• çərşənbə, 24 Aprel, 07:33
  • Baku Bakı 13°C

Azərbaycanda kənd təsərrüfatı siyahıya alınacaq

08.01.14 09:22 1327
Azərbaycanda kənd təsərrüfatı siyahıya alınacaq
APA-nın verdiyi məlumata görə, qərara əsasən kənd təsərrüfatının və kənd təsərrüfatına xidmət edən sahələrin inkişafı ilə bağlı həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatının dinamikası, strukturu, inkişaf meylləri, maddi-texniki bazası haqqında ətraflı məlumatların əldə edilməsi məqsədilə 2015-ci il iyunun 1-dən 30-dək Azərbaycan Respublikasında sorğu yolu ilə iyunun 1-i vəziyyətinə kənd təsərrüfatının siyahıya alınması keçiriləcək.
2015-ci ilin kənd təsərrüfatının siyahıya alınmasının proqram layihəsini, təşkilati və metodoloji məsələlərini, siyahıyaalma materiallarının işlənməsi texnologiyasını sınaqdan keçirmək məqsədilə 2014-cü ilin iyun ayı ərzində Quba rayonunda sınaq siyahıya alınması keçiriləcək. Kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq işlərinin aparılması, onun keçirilməsi, materialların işlənib yekunlaşdırılması və nəticələrinin nəşr edilməsi Dövlət Statistika Komitəsinə və yerli statistika orqanlarına həvalə edilib.
Kənd təsərrüfatının siyahıya alınması mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfatlarda aparılacaq. Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesablamalar əsasında kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq, onun keçirilməsi, materiallarının işlənməsi, yekunlarının təhlil olunması və nəşr edilib yayılması üçün zəruri olan avadanlıq və digər texniki vasitələrin alınmasını, cəlb ediləcək işçilərin əməyinin ödənilməsini və digər təşkilati məsələlərin həll edilməsini təmin etmək məqsədilə 2014-2015-ci illərin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulacaq. Dövlət Statistika Komitəsinə kənd təsərrüfatının siyahıya alınmasına hazırlığı, onun keçirilməsini, materiallarının işlənməsini və yekunlarının nəşr edilməsini təmin etmək məqsədi ilə 2014-2015-ci illər üzrə təsdiq edilmiş ştat cədvəlinə əsasən hər il müvəqqəti işçilər cəlb etməyə icazə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Statistika Komitəsinin təqdimatına əsasən kənd təsərrüfatının siyahıya alınmasının keçirilməsi üçün cəlb ediləcək işçilərin əməyinin ödənilməsi məbləğlərini və qaydalarını 2 ay müddətində hazırlayıb təsdiq etməlidir. Məşğulluq xidmətlərində iş axtaran və işsiz kimi qeydə alınmış ali və orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisləri, kənd təsərrüfatı ixtisası üzrə təhsil alan ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və digər peşə ixtisası olan vətəndaşlar kənd təsərrüfatının siyahıya alınmasına və sınaq siyahıya alınmasına cəlb ediləcək. Bu məqsədlə siyahıyaalma keçirilən müddətdə hər sayıcı üçün 100 təsərrüfat müəyyən ediləcək və əlavə olaraq 5 faiz miqdarında ehtiyat sayıcı nəzərdə tutulacaq. Hər 10 sayıcıya 1 təlimatçı-nəzarətçi təyin ediləcək.
Qərara əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanda kənd təsərrüfatının siyahıya alınmasına hazırlıqla və onun keçirilməsi ilə bağlı mütəmadi olaraq xüsusi verilişlər təşkil və siyahıyaalınma ilə əlaqədar həyata keçirilən tədbirlərin geniş işıqlandırılmasını təmin etməlidir. Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq dövründə və onun keçirildiyi vaxtda Dövlət Statistika Komitəsinə lazımi kömək göstərməlidirlər.
banner

Oxşar Xəbərlər