• cümə, 29 Mart, 11:55
  • Baku Bakı 5°C

Azərbaycanda inkişaf, Ermənistanda tənəzzül

11.10.14 10:33 1276
Azərbaycanda inkişaf, Ermənistanda tənəzzül
Oktyabrın 8-də Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının yekunları belə bir qənaətə gəlməyə imkan verir ki, bu il də tarixdə uğurlu il kimi qalacaq.
Son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin 2014-cü ilin doqquz ayı ərzində də dinamik inkişafını təmin edib. Lakin təəssüf ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişə nail olmaq mümkün olmayıb. İclasda geniş nitq söyləyən Prezident İlham Əliyev bunun başlıca səbəbini Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışında gördüyünü bildirib: «Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir».
Lakin göründüyü kimi, Ermənistan Minsk qrupunun bəyanatlarını heçə sayır və öz destruktiv mövqeyini dəyişmək niyyətində deyil. Ermənistanın bu cür saymazlığına isə bəyanat müəllifi olan ölkələr laqeyd yanaşır. Bu isə işğalçının öz mövqeyində daha da israr etməsinə imkan verməklə yanaşı, ümumilikdə Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin bərpa olunmasına maneçilik törədir. Halbuki, Qafqazda sülh region ölkələri ilə yanaşı, bütün dünya birliyi üçün mühüm əhəmiyyət kəsb edir.
İşğalçını öz adı ilə çağırmaq əvəzinə, bəzi Qərb dairələri əksinə, Azərbaycana təzyiq göstərməyə cəhd edir, Ermənistanla barışığa hesablanmış fəaliyyətə dəstək göstərirlər. Lakin Azərbaycan dövləti dəfələrlə öz birmənalı mövqeyini ortaya qoyaraq işğal faktı ilə heç zaman barışmayacağını, problemin ərazi bütövlüyü çərçivəsində həllində israr edəcəyini bildirib. Son müşavirədə də prezident İlham Əliyev Azərbaycanın kəskin və eyni zamanda ədalətə, beynəlxalq hüquqa söykənən mövqeyini ortaya qoyub: «Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bunlar məsələnin həlli üçün əsas sənədlərdir».
Prezidentin qeyd etdiyi kimi, dünyanın ən mötəbər qurumlarının məsələ ilə bağlı mövqeyi Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Lakin həmin qurumlar, xüsusilə BMT Təhlükəsizlik Şurası artıq neçə ildir ki, öz qərarlarının icrasına maraq göstərmir. Bu isə ölkəmizin həmin qurumlara deyil, yalnız öz gücünə arxalanmalı olması ilə bağlı acı gerçəyi ortaya qoyur. Məhz bu acı gerçəklik Azərbaycanı ordu quruculuğuna diqqət yetirməyə, müdafiə qabiliyyətini daim artırmaq istiqamətində ciddi addımlar atmağa vadar edir. Bunun da nəticəsidir ki, hazırda Azərbaycan ordusu dünyanın ən qüdrətli ordularından biridir. O, ən müasir silah-sursatla təmin olunub, beynəlxalq hərbi analitik mərkəzlərin rəylərinə görə, Ermənistan ordusundan qat-qat güclüdür. Ölkəmizin hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən 1,5 dəfə böyük olması da çox şeydən xəbər verir.
Azərbaycanın bu günkü inkişafı ilə Erənistanın tənəzzülü günün reallığıdır. İqtisadi cəhətdən əlbəttə ki, Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil. Nazirlər Kabinetinin son iclasında prezident İlham Əliyev Ermənistanın ağır iqtisadi, humanitar böhran keçirdiyinə, ölkədəki kriminal hakimiyyətin «sayəsində» ölkəni daha da acınacaqlı tale gözlədiyinə diqqət çəkib: «Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızdakı uçurum daha da dərinləşəcək. Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur. Çünki ölkə tənəzzülə uğrayıbdır. Nə qədər ki Ermənistanda kriminal diktatura rejimi hökm sürür, belə olacaqdır».
Məhz kriminal rejiminin apardığı siyasətin nəticəsidir ki, Ermənistan öz müstəqilliyini tamamilə itərərək for-posta çevrilib. Bu məqam müxtəlif müstəvilərdə Ermənistan hakimiyyətinin apardığı inamsız siyasi xəttin ucbatından baş verir. Son vaxtlar isə Avrasiya Birliyinə daxil olma prosesində bu ölkəyə göstərilən münasibət, iqisadiyyatın tamamilə Rusiyanın nəzarətinə keçməsi və s. Ermənistanın müstəqil bir dövlət kimi mövcud olmadığını, milli maraqlardan çıxış edən siyasət apara bilmədiyini bir daha ortaya qoyur. Bunun müqabilində isə Azərbaycan inkişaf edir. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən ölkəmizin kifayət qədər imkanları var və bu imkanlar durmadan artır.
Məhz Azərbaycanın sürətli inkişafı ölkəmizin öz milli maraqlarını daha inamla müdafiə etməsinə, prinsipial mövqeyini qoruyub saxlamasına imkan verir.
Dövlət başçısı iclasdakı nitqində Ermənistanın bölgədə təxribatla məşğul olduğunu bildirərək avqustun əvvəllərində təmas xəttində yaranmış gərginliyə də diqqət çəkib: «Üçüncü rübdə təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatına bizim hərbçilərimiz layiqli cavab vermişlər. Onlarla işğalçı məhv edilmişdir. Onlara böyük sarsıdıcı zərbə vurulmuşdur. Sadəcə olaraq onlar çalışırdılar ki, Soçi görüşü ərəfəsində özləri üçün daha da əlverişli mövqe əldə etsinlər. Ancaq onların səyləri iflasa uğradı və nəticə etibarilə erməni əsgərləri məhv edildi. Bunun da əsas günahkarı Ermənistanın kriminal rejimidir».
Prezident İlham Əliyev iki ölkə arasında demoqrafik vəziyyətlə bağlı da müqayisə apararaq Ermənistandakı acınacaqlı durum barədə danışıb: «Ermənistanın rəsmi statistikasına görə, təkcə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıbdır. Yəni 80 min erməni vətəndaşı ölkədən gedib və qayıtmayıb. Bu meyil ilin sonuna qədər davam edəcək və beləliklə, Ermənistanda 100 mindən artıq əhali azalacaqdır. Azərbaycan əhalisi isə artır və artacaq. Bu da öz növbəsində gələcəkdə münaqişənin həlli üçün və ümumiyyətlə, regional mənzərə üçün əsas rol oynayacaq».
Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsinin bir neçə səbəbi var: korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq. Əlbəttə ki, təmas xəttində son hadisələrdən sonra bu kütləvi köçün daha da geniş vüsət aldığı məlumdur. Ermənistan əhalisi yaxşı dərk edir ki, əgər Ermənistanın kriminal hakimiyyəti bir daha təxribata əl atsa, yenə də layiqli cavab alacaq. Bu isə yeni köç dalğasına təkan verəcək.
Beləliklə də doqquz ayın yekunları göstərir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ciddi irəliləyiş müşahidə olunmasa da, bu dövrdə qüvvələr nisbəti Azərbaycanın xeyrinə bir qədər də dəyişib. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Həmçinin ölkəmiz bu dövr ərzində yeni qlobal enerji layihələrinə start verməklə də Ermənistanın blokadasını möhkəmlədə bilib. Bütün bu amillər isə münaqişənin ədalətli şəkildə - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə olan inamı artırır.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər