Azərbaycanda ilk dəfə “Marketing MeetUP” 2017 - adlı tədbir keçirildi - Fotolar
AzMarektinq şirkəti və Beynəlxalq Təlim və Layihə Mərkəzinin
birgə dəstəyi ilə "Marketing MeetUP 2017” tədbiri təşkil olunub. Tədbirin təşkilində
məqsəd ölkədə baş vermiş marketinq hadisələrinin müzakirəsi, problemlərin
araşdırılması və eyni zamanda xarici praktikaya əsaslanan həll yollarının təklif
edilməsiydi.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Təlim və Layihə Mərkəzinin İcraçı direktoru Tariyel Dövlətov
qonaqları salamlayaraq, mərkəzin fəaliyyəti və bu tip tədbirin aktuallığından
danışıb. Daha sonra AzMarketinq Şirkətinin
Marketinq Direktoru və Biznes Konsultant Əyyub Qarabağlı "Biznesdə cari
marketinq problemləri və Autsoursinq” mövzusunda geniş çıxış edib. Azərbaycanın
biznes mühiti və bu mühitin marketinqə olan təlabatını geniş formada izah edən
Ə.Qarabağlı bu sahədə yaşanan autsoursinq problemlərindən danışıb. Bildirilib
ki, Azərbaycan biznes mühitində hələ yeni-yeni formalaşmağa başlayan marketinq
konsultasiya mədəniyyəti bir çox problemlərlə qarşılaşmaqdadır. Burada ən böyük
roblem sahibkarların bu xidmətin qiymətini dəyərindən aşağı qəbul etməsi, eyni
zamanda biznes etikasından uzaq davranışlara sahib olan "marketoloqlar”
eşalonun olmasıdır. Ə.Qarabağlı bu sahədə bütün sektorun birlikdə mübarizə
aparılmasının vacibliyini vurğulayıb.
Daha sonra SOCAR-ın
İxrac Marketinqi üzrə Mütəxəssisi, Marketinq Konsultant Seymur M. Quliyev 2
mövzuda - "Brendinq və İstehlakçı Davranışları” və "Azərbaycanda Təhsil Marketinqi” sahəsində
geniş təqdimat edib. S.Quliyev öz təqdimatında 2016-cı ilin marketinq trendləri,
yeni-yeni inkişafına qədəm qoymuş marketinq fəaliyyəti metodlarından məlumat
verib. Şəxsi brendinq, Dijital Marketinq və digər sahələrə toxunaraq, bu fəaliyyətin
yerli bazardakı problemləri geniş müzakirə olunub. Təhsil müəssisələrinin
marketinqi mövzusunda isə ali təhsil ocaqlarının vizyon və misyon problemləri,
standart təhsil ocağı anlayışından necə biznes qurumuna çevrilmə imkanları və
potensialından söz açan Seymur bəy burada xarici praktikaya əsaslanaraq, bir
çox nümunələr səsləndirib. Təhsil müəssisələrində idarəetmə, planlama və icra
problemlərinə toxunaraq bir çox müasir həll modelləri və buna aid praktik nümunələr
tədbir iştirakçılarına təqdim olunub.
Tədbirin ikinci hissəsində Jotun Norwey Şirkətinin Azərbaycan üzrə Nümayəndəsi Fərid Hacı,
"Bizneslərarası Marketinq” mövzusunda
praktik mövzularda çıxış edib. Burada əsas mövzu B2B görüşlərin təşkili, görüş
prosesi, satışın sonlandırılması və satışdan sonrakı mərhələ olub. Telemarketinq
hansı formada qurulmalı? Müştəriyə təklif hansı formada təqdim edilməli? Satış
prosesində rəqiblərinlə necə mübarizə aparılmalı? və s. bu kimi sualların
cavabı məhz bu çıxışda xüsusi həll yolları və nəzəri-praktik əsaslarla
iştirakçılara izah edilib. Mövzuda diqqət çəkən digər məqam isə itirilmək üzrə
olan müştərinin necə yenidən şirkətin sadiq müştərisi olmasını özündə əks etdirən
praktik nümunə olub: "Malınızı
satın, xidmətinizi hədiyyə edin!”
Daha sonra BSC
Group Şirkətinin Marketinq Departament Direktoru, PR konsultant Tural Abbaslı
"Azərbaycanda PR və aktual problemlər” mövzusunda öz fikirlərini bölüşdü.
Burada əsas diqqət çəkən məqam PR-İctimaiyyətlə əlaqələr anlayışının yalnış qəbul
olunmasından, eyni zamanda bu sahədəki funksional pozuntular olub. İstər dövlət,
istər özəl sektorda fəaliyyət göstərən müəssisələrin hələ də "Mətbuat
katibliyi” anlayışından müasir biznesin tələbi olan "İctimaiyyətlə əlaqələr”
anlayışına ad olaraq olsa da, fəaliyyət metodu olaraq keçid edə bilməməsi və
buna aid real problemlər səsləndirilib. Müasir PR-da KSM, müştəri xidmətləri və
sonda satışa təsir edə biləcək hallar geniş müzakirə olunub. Digər bir xüsusi məqam
isə PR-ın növləri və bu növlərin tətbiqi idi. Öz təcrübəsinə əsaslanan Tural
Abbaslı özəl sektorun qara PR kompaniyaları və bunlarla mübarizə yolları
haqqında fikirlərini qonaqlarla bölüşüb.
Tədbir
iştirakçılar və təlimçilərin qarşılıqlı dialoqları və müzakirələri ilə başa
çatıb. Qeyd edilib ki, bu tip tədbirlər davamlı olmalı və müasir biznesin əsas
funksiyası olan marketinqin sağlam təbliğinin vacibliyi üçün hər kəs birlikdə
bu sahəyə xidmət edərək müasir Azərbaycan iqtisadiyyatının daha sağlam
inkişafına öz dəstəyini verməlidir.