə fikirlər səsləndirirlər. Amma düzgün qiymətləndirmə aparan şəxslər nəyin necə baş verməsini görürlər və qiymətləndirirlər. Azərbaycanda bu gün korrupsiyaya qarşı aparılan mübarizəni hətta beynəlxalq təşkilatlar da qiymətləndirməyə başlayıb.
- Korrupsiya ilə mübarizədə gələcək planlar necədir?
- Prezident öz çıxışında korrupsiyanın miqyasının məhdudlaşdırılması istiqamətində tədbirlərin daha da genişləndirilməsi və korrupsionerlərin cəzalandırılması ilə bağlı öz mesajlarını verdi. Bu da korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində yeni tədbirlərin həyata keçirilməsi ilə müşahidə olunacaqdır. Prezident özü də bildirdi ki, ölkədə korrupsiyanın meydanını daraltmaq lazımdır. Gələcəkdə korrupsiyaya qarşı mübarizədə inzibati tədbirlər daha da gücləndiriləcək, maarifləndirilmə prosesləri davam etdiriləcək və ən əsası, elektron hökumət sistemi tamamilə inkişaf etdiriləcək və ASAN xidmət mərkəzləri bütün ölkəni əhatə edəcək. Bu siyasət ölkədə antikorrupsiya siyasətinin tamamilə ləğv edilməsinə gətirib çıxara bilər.
Aygün Cəfərli
banner

Oxşar Xəbərlər