Azərbaycanda korrupsiya: mübarizədən əvvəl və sonra...  ARAŞDIRMA

Azərbaycanda korrupsiya: mübarizədən əvvəl və sonra... ARAŞDIRMA

Cəmiyyət
04 Dekabr 2012, 14:52 1955
““Azəravtoyolservis” Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında avtomobil tuneli və yeraltı piyada keçdi inşa olunacağı ilə bağlı məlumat yayıb. Problem ondadır ki, 2008-2011-ci illərdə həmin prospektin yenidən qurulmasına 91,5 milyon manat xərclənib. Həmin vəsaitin 50 milyon manatı 2 körpünün (Bağırov və Keşlə körpüləri) yenidən qurulmasına, 40 milyon manatdan artıq hissəsi isə bütövlükdə prospektin abadalaşdırılmasına, o cümlədən yenidən asfaltlanmasına xərclənib”. Bu cümlələr iqtisadçı ekspertlərdən birinin facebook səhifəsində paylaşılıb.
Ekspert narahatdır ki, yeni avtomobil tunelinin tikintisi zamanı həmin asfalt örtüyünün müəyyən hissəsi deformasiyaya uğrayacaq və yenicə çəkilmiş yolu təzədən bərpa etməyə ehtiyac yaranacaq: “Niyə bütün prospekti təmir edib, bu işə 100 milyon dollardan çox vəsait xərcləyəndən sonra yadlarına düşüb ki, orada yeraltı avtomobil tunelinə, yerüstü piyada keçidinə ehtiyac varmış?”

Statusu oxuyanda istər-istəməz, ötən ilin yanvarından başlamış korrupsiyaya qarşı mübarizə ağla gəlir. Hansı nəticələr əldə olunub? Birbaşa dövlət başçısının təşəbbüsü və ciddi səyi nəticəsində başladılan bu mübarizə müxtəlif istiqamətlərdə aparılır. Elektron hökumət quruculuğu sayəsində məmurlarla vətəndaşların birbaşa ünsiyyətinin azaldılmasından tutmuş, edilən müraciətlərin ciddi araşdırılmasına, həbslərə qədər tədbirlər həyata keçirilir. Lakin görünən odur ki, bir sıra sahələrdə hələ də rüşvət və korrupsiya qalmaqdadır. Yeri gəlmişkən, bəzən rüşvət və korrupsiya dedikdə, bunların ikisi də eyniləşdirilir, odur ki, loru dillə də olsa, yazının girişində hər iki ifadənin mənasını açmağı özümüzə borc bilirik. Beləliklə, rüşvət hər hansı qanuni (və yaxud qanunsuz) işin görülməsi üçün vəzifəli şəxsə verilən pul və yaxud qiymətli əşyadır. Korrupsiya isə büdcədən konkret məqsədlərlə ayrılmış vəsaitin mənimsənilməsidir. Hər iki hal yalnız dövlət sektorunda deyil, özəl sektorda da baş verə bilər.
Qayıdaq mübarizənin nəticələrinə, məsələylə bağlı bir neçə ekspertin münasibətini təqdim edirik.

Fəzail Ağamalı: “Qanunları pozan məmurları nöqsanları aradan qaldırmağa çağırıram”

Milli Məclisin deputatı Fəzail Ağamalı hesab edir ki, korrupsiyaya qarşı mübarizə uzun sürən prosesdir: “Bu problemlə ardıcıl, sistemli mübarizə aparmaq lazımdır. Həm inzibati yollarla, həm də rüşvəti, korrupsiyanı doğuran səbəblərin aradan qaldırılması yolu ilə mübarizə aparılmalıdır. Mübarizə bu iki istiqamətdə getməlidir. Bilirsiniz ki, dövlət başçısı daim korrupsiya və rüşvətə qarşı mübarizənin vacibliyini önə çəkir. Prezident İlham Əliyev cəmiyyətdə rüşvət və korrupsiyaya qarşı mübarizədə son dərəcə ardıcıl xətt götürüb. Bu mübarizədə iradəsini ortaya qoyub. Bu, Azərbaycanın bu günü və sabahına yönələn istiqamətdir. Hər şeyi prezidentin üstünə atmaq ədalətsizlik olardı. Rüşvətlə, korrupsiya ilə hər bir Azərbaycan vətəndaşı mübarizə aparmalıdır. Vətəndaş nə rüşvət verən, nə də alan olmalıdır. Bununla cəmiyyəti sağlamlaşdırmaq lazımdır”.

Millət vəkili aparılan mübarizənin bəzi sahələrdə nəticəsiz olması haqda deyilənlərlə qismən razılaşır: “Bəli, Azərbaycanda məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya halları var. Ayrı-ayrı məmurların süründürməçiliyi, öz korporativ maraqlarını önə çəkməsinin vətəndaşlara problem yaradır və mən qanunları pozan məmurları nöqsanları aradan qaldırmağa çağırıram. Ölkə başçısı da bütün müşavirələrdə, rəsmi yığıncaqlarda, vətəndaşlarla görüşlər zamanı rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizəni önə çəkib, məmurlara bürokratiyadan uzaq olmaları üçün xəbərdarlıq edib. Prezident dəfələrlə çıxışlarında vəzifəli şəxslərə xəbərdarlıq edib ki, vəzifədən heç kim sui-istifadə etməsin, süründürməçiliyə yol verməsin. Rəsmi mətbuatda da dəfələrlə məmur özbaşınalığı ilə bağlı məqalələr dərc olunub. Qanunsuzluğa yol verən məmurlar, özünü hamıdan üstün görən vəzifəli şəxslər nəticə çıxarmalıdırlar və mən düşünürəm ki, artıq onların əksəriyyəti bu nəticəni çıxarıblar. Hər kəs mənimlə razılaşar ki, indi əvvəlki qədər problemlər mövcud deyil. Bir müddətdən sonra isə vəziyyət tam düzələcək, mən buna əminəm”.

Əliməmməd Nuriyev: “Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə bir məmur müqaviməti var”

“Korrupsiyaya qarşı mübarizə aparan strukturların cəmiyyətlə möhkəm birliyinə ehtiyac var” deyən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, bu prosesdə ən vacib məsələlərdən biri əhalini görülən işlərin nəticəsinə inandırmaqdır: “Prezident bu tədbirlərin ardıcıl xarakter daşıyacağını dəfələrlə vurğulayıb. Vətəndaşlar, fiziki və hüquqi şəxslər də dəvət edilib ki, korrupsiya ilə bağlı məlumatlar müvafiq strukturlara çatdırılsın. Həmçinin mərkəzi icra orqanlarında elektron xidmətin göstərilməsi ilə atılan addımlar bu işlərin davamlı olacağına növbəti sübutdur. Çünki bir çox dövlət orqanının fəaliyyətində və göstərdikləri xidmət zamanı vətəndaş-məmur təmaslarının minimuma endirilməsi çox vacib olan məsələlərdən biridir. Bu, korrupsiyaya qarşı mübarizənin effektini artırır. Bu baxımdan dövlət orqanlarının göstərdikləri xidmətlərin internet üzərində həyata keçirilməsi məmur-vətəndaş təmaslarını xeyli dərəcədə azaldır”.

Ə.Nuriyevin sözlərinə görə, bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə bir məmur müqaviməti var. Ekspert hesab edir ki, bunun qarşısının alınması üçün korrupsiyaya qarşı mübarizə aparan strukturların cəmiyyətlə möhkəm birliyinə ehtiyac var: “Vətəndaş cəmiyyəti və media da bu istiqamətdə daha mühüm rol oynaya bilər. Amma bu günədək vəzifəli şəxslərin gəlir deklarasiyasını təqdim etməsi məsələsi reallaşmayıb. Hesab edirəm ki, bu alətin də artıq reallaşdırılmasına ehtiyac var. Ümid edirik ki, yaxın vaxtlarda məmurlar tərəfindən gəlirləri barədə məlumatın verilməsinin şahidi olacağıq. Amma burada məsələ təkcə gəlirlər barədə məlumatın verilməsi deyil. Vəzifəli şəxslər gəlir deklarasiyasını verməklə yanaşı, həmin məlumatları cəmiyyətə açıqlamalıdır. Bu məlumatlar müvafiq internet səhifəsində yerləşdirilməlidir ki, hər bir vətəndaş onunla tanış olmaq imkanı əldə etsin. Yalnız bu halda gəlir deklarasiyasının səmərəli olacağına inanmaq olar”.

Ə.Nuriyev deyir ki, bəzi dövlət qurumlarında korrupsiya faktları tamamilə yığışdırılıb: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının fəaliyyətinin tamamilə şəffaf olduğunu söyləyə bilərəm. Hər iki qurumun fəaliyyətini istənilən vətəndaş izləyə bilər. Sahibkarlıq subyektlərinin qeydə alınması ilə bağlı da korrupsiya faktları yoxdur. Dövlət Gömrük Komitəsinin fəaliyyətində də müəyyən irəliləyiş var. Lakin bir sıra dövlət qurumlarında korrupsiya faktlarına hələ də rast gəlinir. Adlarını çəkdiyim qurumların fəaliyyəti onlar üçün də nümunə ola bilər”. Ekspertin sözlərinə görə, məmurların vətəndaşlarla davranış məsələlərində hələ də ciddi nöqsanlar var və onlar aradan qaldırılmalıdır.

Rövşən Ağayev: “Xüsusilə məmurların gəlir deklarasiyası məsələsi reallaşmalıdır”

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, korrupsiyaya qarşı mübarizə ilk başlayanda dəyişikliklər oldu: “Lakin sonradan, demək olar ki, vəziyyət əvvəlkinin eynidir. Məsələn, mən özüm son vaxtlarda torpaq və ev tikintisi üçün aidiyyatı dövlət orqanlarına müraciətlər etmişəm, görürəm ki, vəziyyət dəyişməyib. Yol polisinin fəaliyyətində, xüsusilə sürücülük vəsiqələrinin verilməsində, avtomobillərin qeydiyyatında bir ara müəyyən müsbət dəyişikliklər oldu, amma sonradan yenə hər şey əvvəlki vəziyyətinə qayıtdı. Bilirsiniz, korrupsiya ilə mübarizədə təkcə çağırış kifayət deyil, bu proses institusional tədbirlər tələb edir. Gəlir deklarasiyası, xüsusilə məmurların gəlir deklarasiyası məsələsi reallaşmasa, korrupsiya ilə mübarizə istənilən effekti verməyəcək. Bu sistem işləsə həm məmurlar korrupsiya yolu ilə qazandıqlarını xərcləmək imkanında olmayacaqlar deyə qazanmaq üçün də çox çalışmayacaqlar, həm də görəcəklər ki, hökumət korrupsiyaya qarşı mübarizədə məqsədlidir, ona görə də çəkinəcəklər”.

Həbibə ABDULLA