AZE | RUS | ENG |

Azərbaycanda kişilər də doğuşda iştirak edə bilər ARAŞDIRMA

Azərbaycanda kişilər də doğuşda iştirak edə bilər ARAŞDIRMA
Qanunlarımız rəsmən buna icazə verir

"Həyat yoldaşımın doğuş zamanı yanımda olmasını çox istərdim. Bir övladım var, biri də olacaq. Doğuş zamanı yoldaşımın əlimdən tutması, onu yanımda hiss etməm kifayətdir. Birinci uşağımı Türkiyədə dünyaya gətirmişəm və yoldaşım da əməliyyatda iştirak edib. Amma ikinci uşaq üçün Azərbaycanda dövlət xəstəxanalarından biri ilə danışmışam. Onlar da deyirlər ki, yoldaşıma doğuşda iştiraka icazə verilməsi mümkünsüzdür. Özəllərdə də bunun üçün ayrıca pul istədiklərindən doğuşda tək olmaq məcburiyyətində qalacam”.

Bu sözləri bizimlə söhbətində ikinci uşağa hamilə olan Zəminə İsmayılova bildirdi. O, Türkiyədəki sistemin Azərbaycana gətirilməsini istədiyini dedi:
"Orada hətta doğuşdan sonra bizə ayrıca palata verildi. Palatanı qızımız olmuşdu deyə, qırmızı ilə bəzədik, həyat yoldaşım da otağa buraxıldı. Bunun üçün ayrıca xidmət haqqı da alınmadı. Amma Azərbaycanda bilmirəm niyə hər şey pulla ölçülür. Axı, bu, doğuşa girən ananın istəyidir. Mən həyat yoldaşım yanımda olanda özümü daha güvənli hiss edirəm. Həm də o, mənim necə ağrı çəkdiyimi görür, hiss edir və sonra uşağı saxlamaqda əlindən gələn köməyi edir, xüsusi diqqət, qayğı göstərir. Amma doğuşda iştirak etməyən kişilər hesab edirlər ki, 10-15 dəqiqəlik sancıdır, gəlib keçir”.

"Necə yəni, həyat yoldaşı da doğuşda iştirak edə bilərmi?”

Qeyd edək ki, 2007-ci ildə səhiyyə nazirinin əmri ilə Azərbaycanda da doğuş zamanı qadının yaxınlarından bir nəfərin əməliyyatda iştirakına icazə verilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, bu xidmət pulsuzdur. Amma əlaqə saxladığımız dövlət xəstəxanalarında doğuşda xəstənin yaxınlarının iştirakının mümkünsüz olduğunu dedilər. Hətta 7 saylı Doğum Evindən sualımıza təəccübləndilər də: "Yox, yox, nə danışırsız. Belə şey ömründə ola bilməz. Necə yəni, həyat yoldaşı da doğuşda iştirak edə bilərmi?”

2, 4 və 5 saylı doğum evlərindən də xəstənin hər hansı yaxının əməliyyatda iştirakına icazə verilmədiyini dedilər. 4 saylı xəstəxanada bunu adət-ənənə ilə əlaqələndirdilər.

Yalnız Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirdilər ki, doğuş zamanı yaxınlardan kimsə, ana, bacı, yaxud həyat yoldaşı iştirak edə bilər: "Seçimi qadın özü edir”. İnstitutdan bildirdilər ki, elə olur ki, ay ərzində 10-a yaxın ata doğuş əməliyyatına qatılır.

Kişilər doğuş üçün 300 manat ödəməlidir

Dövlət xəstəxanalarının əksəriyyətindən fərqli olaraq, Leyla Şıxlinskayanın Klinikasından bildirdilər ki, əməliyyatda yalnız qadının həyat yoldaşı iştirak edə bilər. Ancaq doğuş xərcindən əlavə, həyat yoldaşının iştirakının da xərci var. Bunun üçün əlavə 300 manat ödənilməlidir.

Mərkəzi Klinik Xəstəxanada uşaq dünyaya gətirmək istəyən anaların həyat yoldaşları əməliyyatda iştirak edə bilər. Bunun üçün 300 manat xidmət haqqı ödənilməlidir. Ancaq, xərc bununla bitmir, əməliyyatda iştirak etmək istəyən atalığa namizəd analizlər üçün təxminən 100 manata yaxın pul xərcləməlidir.

Doğuşda iştirak edən ata

Psixoloq Dəyanət Rzayev ata olarkən xanımı ilə birlikdə əməliyyatda iştirak etdiyini bildirdi. Övladlarının Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda dünyaya gəldiyini bildirən psixoloq ondan fərqli olaraq başqalarının həyat yoldaşlarının doğuşda iştirakına əngəl yaradıldığını dedi: "Amma məndə heç bir maneə olmadı. Çünki hüquqlarınmı bildiyimi hiss etdilər”.

D.Rzayev hesab edir ki, dövlət xəstəxanalarında sovet ənənələri davam etdiyindən inkişaf bu xəstəxanalara hələ gəlib çatmayıb: "Dövlət xəstəxanalarındakı 70 illik sovet adət-ənənəsini dəyişmək çox çətindir. Digər tərəfdən, bu xəstəxanalarda yaşlı ginekoloqlar çalışdıqlarından onlar uzun illik ənənəni poza bilmirlər. Həm də bu cür ginekoloqlar düşünürlər ki, əməliyyatın ağası onlardır və qayda-qanunu səhiyyə naziri deyil, onlar qoyur”.

Psixoloq təhlükəli doğuş zamanı atanın iştirakını təhlükəli sayır: "Çünki həyat yoldaşının çətin vəziyyətdə olduğunu görən kişi əməliyyata müdaxilə etməyə çalışa bilər. Bu zaman vəziyyət daha da pisləşə bilər”.

"Uşaqla ata arasında əlaqə yaranır”

Normal doğuşlarda atanın iştirakının qəbuledilən olduğunu deyən psixoloqun fikrincə, bu, atanın istəyindən asılıdır:

"Amma atanı buna məcbur etmək olmaz. Çünki elə kişilər var ki, iştirak etməyə ürək etmirlər və doğuş əməliyyatında həyat yoldaşının çəkdiyi ağrılar ona psixoloji cəhətdən pis təsir edə bilər və ömür boyu onun beynində qalar. Amma əməliyyatda iştirak etmək istəyənlərə də şərait yaratmaq lazımdır. Çünki yoldaşının onunla birgə olması qadına mənəvi dəstəkdir. Bu, onların sonrakı ailədaxili münasibətlərinə də yaxşı təsir edə bilər. Birgə yaşadıqları həyəcan, qorxu, uşaq olandan sonrakı sevinc hissləri cütlüyü bir-birinə daha da yaxınlaşdırır, doğmalaşdırır, hətta uşağa qulluq prosesində ər arvada yaxından kömək etməyə çalışır. Digər tərəfdən, uşaqla ata arasında da əlaqə yaranır. İnanılmaz görünsə belə, uşaq atasının otaqda, anasıyla birgə olduğunu hiss edir”.

"Həyat yoldaşımın o vəziyyətdə məni görməsini istəmirəm”

2 saylı Qadın məsləhətxanasının həkimi Xalidə İsmayılzadə bütün atalığa namizədlərin əməliyyatda iştirakının mümkünsüz olduğunu bildirdi. Dedi ki, atalığa namizəd ilk növbədə xanımının çəkdiyi ağrılara hazır olmalıdır: "Hər bir insan unikaldır. Doğuşda iştirak edən kişilərin təəssüratları onların sayı qədər müxtəlifdir. Elə kişilər var ki, xanımlarına dəstək ola bilərlər, elələri də var ki, hətta həyəcanlanıb problem yarada, həkimin işinə müdaxilə edə bilərlər”.

Çox az qadının əməliyyat zamanı həyat yoldaşlarının onlarla birgə olmasını istədiyini deyən həkim-ginekoloq bütün kişilərin doğuşda iştirakını məsləhət görmür:

"Düzdür, doğuş zamanı həyat yoldaşı qadınla birgə olanda analığa namizədlər özlərini daha yüngül, az ağrılı, güvəndə hiss edirlər. Amma bu da qadından asılıdır. Bəzi qadınlar estetik cəhətdən xoşagəlməz olduğuna görə yoldaşlarının onları əməliyyat zamanı görmələrini arzulamırlar. Hətta belə düşünənlər var ki, bu, sonradan onların yataq münasibətlərinə mənfi təsir göstərə bilər. Bəzi ailələlər isə sırf adət-ənələrimiz baxımından bunun mümkünsüz olduğunu düşünürlər”.

3 övlad sahibi olan və 4-cü uşağı gözləyən Cəmalə Yusifli fikirləşir ki, kişilərin doğuşda iştirakı yersizdir:

"Əməliyyat zamanı qadın özündə olmur və proses özü xoşagəlməzdir. Buna görə də həyat yoldaşımın o vəziyyətdə məni görməsini istəmirəm. Düşünürəm ki, onda mənə qarşı maraq ölə bilər. Bir də ki, doğuş ağrısı elə bir ağrıdır ki, proses bitəndən sonra o ağrının necə olduğu beyindən silinir. Qadın fikirləşsə də, necə ağrı çəkdiyini xatırlaya bilmir. Bunu alimlər təsdiqləyib”.

Lalə Musaqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6545
GBP 1 İngilis funt sterlinqi 2.1703
TRY 1 Türk lirəsi 0.2459
KWD 1 Küveyt dinarı 5.6031
SEK 1 İsveç kronu 0.1864
EUR 1 Avro 1.9383
CHF 1 İsveçrə frankı 1.7097
USD 1 ABŞ dolları 1.7000